Azərbaycan rusiyalı turistlər üçün ən populyar yay tətili məkanlarının ilk üçlüyünə daxil olub.
NTV xəbər verir ki, “Kupibilet” xidmətinin araşdırmasına görə, Cənubi Qafqaz ölkələri, o cümlədən Azərbaycan, respondentlərin 18 faizi tərəfindən seçilib və region Rusiyanın Qara dəniz sahili və Afrika ölkələrindən sonra populyarlıq baxımından üçüncü yerdə qərarlaşıb.
Rusların təxminən dörddəbiri yay səyahətlərini tam və ya qismən sifariş edib, digər üçdəbiri isə planlaşdırma mərhələsindədir. Ümumilikdə, respondentlərin yarıdan çoxu (59 faiz) ya səyahətlərini sifariş edib, ya da tətil variantlarını fəal şəkildə araşdırır.
Respondentlərin 40 faizi tərəfindən seçilən avqust ayında turizm aktivliyinin pik həddi gözlənilir, iyul ayı onların 25 faizi, iyun ayı isə 18 faizi tərəfindən seçilib. Bəzi turistlər tətillərini sentyabrın əvvəlinə planlaşdırır.
Ekspertlər vurğulayırlar ki, MDB ölkələrinin populyarlığı onların əlçatanlığı, rahat logistikası və nisbətən aşağı səyahət xərcləri ilə bağlıdır.
