İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Ağdam Sənaye Parkında fəaliyyət göstərən “BAFCO İnvest” MMC 2026-cı ilin ilk yarısında Qazaxıstana 8 min cüt xüsusi təyinatlı işçi ayaqqabısı ixrac edib.
İZİA-dan NTV-yə bildirilib ki, müəssisə müxtəlif növ qoruyucu ayaqqabı və poliuretan çəkmələrin istehsalı üzrə ixtisaslaşıb.
2023-cü ilin mart ayında parkın rezidenti kimi qeydiyyata alınan şirkət Almaniya texnologiyalarının tətbiqi ilə tikinti, sənaye və digər sahələr üçün nəzərdə tutulan müxtəlif təyinatlı təhlükəsizlik ayaqqabıları istehsal edir. İnvestisiya dəyəri 10 milyon manatdan çox olan istehsal müəssisəsində hazırda 70 nəfərdən çox əməkdaş çalışır. İşçilərin əksəriyyəti Ağdam və ətraf rayonların sakinləridir.
Fabrik ildə 510 min cüt ayaqqabı istehsalı gücünə malikdir. Bunun da 350 min cütünü təhlükəsizlik ayaqqabıları, 160 min cütünü isə poliuretan çəkmələr təşkil edir. İstehsal olunan məhsulların 65 faizinin yerli, 35 faizinin isə xarici bazarlarda satışı nəzərdə tutulur.
Qazaxıstana həyata keçirilən ixrac şirkətin xarici bazarlarda satış coğrafiyasının genişləndirilməsi istiqamətində atdığı addımların tərkib hissəsidir. Yeni ixrac bazarlarına çıxış məqsədilə şirkət İtaliya, Portuqaliya, Kanada və Balkan ölkələrinə məhsul nümunələri göndərib və potensial tərəfdaşlarla əməkdaşlıq imkanlarını dəyərləndirir.
Şirkətin məhsul portfelində yer alan bütün modellər EN ISO 20345 və EN İSO 20347 beynəlxalq standartlarının tələblərinə uyğun sertifikatlaşdırılıb. Bu sertifikatlar məhsulların təhlükəsizlik, keyfiyyət və etibarlılıq göstəricilərinin beynəlxalq tələblərə cavab verdiyini təsdiq edir. Bununla yanaşı, BAFCO brendi Avropa İttifaqında da əmtəə nişanı kimi rəsmi qeydiyyatdan keçib. Bu, şirkətə Avropa bazarında öz brendi ilə fəaliyyət göstərmək, topdan və pərakəndə satışları həyata keçirmək, eləcə də beynəlxalq marketplace platformalarında məhsullarını təqdim etmək üçün geniş imkanlar yaradır.
İZİA-nın idarə etdiyi sənaye zonalarında sahibkarlar üçün rəqabətqabiliyyətli və cəlbedici investisiya mühiti yaradılıb. Rezidentlər dövlət vəsaiti hesabına yaradılmış müasir mühəndis-kommunikasiya infrastrukturu ilə təmin olunur. Bununla yanaşı, investorların fəaliyyətinin təşviqi məqsədilə vergi və gömrük güzəştləri tətbiq edilir. “BAFCO İnvest” MMC sənaye parklarında tətbiq olunmuş idxal, ƏDV və gömrük güzəştləri nəticəsində üç milyon manatdan çox vəsaitə qənaət edib.
Xatırladaq ki, Ağdam Sənaye Parkı Prezident İlham Əliyevin 28 may 2021-ci il tarixli Fərmanına əsasən yaradılıb. Sənaye parkı 190 hektar ərazini əhatə edir. Sənaye parkının yaradılmasında məqsəd işğaldan azad edilmiş ərazilərdə sənaye potensialının reallaşdırılması, sahibkarlığın inkişafının təşviqi, investisiyaların cəlb edilməsi və dayanıqlı məşğulluğun təmin olunmasıdır.
