satellite   Azerspace-1: 11135 H 30000

Aqrar təyinatlı torpaqlarda müvəqqəti tikililər barədə məlumatlandırma qaydaları təsdiqlənib

Aqrar təyinatlı torpaqlarda müvəqqəti tikililər barədə məlumatlandırma qaydaları təsdiqlənib

Prezident İlham Əliyev "Kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa edilməsi və ya quraşdırılması nəzərdə tutulan müvəqqəti tikililər barədə məlumatlandırma Qaydaları"nı təsdiqləyib.

NTV xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Qaydalar Torpaq Məcəlləsinə, Şəhərsalma və Tikinti Məcəlləsinə və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq hazırlanmışdır və kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkili məqsədilə inşa edilməsi və ya quraşdırılması nəzərdə tutulan müvəqqəti tikililər barədə məlumatlandırma mexanizmini (vahid uçotun aparılmasını) müəyyən edir.

Kənd təsərrüfatının səmərəli təşkil edilməsi məqsədilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçisi (onun yazılı razılığı ilə istifadəçisi və ya icarəçisi) Bakı şəhərinin, həmçinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhatə etdiyi şəhər və rayonların inzibati ərazilərində Dövlət Şəhərsalma və Arxitektura Komitəsini, digər inzibati ərazi vahidlərində isə yerli icra hakimiyyəti orqanlarını Qaydalara uyğun olaraq məlumatlandırmaqla, kənd təsərrüfatı təyinatlı torpaqlarda Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.16-cı maddəsinin tələblərinə uyğun müvəqqəti tikililər, yəni torpaq üzərində yerləşdirilən, qısa müddətdə, o cümlədən tikinti müddətində istifadə üçün nəzərdə tutulan, yüngül inşaat konstruksiyalarından inşa edilən və asanlıqla quraşdırılıb-sökülən tikili inşa edə və quraşdıra bilər.

Nazirlər Kabineti fərmandan irəli gələn məsələləri həll etməlidir.

Dövlət başçısı həmçinin 27 dekabr 2023-cü il tarixli fərmanı ilə təsdiq edilmiş "Şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin Əsasnaməsi"ndə dəyişiklik edib.

Dəyişikliyə əsasən, məlumatlandırma mexanizmi sahəsində:

- sifarişçi tərəfindən Torpaq Məcəlləsində nəzərdə tutulmuş müvəqqəti tikililər barədə məlumatlandırılan orqana məlumatların və sənədlərin təqdim edilməsi;

- məlumatlandırılan orqan tərəfindən müvəqqəti tikililərin vahid uçotunu aparmaq məqsədilə müvafiq məlumatların və sənədlərin elektron qaydada Tikintilərin Dövlət reyestrinə ötürülməsi;

- Tikintilərin Dövlət reyestrində müvəqqəti tikililər barədə məlumatlar və sənədlər təhlil edildikdən sonra sənədlər tam olduğu halda müvəqqəti tikililərə dair məlumatların reyestrdə uçota alınması və bu barədə sifarişçiyə sistem vasitəsilə dərhal bildiriş göndərilməsi, sənədlər tam olmadığı halda isə onların tamamlanması üçün zəruri hərəkətlər barədə məlumatlandırılan orqana və sifarişçiyə məlumat göndərilməsi;

- məlumatlandırılan orqan tərəfindən müvəqqəti tikili barədə məlumatların və sənədlərin sistem vasitəsilə Elektron Hökumət İnformasiya Sistemi üzərindən İqtisadiyyat Nazirliyinə, Kənd Təsərrüfatı Nazirliyinə və Fövqəladə Hallar Nazirliyinə ötürülməsi;

- məlumatlandırılan orqanı məlumatlandırmaqla, sifarişçi tərəfindən müvəqqəti tikilinin sökülməsi barədə məlumatların Tikintilərin Dövlət reyestrinə ötürülməsi nəzərdə tutulur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM