Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda rəsmi səfərdə olan Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirza ilə görüşüb, iki ölkə arasında hərbi əməkdaşlığın yeni perspektivləri müzakirə edilib.
Bu barədə NUHÇIXAN-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Nazirlikdə keçirilən rəsmi qarşılanma mərasimində fəxri qarovul dəstəsinin önündən keçiddən sonra hər iki ölkənin Dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.
General-polkovnik Z.Həsənov qonaqları salamlayaraq onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib: "İki ölkə arasında hərbi əlaqələr dostluq və qardaşlıq münasibətləri üzərində qurulub. Azərbaycan, Pakistan və Türkiyə arasında həyata keçirilən ikitərəfli və üçtərəfli hərbi əməkdaşlığın daha da genişləndirilməsi əhəmiyyətlidir".
Müdafiə naziri Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti ilə bağlı Pakistan nümayəndə heyətini məlumatlandırıb.
General S.Ş.Mirza Azərbaycan-Pakistan hərbi əməkdaşlığının inkişaf etdirilməsində qarşılıqlı səfərlərin vacibliyini diqqətə çatdırıb.
Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadovun da iştirak etdiyi görüşdə həmçinin ölkələr arasında hərbi, hərbi-texniki, hərbi-təhsil sahəsində əməkdaşlığın yeni perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Daha sonra müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Pakistan nümayəndə heyəti ilə görüşüb.
Baş Qərargahda keçirilən görüşdə ölkələr arasında hərbi əməkdaşlığın cari vəziyyəti müzakirə edilib və daha da möhkəmləndirilməsi istiqamətində həyata keçiriləcək tədbirlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Azərbaycan-Pakistan-Türkiyə ikitərəfli və üçtərəfli birgə təlimlərinin intensivliyinin artırılmasının zəruriliyi qeyd edilib, eləcə də qarşılıqlı əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.