Heydər Əliyev Azərbaycan dilini Konstitusiya ilə əbədiləşdirdi

Heydər Əliyev Azərbaycan dilini Konstitusiya ilə əbədiləşdirdi

 “Dil, dil, bir də dil... Dili inkişaf etdirməliyik. Mən demişəm və bu gün də deyirəm. Bizim gənclərə deyirəm ki, rus dilini yaxşı bilin, ingilis, fars, ərəb, fransız dillərini də yaxşı bilin. Amma bunların hamısından yaxşı öz Azərbaycan dilimizi öyrənin. Əgər bunu bilməsən, sən tam azərbaycanlı olmursan.” - Heydər Əliyev

Tarix boyu Azərbaycan dilinin dövlət dili kimi tanınmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Onun ana dilinə olan dərin hörməti və qətiyyətli mövqe nəticəsində, dilimiz təkcə gündəlik ünsiyyət vasitəsi kimi deyil, həm də milli kimliyimizin əsas dayağı kimi qorunub saxlanıldı.

Tarixin müxtəlif mərhələlərində Azərbaycan dili dövlət dili kimi qəbul olunsa da, bu status davamlı olmadı. 1969-cu ildə ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ana dilinə xüsusi diqqət göstərildi və Azərbaycan dili yenidən öz layiqli yerini tutmağa başladı.

1930-cu illərdə ana dili məsələsini önə çıxaran şəxslər ciddi cəzalara məruz qalır, hətta Sibirə sürgün olunurdular. Həmin dövrdə milli respublikalara rəhbərlik edən şəxslər belə bu məsələni açıq şəkildə dilə gətirməkdən çəkinirdilər. 1977-ci ildə SSRİ Konstitusiyası qəbul edildikdən sonra milli dillərin sıxışdırılması daha da gücləndi. Belə bir vəziyyətdə ana dilini müdafiə etmək və bu barədə açıq danışmaq böyük cəsarət tələb edirdi. Ancaq bütün bu təhlükələrə və təzyiqlərə baxmayaraq, Heydər Əliyev Azərbaycan rəhbəri kimi dil mövzusunda qəti və prinsipial mövqe sərgilədi. O, ana dilinin qorunması və inkişafı məsələsini cəsarətlə gündəmə gətirdi.

1978-ci il aprelin 27-də qəbul olunan Azərbaycan SSR-in yeni Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması xalqımızın həyatında mühüm hadisə oldu. O dövrdə sovet ideoloji təzyiqlərinin mövcud olmasına baxmayaraq, Ulu öndər Heydər Əliyev tərəfindən belə bir təşəbbüsün həyata keçirilməsi milli dəyərlərə və ana dilimizə verilən böyük diqqət və qayğının göstəricisi idi. 1970–1980-ci illərdə dahi şəxsiyyətin həyata keçirdiyi ardıcıl və məqsədyönlü dil siyasəti xalq arasında milli şüurun formalaşmasına və güclənməsinə mühüm təsir göstərdi. Ulu öndərin  ana dilimizə olan xüsusi münasibəti sonrakı illərdə də davam etdi. 1995-ci ilin oktyabr ayında yeni Konstitusiyanın hazırlanması zamanı dövlət dili məsələsi geniş şəkildə müzakirə olundu. Bu müzakirələr məhz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə aparıldı. Nəticədə, 1995-ci il noyabrın 12-də qəbul edilən Konstitusiyada Azərbaycan dili rəsmi olaraq dövlət dili kimi təsbit edildi (21-ci maddə) və bu status hüquqi baxımdan rəsmiləşdi.

Ulu Öndər, 2001-ci il iyunun 18-də "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Fərman imzalayıb. Bu Fərman, müstəqil Azərbaycan dövlətinin dil siyasətinin formalaşması və güclənməsi baxımından böyük əhəmiyyətə malikdir. Fərmanla həmçinin Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılıb. Fərman, dövlət dilinin istifadəsi ilə bağlı geniş məlumatları özündə ehtiva edir. Ulu Öndərin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən, hər il avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.

Dil, hər bir xalqın kimliyini qoruyub saxlamaq və inkişaf etdirmək üçün əvəzsiz bir vasitədir. Azərbaycan xalqı üçün də ana dilinin rolu çox mühümdür, çünki dil yalnız ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi, mədəniyyəti, ənənələri və dəyərləri ilə sıx bağlıdır. Azərbaycan dili, xalqımızın milli varlığını təyin edən başlıca amillərdən biridir və onu qorumaq, inkişaf etdirmək hər birimizin vətəndaşlıq borcudur.

Azərbaycan dilinin qorunması və inkişafı, müstəqilliyimiz və ərazi bütövlüyümüz qədər vacib və ciddi məsələdir. Dilimiz, milli kimliyimizi və təfəkkürümüzü formalaşdıran ən vacib amildir. Bu dil yalnız ünsiyyət vasitəsi deyil, eyni zamanda xalqımızın qədim tarixinin, zəngin mədəniyyətinin və dəyərlərinin daşıyıcısıdır. Dilimizi qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə ötürmək hər birimizin milli borcudur.

Dövlətimizin ən ali səviyyədə dilin qorunması və inkişafı ilə bağlı siyasət həyata keçirməsi çox mühümdür. Bu siyasət, beynəlxalq arenada Azərbaycan dilinin daha geniş yayılmasına, tanınmasına və nüfuz qazanmasına xidmət edir.

Hər bir dövlətin simvolları – himn, gerb və bayraq – onun varlığını təmsil edən müqəddəs rəmzlərdir. Azərbaycan dilinin də bu müqəddəs rəmzlərlə eyni dərəcədə qiymətləndirilməsi, onu qorumaq və gələcək nəsillərə ötürmək üçün davamlı və sistematik səylərin göstərilməsi vacibdir. Azərbaycan dilinin cəmiyyətdə geniş şəkildə istifadə edilməsi, onun hər bir sahədə tətbiqinin artması, təhsil sistemində dilin dərindən öyrənilməsi, mədəniyyət sahəsində, elmi araşdırmalarda dilin rolunun önə çıxarılması tələb olunur.

Həmçinin, bu gün Azərbaycan dilinin dünya səviyyəsində tanınması üçün əlavə addımlar atılmalı, beynəlxalq münasibətlərdə bu dilin istifadəsi genişləndirilməlidir. Azərbaycan dilinin UNESCO-nun Dil Mirası Siyahısına daxil edilməsi, digər ölkələrdə Azərbaycan dilində təhsil və mədəniyyət fəaliyyətlərinin təşviqi önəmli məqsədlərdən biridir. Yalnız beləliklə, Azərbaycan dili həm dövlət səviyyəsində, həm də beynəlxalq miqyasda möhkəm və güclü yer tutar.

Azərbaycan xalqının ana dili, milli varlığının təminatçısı olmaqla yanaşı, həm də onu gələcək nəsillərə miras qoymaq üçün hər birimizin üzərinə böyük məsuliyyət qoyur. Dövlətimizin apardığı dil siyasəti və cəmiyyətin hər bir üzvünün bu sahədəki rolu, dilin güclü və inkişaf etmiş bir vasitə olaraq gələcəyimizə işıq tutmasını təmin edəcək.

Gülxarə Əhmədova

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM