Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 24-də Slovakiyanın ölkəmizdəki səfiri Elçin Qasımov ilə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən NTV-yə bildirilib ki, Sahibə Qafarova bu vəzifədə fəaliyyətə başlaması münasibətilə səfiri təbrik edərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə olunaraq, xüsusilə Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun ölkəmizə səfəri çərçivəsində imzalanmış “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”nin əlaqələrimizi keyfiyyətcə yeni mərhələyə qaldırdığı qeyd edilib. Ölkələrimiz arasında qarşılıqlı səfərlərin intensivliyi müsbət qiymətləndirilərək, bu təmasların münasibətlərə töhfə verdiyi vurğulanıb.
Görüşdə qanunvericilik orqanları arasında da əlaqələrin inkişafı qeyd olunaraq, bu əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb. Bu mənada, parlament sədrlərinin, o cümlədən deputatların qarşılıqlı səfərlərinin qanunvericilik orqanları arasında əlaqələrin daha da genişlənməsinə müsbət təsirləri vurğulanıb.
Söhbət zamanı, həmçinin parlamentlərimiz arasında bütün istiqamətlərdə, o cümlədən komitələr vasitəsilə əməkdaşlığın yaradılması imkanları nəzərdən keçirilib.
