satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Naxçıvanı yenidən qlobal nəqliyyat müstəvisinə çıxarır

Azərbaycan Naxçıvanı yenidən qlobal nəqliyyat müstəvisinə çıxarır

“Azərbaycan Dəmir Yolları” QSC tərəfindən Naxçıvan Muxtar Respublikasında dəmir yolu infrastrukturunun yenidən qurulması və modernləşdirilməsi üzrə layihələndirmə işlərinin tamamlanması, habelə Ordubad rayonunun Salamməlik stansiyası ərazisində tikintiyə start verilməsi ölkənin nəqliyyat siyasətində yeni mərhələnin başlandığını təsdiqləyir. Ermənistanla sərhəd yaxınlığında həyata keçirilən bu tikinti işləri Azərbaycanın Cənubi Qafqazda formalaşdırdığı yeni nəqliyyat və logistik arxitekturanın mühüm tərkib hissəsidir.

Hazırda icra olunan illik 15 milyon ton yükötürmə qabiliyyətinə malik, 188 kilometrlik dəmir yolu xətti Naxçıvan Muxtar Respublikasının uzun illər davam edən nəqliyyat məhdudiyyətlərini aradan qaldırmaqla yanaşı, regionun beynəlxalq daşımalar sisteminə inteqrasiyasını təmin edəcək.

Bu infrastruktur, Zəngəzur dəhlizinin açılması ilə bərabər, Azərbaycanın nəqliyyat sisteminin vahid strateji xətt üzrə yenidən qurulmasını tamamlayacaq.

Zəngəzur dəhlizi artıq təkcə regional sərhədləri aşan, Avrasiyanın mühüm nəqliyyat arteriyası kimi dəyərləndirilən bir layihəyə çevrilib. Dəhlizin açılması Azərbaycan üçün çoxşaxəli üstünlüklər formalaşdırır:

Geoiqtisadi üstünlüklər:

-Orta Dəhlizin əsas qolu kimi Avropa–Asiya yükdaşımalarında alternativ və daha qısa marşrut yaradır;

-Şimal–Cənub nəqliyyat xəttinin əsas halqası kimi çıxış edir, İran, Rusiya, Mərkəzi Asiya və Avropa arasında tranzit axınını gücləndirir;

-Çoxmodal daşımaların (dəmir yolu, avtomobil yolu, hava yolu) inteqrasiyasına şərait yaradır;

-Azərbaycanın regionun logistik mərkəzinə çevrilməsini sürətləndirir.

Geosiyasi üstünlüklər:

-Ermənistan–Azərbaycan münasibətlərində yeni əməkdaşlıq platforması yaradır;

-Regionda kommunikasiya xəttlərinin açılması ilə sabitliyin möhkəmlənməsinə töhfə verir;

-Azərbaycan–Türkiyə strateji birliyinin möhkəmlənməsinə və daha dayanıqlı quru əlaqəsinə imkan yaradır;

-Cənubi Qafqazda güc balansını Azərbaycanın xeyrinə dəyişir.

Beləliklə, Zəngəzur dəhlizi həm iqtisadi, həm də siyasi baxımdan Azərbaycanın XXI əsrdə ən mühüm layihələrindən birinə çevrilib.

Bu layihələrin uğurla həyata keçirilməsi Müzəffər Ali  Baş Komandan, Cənab Prezident İlham Əliyevin ardıcıl, çevik və çoxvektorlu xarici siyasətinin məntiqi nəticəsidir.

Bu siyasət Azərbaycanın həm regiondakı nüfuzunu artırmış, həm də ölkəni Avrasiyanın əsas tranzit mərkəzinə çevirmək yolunda mühüm imkanlar yaradıb.

2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanmış “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) razılaşması Zəngəzur dəhlizinin beynəlxalq siyasi legitimliyini və təhlükəsizlik zəmanətini daha da möhkəmləndirib.

Vaşinqton görüşü Azərbaycan diplomatiyasının həm qlobal siyasi arenada, həm də regional proseslərdə nə qədər böyük təsir imkanına malik olduğunu bir daha təsdiq etmişdir.

Hazırda Naxçıvan Muxtar Respublikasında həyata keçirilən dəmir yolu tikinti işləri, xüsusilə Salamməlik stansiyası ərazisində aparılan yenidənqurma prosesləri, Azərbaycanın regional nəqliyyat mərkəzi kimi yüksəlişini, geoiqtisadi rolunun artmasını, Cənubi Qafqazda sabitlik və əməkdaşlıq strategiyasının real nəticələr verdiyini göstərir.

Zəngəzur dəhlizi və TRIPP çərçivəsində aparılan işlər Azərbaycanın həm iqtisadi, həm siyasi, həm də logistik mövqelərini möhkəmləndirməklə ölkənin uzunmüddətli strateji maraqlarına xidmət edir.

Bu layihə öz mahiyyətinə görə təkcə nəqliyyat infrastrukturu deyil, Azərbaycanın gələcək onilliklər üzrə geosiyasi inkişaf xəritəsinin əsas dayağı kimi qiymətləndirilməlidir.

Layihə Naxçıvanın geostrateji əhəmiyyətini artırır, regionu uzunmüddətli nəqliyyat blokadasından çıxararaq logistik mərkəzə çevirir, tranzit imkanlarını genişləndirir və beynəlxalq ticarət şəbəkələrinə inteqrasiya üçün birbaşa şərait yaradır. Bu infrastruktur Naxçıvan məhsullarının xarici bazarlara çıxışını təmin etməklə yanaşı, ən əsası, Naxçıvan sakinlərinin Çindən Londona qədər uzanan dəmir yolu marşrutu vasitəsilə rahat və fasiləsiz səyahət imkanlarını genişləndirir.

Anar Tağıyev

NUHÇIXAN

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM