Aprelin 21-də Özbəkistan Ali Məclisi Senatının təşkilatçılığı ilə "Mərkəzi Asiya Qadınları: Prioritet vəzifələr və birgə fəaliyyət" mövzusunda Mərkəzi Asiya dövlətlərinin qadın liderləri dialoqunun onlayn konfransı keçirilib.
NTV xəbər verir ki, konfransda çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova bu konfransın Mərkəzi Asiyada qadınların rolunun gücləndirilməsi və əməkdaşlığın inkişaf etdirilməsinə xidmət etdiyini bildirib. Onun sözlərinə görə, Mərkəzi Asiya dövlətlərinin qadın liderləri dialoqu platforması nisbətən qısa müddət ərzində regional qarşılıqlı fəaliyyətin tələb olunan və səmərəli formatı kimi özünü təsdiq edib. Bu dialoq etimadın möhkəmlənməsinə, dövlətlərarası və parlamentlərarası əlaqələrin inkişafına, habelə qadınların ictimai-siyasi və sosial-iqtisadi həyatda rolunun genişləndirilməsi ilə bağlı aktual məsələlərin həllində əlaqələndirilmiş yanaşmaların formalaşmasına töhfə verir. Qeyd olunub ki, bugünkü görüş bu mühüm təşəbbüsün davamlılığını təmin etməklə yanaşı, həm də parlamentlərarası əməkdaşlığın daha da dərinləşdirilməsi və qarşıda duran vəzifələrin həlli üçün birgə yanaşmaların hazırlanmasına sadiqliyi təsdiq edir.
S.Qafarova bildirib ki, bu gün qadın hüquqlarının təmin edilməsi və gender bərabərliyi Azərbaycanın dövlət siyasətinin ən vacib istiqamətlərindən biridir. Azərbaycan qadınlarının fəaliyyətin bütün sahələrində aktiv iştirak etdiyi, qanunverici və icra hakimiyyətində, məhkəmə sistemində, diplomatik xidmətdə, elm və təhsil sahələrində yüksək vəzifələr tutduğunu qeyd edən S.Qafarova xüsusilə, Birinci vitse-prezident Mehriban Əliyevanın həyata keçirdiyi genişmiqyaslı ictimai və siyasi fəaliyyətin qadınların cəmiyyətimizin və ölkəmizin inkişafına verdiyi dəyərli töhfənin təcəssümü olduğunu vurğulayıb.
Milli Məclisin sədri Azərbaycanın qadın hüquqları sahəsində regional əməkdaşlığa da böyük əhəmiyyət verdiyini qeyd edərək, Mərkəzi Asiya qadınlarının dialoqunun parlament diplomatiyasının və qadın liderliyinin necə etimad, təcrübə mübadiləsi və birgə təşəbbüslər məkanı formalaşdıra biləcəyinin nümunəsi olduğunu söyləyib. Onun sözlərinə görə, Azərbaycan bu proseslərdə fəal iştirak etməyə, öz təcrübəsini bölüşməyə və qadınların siyasətdə, iqtisadiyyatda və cəmiyyətdə rolunun artırılmasına yönəlmiş proqramları dəstəkləməyə hazırdır.
Konfransda, həmçinin Özbəkistan Ali Məclisinin Senatının sədri Tənzilə Narbayeva, BMT Baş katibinin Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi və Mərkəzi Asiya üçün Preventiv Diplomatiya üzrə BMT Regional Mərkəzinin rəhbəri Kaha İmnadze, Türkmənistan Məclisinin sədri Dünyagözəl Qulmanova, Qırğızıstan Joqorku Keneşinin sədr müavini Jıldız Taalaybek qızı, Tacikistan Respublikası Ali Məclisi Nümayəndələr Palatasının sədr müavini Mövsuma Muini, Qazaxıstan Respublikası Parlamenti Senatının Qanunvericilik və məhkəmə-hüquq islahatı komitəsinin sədri Snejanna İmaşeva və digərləri çıxış edərək, qadın liderlərin rolunun gücləndirilməsi istiqamətində milli təcrübələr və ölkələrində bu sahədə görülən işlər haqqında məlumat verib, müzakirə olunan mövzu haqqında fikir və təkliflərini səsləndiriblər.
