”EU Today”: Azərbaycanın alicənab qələbəsi

”EU Today”: Azərbaycanın alicənab qələbəsi

NUHÇIXAN xəbər verir ki, Avropa İttifaqının nüfuzlu “EU Today” nəşrində redaktor, tanınmış siyasi icmalçı və publisist Qeri Kartraytın “Azərbaycan qanunvericiləri Qarabağın erməni sakinlərinin təhlükəsizliyini təsdiq edirlər” sərlövhəli məqaləsi dərc olunub.

Müəllif öz məqaləsində 2020-ci ilin fevralında Azərbaycanda parlament seçkilərini işıqlandıran media qrupunun tərkibində olmasını xatırlayır. Onun sözlərinə görə, tanınmış nəşrlərin redaktorları və reportyorlarından ibarət olan qrupun baş çəkdiyi seçki məntəqələrindən biri Ermənistanın Qarabağı zəbt etməsindən sonra evlərini tərk etmiş məcburi köçkünlərin icmasının ərazisində yerləşirdi. Müəllif etiraf edib ki, o, buranın qaçqın düşərgəsinə bənzər bir yer olacağını gözləyirdi, amma tamamilə başqa bir mənzərənin şahidi olub.

Müəllif yazır: “Biz Azərbaycanın hər hansı adi şəhərində, ümumiyyətlə Qərbi Avropanın istənilən ölkəsində gördüyümüz bütün şəraiti olan abad və yetərincə təhlükəsiz icmanın şahidi olduq. Mən Azərbaycan icmasının yaşlı sakinləri, o cümlədən 1992-ci il fevralın 26-da Xocalıda canını zorla qurtarmış və erməni qoşunlarının dinc sakinləri qətlə yetirməsinin şahidi olmuş keçmiş məktəb direktoru ilə söhbət edə bildim. Həmin vaxt ümumilikdə 613 sakin, o cümlədən 106 qadın və 63 uşaq öldürülüb”.

Kartrayt həmin kişinin ona söylədiklərini də xatırlayıb: “O, göz yaşları ilə mənə dedi: “Bunların qarşısını almaq üçün mən nə edə bilərdim? Mən müəllim idim, hətta tüfəngim belə yox idi”.

Müəllif qeyd edir ki, gənclərin, o cümlədən valideynlərinin doğma yerlərini tərk etməsindən sonra dünyaya göz açanların güzəştli təhsil proqramları sayəsində cəmiyyətə tam inteqrasiya etdiyi bir şəraitdə icmanın yaşlı üzvlərini vahid bir məqsəd birləşdirirdi; erməni qoşunlarının Rusiya hərbçilərinin köməyi ilə qanunsuz ilhaq etdikləri Qarabağda məhrum olduqları öz evlərinə, özlərinin əvvəlki həyatlarına qayıtmaq.

O, indiki vəziyyəti belə təqdim edir: “O vaxt qəlbimin dərinliklərində hiss edirdim ki, onlar çətin ki, haçansa evlərinə qayıda bilərlər. Amma indi onlar qayıdırlar”.

Kartrayt Azərbaycanın müharibədə Qələbəsini “alicənab” adlandırıb. O, həmçinin xatırladıb ki, bu yaxınlarda Azərbaycan parlamentarilərinin bir qrupu Brüsselə səfər edib və öz ölkələrinin Ermənistanla gələcək münasibətlərini necə gördüyünü danışmaq üçün jurnalistlərlə görüşməyə vaxt tapıblar.

“Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinə rəhbərlik edən Tural Gəncəliyev izah edirdi ki, ötən illər baş vermiş hadisələrə baxmayaraq, Qarabağda məskunlaşmış ermənilər orada qala bilər. O əlavə etdi ki, bu ilin sentyabrında keçirilən tədbirlər nəticəsində qaçanlar da geri qaytarılacaq. Həm də Bakının bu qərarı vaxt etibarilə ötən cümə günü – noyabrın 17-də verilən Beynəlxalq Məhkəmənin hökmündən əvvəl qəbul edilib. Deputat onu da qeyd edib ki, Azərbaycanın erməniləri qalmağa çağırdığı bir vaxtda, erməni hərbçiləri onları getməyə məcbur ediblər. Azərbaycan hökuməti Qarabağı tərk etmiş erməni sakinlərin qayıtması üçün onların qeydiyyatdan keçəcəyi sayt açıb, ancaq Ermənistan ona girişi bloklayıb”.

Azərbaycanın nümayəndəsi jurnalistlərə deyib: “Biz ermənilərin qayıdacağına ümid edirik. Həmçinin erməni hökumətindən 1980-ci illərdə qovulmuş 300 min azərbaycanlının qayıtması üçün şərait yaradılmasını xahiş edirik və bu, qarşılıqlı proses olmalıdır. Biz faktları yerindəcə qiymətləndirmək üçün BMT missiyasını regiona tez-tez səfərə dəvət edəcəyik”.

Öz növbəsində, Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvü Vüqar Bayramov qeyd edib ki, onilliklər ərzində regionda sabitliyi pozan dondurulmuş münaqişəyə son qoyulması nəinki Azərbaycan və Ermənistan, həm də Gürcüstan iqtisadiyyatına müsbət təsir göstərə bilər, çünki Cənubi Qafqazın üç ölkəsi güclü vahid bazar təşkil edə biləcək. Azərbaycan, Gürcüstan və ola bilsin ki, Ermənistan Xəzər dənizi, Cənubi Qafqaz və Türkiyə vasitəsilə Asiya və Avropanı birləşdirən Orta Dəhliz ticarət marşrutunun bir hissəsidir. V.Bayramov onu da vurğulayıb ki, Şərqdən Qərbə nəqliyyat marşrutu həm logistika baxımından, həm də dayanıqlı nizamın qurulmasına köməklik baxımından Ermənistan üçün faydalı olacaq.

O deyib: “Əgər Azərbaycan və Ermənistan arasında kommunikasiya yaradılarsa, təbii ki, bu, regionda möhkəm və davamlı sülhü təmin edəcək”. Bayramov bunun vaxt aparacağını istisna etmir, lakin normallaşma prosesi sürətlə gedə bilər”, - məqalədə deyilir.

Kartraytın sözlərinə görə, deputat Azərbaycanın hazırda Gürcüstan və Türkiyəyə olduğu kimi, Ermənistana da sərmayə qoyacağı gələcəyi istisna etməyib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM