Sabah, mayın 17-də Bakıda dünyanın ən nüfuzlu şəhərsalma platformalarından biri olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) başlayır. WUF13 BMT-nin Məskunlaşma Proqramı və Azərbaycan Hökuməti tərəfindən birgə təşkil olunur. Mayın 22-də başa çatacaq sessiya “Hər kəs üçün yaşayış yerləri: Təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunub.
Forum yalnız urbanistika və memarlıq sahəsinin deyil, həm də sosial inkişaf, iqtisadi transformasiya, iqlim dəyişiklikləri və insan rifahı ilə bağlı qlobal məsələlərin müzakirə edildiyi ən böyük beynəlxalq platformalardan biri hesab olunur.
NTV xatırladır ki, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən təsis edilən beynəlxalq platforma müasir çağırışlara beynəlxalq həll yollarının tapılması məqsədi daşıyır. Həmçinin müxtəlif ölkələrin hökumətlərini, şəhər rəhbərlərini, alimləri, memarları, investorları, biznes nümayəndələrini və vətəndaş cəmiyyətini bir araya gətirərək qlobal urbanizasiya siyasətinin formalaşmasında mühüm rol oynayır.
WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq urbanizasiya proseslərində artan rolunun göstəricisi hesab edilir. Bu qərar ölkənin beynəlxalq əməkdaşlığa verdiyi töhfənin, etibarlı tərəfdaş kimi qazandığı nüfuzun və müasir şəhərsalma siyasətinin yüksək qiymətləndirilməsidir. WUF13-ə 182 ölkədən 40 mindən çox iştirakçı qeydiyyatdan keçib ki, bu da artıq WUF tarixində rekord göstəricidir.
