2026-cı ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunda silah, döyüş, eləcə də xüsusi texnikalar yaz-yay mövsümündə istismar rejiminə keçirilib.
Müdafiə Nazirliyindən NTV-yə verilən məlumata görə, tədbirlər çərçivəsində şəxsi heyətə texnikanın mövsümə uyğun istismarı və texniki qulluq qaydaları öyrədilib, təhlükəsizlik tədbirləri üzrə tələblər çatdırılıb, eləcə də hərbi hissələr mərkəzləşdirilmiş qaydada zəruri ehtiyat hissələri və avadanlıqlarla tam təmin edilib.
Texniki xidmət məntəqələrində silah və texnikaların fasiləsiz, dayanıqlı istismarını təmin etmək məqsədilə elektrik sistemlərinin vəziyyəti yoxlanılıb və iqlimə uyğun yanacaq-sürtkü materialları dəyişdirilib.
Qeyd edək ki, silah və texnikanın yaz-yay mövsümü istismarı rejiminə keçidi ilə əlaqədar bütün zəruri tədbirlər planlı şəkildə həyata keçirilib.
