Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, Milli Məclisinin deputatı Məlahət İbrahimqızı UNESCO-nun İrqçiliyə və ayrı-seçkiliyə qarşı 3-cü Qlobal Forumunda İcmanı təmsil edib.
İcmadan NUHÇIXAN-a verilən məlumata görə, Braziliyanın San-Paolo şəhərində keçirilən Forumda UNESCO üzv dövlətlərinin yüksək səviyyəli rəsmiləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri və ekspertlər iştirak ediblər.
M. İbrahimqızı tədbirdə panelist qismində çıxış etmiş və Ermənistandan azərbaycanlıların didərgin salınması, bunun irqi ayrı-seçkilik aspektləri barədə məlumat verib. O, irqi ayrı-seçkiliyə qarşı mübarizə sahəsində beynəlxalq səylərin, o cümlədən, UNESCO forumunun əhəmiyyətini qeyd edib.
İrqi ayrı-seçkiliyin ən mənfur formalarından birinin mədəni irsə qarşı hücumlar olduğunu qeyd edən M. İbrahimqızı Ermənistanda Azərbaycan mədəni irsinin dağıdılması barədə ətraflı məlumat verib. İcma üzvü çıxışında mədəni irsin qorunması sahəsində UNESCO-nun rolunu qeyd edərək, bu qurumun Ermənistandakı Azərbaycan mədəni irsinin vəziyyətinin hərtərəfli qiymətləndirmək üçün Ermənistana missiya göndərməyə dair İcmanın çağırışını yeniləyib.
İcmanın nümayəndəsi etnik və mədəni müxtəlifliyin qorunduğu, bütün insanların ləyaqət və sülh şəraitində yaşayacağı, irqçilik və ayrı-seçkiliyə yer olmayan dünya uğrunda UNESCO ilə əməkdaşlığa hazır olduğunu bildirib.
M. İbrahimqızı tədbir çərçivəsində üzv dövlətlərin və beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələri ilə də görüşlər keçirib.
Qərbi Azərbaycan İcmasının Forumda iştirakı onun öz insan haqları gündəliyinin beynəlxalq aləmdə irəlilədilməsi istiqamətində mühüm addımdır. İcma Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququnun müvafiq beynəlxalq formatlarda təqdim edilməsi istiqamətində səylərini davam etdirəcək.