Böyük Britaniyanın Baş naziri Kir Starmer Qərb ölkələri ilə ABŞ arasındakı münasibətlərin daha da dəyişkən hala gəlməsi fonunda Çinlə siyasi və işgüzar əlaqələri gücləndirmək məqsədi ilə bu gün Pekinə səfər edəcək.
NTV “Reuters” agentliyinə istinadla xəbər verir ki, 2018-ci ildən bəri Çinə səfər edəcək ilk Britaniya lideri olacaq Starmerin sözlərinə görə, Birləşmiş Krallıq dünyanın ikinci ən böyük iqtisadiyyatı olan Çinin təqdim etdiyi iqtisadi imkanları görməzdən gələ bilməz.
“Çinlə münasibətlərə gəldikdə, başımızı quma basdırmağın mənası yoxdur, çünki bu əlaqələr bizim maraqlarımıza uyğundur. Bu, bizim üçün həqiqətən vacib bir səfər olacaq və müəyyən real irəliləyişlər əldə edəcəyik”, -deyə Baş nazir qeyd edib.
Çinə 50-dən çox biznes liderindən ibarət nümayəndə heyəti ilə səyahət edən Starmer cümə axşamı günü ÇXR Sədri Si Cinpin ilə görüşəcək, sonra isə cümə günü biznes əlaqələrinə dair danışıqlar aparmaq üçün Şanxaya gedəcək.
Ekspertlər bu səfərin Britaniya və Çin arasındakı münasibətlərdə kritik bir dəyişikliklə nəticələnəcəyini bildirirlər. Starmerin səfəri ABŞ-ın son addımlarına qarşı çıxan Qərb ölkələri ilə Çin arasında diplomatik gərginliyin olduğu bir vaxta təsadüf edir.
Starmerin səfəri Trampın Qrenlandiyanı ələ keçirmək təhdidləri, Böyük Britaniyanın Çaqos arxipelaqının - o cümlədən ABŞ-Böyük Britaniya hava bazası olan bir adanın suverenliyini Mavrikiyə vermək razılaşmasını tənqid etməsi və NATO müttəfiqlərinin Əfqanıstandakı müharibə zamanı cəbhə xəttində döyüşlərdən yayınması ilə bağlı şərhləri fonunda həftələrlə davam edən gərginlikdən sonraya təsadüf edir.
