Zəfərə gedən yolun başlanğıcı...

Zəfərə gedən yolun başlanğıcı...

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev: "Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir".

Aprel döyüşləri Azərbaycan xalqının, ordusunun özünə, gücünə inam döyüşü idi. Xalqımız bu döyüşlərdə artıq inandı ki, onun gücü uzun müddət işğal altında qalan torpaqlarımızı azad etməyə qadirdir. 2016-ci il aprel ayının 1-dən 2-nə keçən gecə tarixi zəfərə atılan qığılcımların başlanğıcı oldu. Cəbhə boyu ön xətt mövqelərin və yaşayış məntəqələrinin düşmən ordusu tərəfindən intensiv artileriya atəşinə məruz qalması, həyatını itirənlərin və yaralıların olması, evlərin dağıdılması və əhalinin şəxsi təsərrüfatına, əmlakına xeyli ziyanın verilməsi artıq qarşı tərəfə layiqli cavabın verilməsini qaçınılmaz edirdi. Düşmənə verilən təxirəsalınmaz cavab, məhz haqq, ədalət cavabı idi. Elə qələbə də haqqın tərəfini tutdu. Aprel döyüşləri Azərbaycan Ordusunun qələbəsi ilə bitərək, düşmənə böyük gözdağı verildi. Bu qələbə ilə Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər işğaldan azad edildi. Bununla da 2000 hektardan çox ərazi azad edilmiş, həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçmişdi. Bu tarixi qələbə Azərbaycan torpaqlarının düşməndən geri alınmasının əsasını qoydu.

Xalqımız üçün böyük tarixi əhəmiyyət daşıyan Aprel döyüşləri uzun müddət ata-baba yurdundan didərgin salınan köçkünlərin öz torpaqlarına qayıdışının ümidi oldu. Lələtəpə yüksəkliyinin azad edilməsi nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mülki əhalinin yaşayışı üçün təhlükə tamamilə aradan qaldırıldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il 24 yanvar tarixli Sərəncamı ilə ölkə tarixində “Böyük Qayıdış”a start verildi. Cocuq Mərcanlı kəndinin əhalisi 23 illik yurd nisgilini geridə qoyaraq öz yurduna qayıtdı. Bu “Böyük Qayıdış” uzun müddət yurd həsrəti  çəkən, bir milyona yaxın köçkün həyatı yaşayan insanın ümid çırağı oldu. Xalqımız bütün qəlbi ilə Qarabağ  torpaqlarının işğaldan azad olunacağına, tezliklə bu Zəfərin, Qələbənin sevincini yaşayacağına inanaraq, 30 illik itən ümidlərini yenidən dirçəltdi. Xalqın haqq inamını tarix gerçəyə çevirdi, çox deyil qısa zaman ərzində... Biz haqqımız olana 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi, 2022-ci ilin sentyabrın 12-dən 13-nə keçən gecə başlayan iki günlük Sentyabr döyüşləri və 2023-cü il sentyabrın 19-da başlayan 23 saatlıq lokal xarakterli antiterror tədbirləri nəticəsində  qovuşduq.  30 illik yurd nisgilinə son qoyuldu. Bu tarixi zəfərlərlə ölkəmizin ərazi bütövlüyü və suverenliyini tam təmin edildi. İndi üçrəngli, ay-ulduzlu bayrağımız bütün Qarabağda dalğalanır. Bu qüruru, bu qələbə sevincini bizə yaşadan Ali Baş Komandanımıza, Müzəffər ordumuza eşq olsun!  

Hər bir zəfər igid oğullar sayəsində qazanılır...

“Oğul düşmən çəpəridir”-deyib atalarımız. Hər zaman Vətən darda olanda igid oğullarımız öz sinəsini önə verərək doğma yurduna, vətəninə özünü çəpər edib. Tarixən ulu bablarımızdan qalan bu igidlik əmanəti zaman ötsə belə dəyişməyib. Aprel döyüşlərində də düşmən önündə qəhrəmancasına duran igid oğullarımız olub. Onlar düşmənə layiqli cavab verərək, vətən uğrunda döyüşüb, torpaq, yurd yolunda canlarından keçiblər. Elə Qabil Orucəliyev və Rasim Məmmədov da Aprel döyüşlərində mərdliklə vuruşaraq, ali məqama yüksələn qəhrəman oğullarımızdandır. Xalqımız belə igid oğullarını hər zaman yad edir, xatirəsini qəlbində əziz tutur.

 Qabil Orucəliyev 1991-ci ildə Naxçıvan şəhərində anadan olub. O, Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbi bitirib. Uşaq yaşlarından hərb sənətinə maraq göstərən Qabil 2006-cı ildə Heydər Əliyev adına Hərbi Liseyə daxil olub, 3 il sonra  liseydə təhsilini başa vuran qəhrəmanımız təhsilini Azərbaycan Ali Hərbi Məktəbində davam etdirib. Leytenant rütbəsi alan Qabil döyüş bölgəsindəki  “N” saylı hərbi hissəsində motoatıcı bölüyün tağım komandiri vəzifəsində xidmətə başlayıb.

Qabil Aprel döyüşləri başlayan gecə Tərtər rayonunun Borsunlu kəndi yaxınlığında yerləşən məntəqədə olub. Bu məntəqəyə Milli Qəhrəman Mübariz İbrahimovun şərəfinə "Qisas postu” adı verilib. Düşmənə qarşı əks-hücumda müqavimət göstərən Qabil və yoldaşları Madagiz kəndində mühasirəyə düşüblər, onlar son mərmiləri bitənə qədər düşmənlə vuruşub və qəhrəmancasına şəhid olublar. 

Döyüş zamanı göstərdiyi qəhrəmanlığa görə Qabil Orucəliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 19 aprel 2016-cı il tarixli əmri ilə "Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli döş nişanı ilə təltif edilib. 

Rasim Məmmədov 1977-ci ildə Cəhri kəndində anadan olub. Orta məktəbi bu kənddə bitirən Rasim 1996-cı ildə Bakı Ali Komandirlər Məktəbinə daxil olur. 2000-ci ildə həmin məktəbi tank qoşunları komandanı olaraq bitirir. “N” saylı hərbi hissədə tağım komandiri vəzifəsində xidmətini davam etdirir. 2002-ci ildə baş  leytenant rütbəsi  alan  Rasim  Məmmədov 2005-ci ildə “tank”  tağımının  komandiri  vəzifəsində xidmətini davam etdirən qəhrəmanımız həmin il kapitan  rütbəsi  alır.

18 aprel 2015‐ci ildən,  şəhid olduğu günə qədər isə mayor Rasim Məmmədov “N” saylı hərbi hissənin 2-ci moto atıcı taborun komandiri vəzifəsində xidmətini davam etdirib. Azərbaycan Ermənistan təmas xəttində baş verən qarşıdurma zamanı qəhrəmanımız Rasim Məmmədov  şəhidlik zivəsinə yüksəlib.

Rasim  Məmmədov  ölümündən  sonra  göstərdiyi  igidliyə  görə  Azərbaycan  Respublikasının Prezidentinin  sərəncamı ilə  “Qüsursuz  xidmətə görə” II  dərəcəli medalı ilə  təltif edilib. 

 

Səriyyə Salahova

NUHÇIXAN

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM