Ali Məclisin komitə iclasında Nazirlər Kabinetinin hesabatı təqdim edilib

Ali Məclisin komitə iclasında Nazirlər  Kabinetinin hesabatı təqdim edilib

NUHÇIXAN xəbər verir ki, aprelin 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin iclası keçirilib.

İclasa sədrlik edən Ali Məclisin Hüquq siyasəti komitəsinin sədri İsmayıl Qəribli iclasın gündəliyinə bir məsələnin - Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatının daxil edildiyini deyib.

Gündəlik təsdiq olunduqdan sonra komitə sədri qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 34-cü maddəsinin III hissəsinə və Ali Məclisin Daxili Nizamnaməsinin müvafiq maddəsinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti hər il Ali Məclisin yaz sessiyasında Nazirlər Kabinetinin əvvəlki il üzrə fəaliyyəti haqqında hesabat verir. Daxili Nizamnaməyə əsasən Nazirlər Kabinetinin hesabatı Ali Məclisin iclasında baxılmamışdan əvvəl Ali Məclisin Hüquq siyasəti komitəsinə rəy verilməsi üçün təqdim edilib.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Aparat rəhbəri Aləm Bağırov və Hüquq şöbəsinin müdiri Gülçin Dünyamalıyev layihə barədə məlumat veriblər.

Məsələ ətrafında aparılan müzakirələrdə komitənin sədri İsmayıl Qəribli, sədr müavini Aidə Cəlilzadə, üzvləri Aidə Allahverdiyeva, Nüsrət Həsənov, Eldar Zeynalov, Qadir İbrahimov, Hacıfəxrəddin Səfərli və Ali Məclis Aparatının Qanunvericilik və hüquq məsələləri şöbəsinin müdiri Cəlil Rüstəmov cinayətkarlığın statistikasının, narkomaniya və alkoqolizmə qarşı maarifləndirmə tədbirlərinin nəticələrinin hesabatda öz əksini tapması, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət və bələdiyyə torpaqlarının ayrılması ilə bağlı prosedur qaydaları, hüquqi aktların ekspertizası ilə əlaqədar verilən rəylərin qənatbəxş olmaması və digər mövzularda öz fikirlərini, qeyd, təklif və suallarını səsləndiriblər. 

Nazirlər Kabinetinin Aparat rəhbəri Aləm Bağırov və Hüquq şöbəsinin müdiri Gülçin Dünyamalıyev səsləndirilən fikirlərə münasibət bildirib, suallara aydınlıq gətirib, təkliflərin nəzərə alınması üçün qeydiyyatı aparılıb.

Müzakirə olunan məsələ ilə əlaqədar Hüquq siyasəti komitəsinin rəyi oxunub, qəbul olunan qərarla Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatı irad və təkliflər nəzərə alınmaqla Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müzakirəsinə tövsiyə olunub.

Bununla da iclas öz işini başa çatdırıb.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM