Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Ali Məclisin Sosial siyasət  komitəsinin iclası keçirilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sosial siyasət komitəsinin iclası keçirilib.

İclası açan Ali Məclisin Sosial siyasət komitəsinin sədri Yeganə Məmmədova gündəlikdə duran məsələni - Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatını diqqətə çatdırıb.

Gündəlik təsdiq olunduqdan sonra komitə sədri Naxçıvan Muxtar Respublikası Konstitusiyasına və Ali Məclisin Daxili Nizamnaməsinə əsasən Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin hər il Ali Məclisin yaz sessiyasında əvvəlki il üzrə fəaliyyəti haqqında hesabat verdiyini qeyd edib. 

Daxili Nizamnaməyə uyğun olaraq Nazirlər Kabinetinin hesabatı Ali Məclisin iclasında baxılmamışdan əvvəl Ali Məclisin Sosial siyasət komitəsinə rəy verilməsi üçün təqdim olunub.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının Humanitar və sosial məsələlər şöbəsinin müdiri Sevinc Cabbarova layihə barədə məlumat verib.

Məsələ ətrafında aparılan müzakirələrdə komitənin sədri Yeganə Məmmədova, üzvləri Rizvan Məmmədov, Fərəc Fərəcov, Yazgül Rzayeva, Turan Məmmədli, İsa Məmmədov, Turan Həsənova Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi tərəfindən erkən nikahın qarşısının alınması ilə bağlı dini kəbin kəsilməsinə yol verilməməsi, muxtar respublikanın tarixi abidələrini ziyarət edən turistlərin sayının göstərilməsi, Yaycı kəndində içməli suyun keyfiyyətinin artırılması məqsədilə sutəmizləyici qurğunun quraşdırılması, yol kənarlarında müasirtipli dayanacaqların qoyulması, bəzi yollarda nişanlanma xətlərinin çəkilməməsi, marşrut üzrə hərəkət edən nəqliyyat vasitələrinin müasir və iritutumlu avtomobillərlə əvəz olunması, Ali Məclisin plenar iclaslarında su təminatı ilə bağlı qaldırılan məsələlərin bir çoxunun öz həllini tapmaması, səhiyyə müəssisələrində tenderlərin keçirilməsinin zaman alması nəticəsində xəstələrin pulsuz dərman preparatları ilə təminatında çətinliklərin yaranması, Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəb üçün tikilən binanın yarımçıq qalması, tikilməsi nəzərdə tutulan uşaq bağçasının isə inşasına başlanılmaması, işsizlikdən sığorta ödənişlərinin alınmasında çətinliklərin olması və digər mövzularda öz fikirlərini, irad, qeyd, təklif və suallarını səsləndiriblər.

Ali Məclis Aparatının İqtisadi məsələlər şöbəsinin müdiri Nihad Möhbalıyev və Humanitar siyasət məsələləri şöbəsinin baş məsləhətçisi Musa Məmmədov əhalinin sosial müdafiəsi ilə bağlı qeyd olunan məlumatlarda bəzi sosial göstəricilərin, müqayisəli statistikanın verilməməsini, icbari tibbi sığorta ilə əlaqədar əvvəlki illərlə müqayisənin aparılmamasını, dezinfeksiya, dezinseksiya işlərinin, yoluxucu viruslara qarşı, yeni doğulanlar haqqında, dövlət tərəfindən pulsuz verilən dərman preparatları ilə bağlı, işlə təmin olunma, pensiya təminatı və təqaüdün təyin olunması ilə əlaqədar statistik məlumatların hesabatda öz əksini tapmadığını diqqətə çatdırıblar.

Nazirlər Kabineti Aparatının Humanitar və sosial məsələlər şöbəsinin müdiri Sevinc Cabbarova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri Fərid Bağırzadə səsləndirilən fikirlərə münasibət bildirib, suallara aydınlıq gətirib, təkliflərin nəzərə alınması üçün qeydiyyatı aparılıb.

Müzakirələrin sonunda gündəlikdə duran məsələ ilə əlaqədar Sosial siyasət komitəsinin rəyi oxunduqdan sonra Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatı irad və təkliflər nəzərə alınmaqla Ali Məclisin müzakirəsinə tövsiyə olunub.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM