Ən böyük istəyimizi Allah yolunda qurban verməyə hazır olmağın simvoludur Qurban

Ən böyük istəyimizi Allah yolunda qurban verməyə hazır olmağın simvoludur Qurban

Qurban bayramı İslamın ən böyük bayramlarından biridir. Çox vaxt qoyun və qoç kəsməklə məhdudlaşan Qurban bayramının vaciblik dərəcəsi bir çox hallarda başa düşülmür. Molla Nəsrəddin demişkən, min illərdir, qeyd olunan bu bayram elə bir qoyunun üstündəmi bərqərardır?

Qurban bayramı, sadəcə, Allah yolunda heyvan kəsmək deyil, Allah yolunda ən çox istədiyi arzusunu, istəyini, onu qurban verməyə hazır olmağın simvoludur. Qurban bayramı bizə Hz. İbrahim Peyğəmbərdən yadigar qalıb. Məhz buna görə də Allah- taala bu günü ilin digər günləri içərisindən seçərək iki böyük bayramından biri elan etmiş, İbrahimin bu qurbanının xatirəsini yaşatmağı və lazım gəlsə, yaşaya bilməyi bizə tövsiyə etmişdir. Qurban ərəbcə “qürb” – “yaxınlıq” sözünün ən yüksək məqamıdır və Allaha ən yüksək dərəcədə yaxın olmaq” mənasını verir.

Qurban bayramı müsəlman təqviminin 12-ci ayı olan Zilhiccə ayının 10-cu günü, Məkkəyə həcc dövründə qurbanlıq heyvanların kəsilməsi şəklində qeyd olunur. Bu bayram müsəlmanların həcc ziyarəti mərasiminin bir hissəsidir. Qurban vermək, qurban kəsmək adəti İslamdan çox-çox əvvəl dünyanın bir çox xalqlarında olmuşdur. Qədim dövrlərdə qurban verilənlərin əksəriyyəti hərbi əsirlər olmuşdur. Çünki müharibədə ələ keçirilən əsirləri saxlamaq əlavə xərc idi. Buna görə də onların qurban verilməsi ən əlverişli və müqəddəs əməliyyat sayılırdı. Atəşpərəstlər isə insanı odda yandırırdılar. Onlar bu yolla guya Allaha yaxın olduqlarını göstərirdilər. Qədim Çində də insanları tanrılara qurban vermək adəti var idi. Bu ölkələrdə təbii fəlakətlərdən, daşqınlardan hifz olunmaq üçün uşaqları çaya atırdılar. Karfagenlilər Allah saydıqları Moloxa qarşısında borclarını ödəmək üçün uşaqlarını qurban verirdilər. Şərq xalqlarında da öz qızlarını qurban vermək adəti olub. Həzrəti İbrahim isə öz oğlunu Allaha təmənnasız qurban etməklə dinlər tarixində əvəzsiz inqilab yaratdı.

İslam dinində Qurban bayramı “böyük bayram” adlanır. Bayram günü məscidlərdə xüsusi bayram namazı qılınır, dəvə, mal-qara, davar qurban kəsilir, vəfat etmiş əziz adamların xatirəsi yad edilərək evlərdə və qəbiristanlıqlarda dua oxunur, ehsan verilir.

Qurban bayramında kəsilən qurbana “İsmayıl qurbanı” da deyirlər. Çox sevdiyi balasını Allah yolunda qurban verməyə hazır olması Peyğəmbərin (Ə) Allah qarşısında imanının, səmimiliyinin və mütiliyinin bariz sübutudur. Odur ki, din tarixində dərin iz salmış bu hadisə Allaha inamın, dərin etiqadın nümunəsidir. Bu hadisə onu göstərir ki, insanlar Allahı sonsuz imanla sevməli və öz sevgilərində bu cür səmimi olmalıdırlar. Çətin anlarda Allahı yada salıb, yaxşı zamanlarda Onu unutmaq möminə yaraşan hərəkət deyil!.. "Qurani-Kərim"də hansı heyvanların qurban kəsilməsi ilə bağlı buyurulur: “Biz hər bir ümmət üçün qurbangah müəyyən etdik və ya hər bir ümmətə qurban kəsməyi lazım bildik ki, Allahın onlara ruzi verdiyi ənam (davarlar) cinsindən heyvanları kəsərkən Allahın adını çəksinlər (bismillah desinlər)”. Qurban bayramında kəsilən qurbanlar üç növə bölünür:

1. Dəvə 5 yaşı tamam olmalıdır.

2. İnək 1 yaşı tamam olmalıdır.

3. Qoç 6 və ya 7 ayı tamam olmalıdır.

Qurbanlıq üzü qibləyə kəsilməli və kəsənin müsəlman olması vacibdir. Yaxşı olar ki, bayram namazı qılınandan sonra Qurban kəsilsin. Qurbanı kəsəndən sonra onun ətinin bölünməsi məsələsi də şəriət qanunlarına uyğun olmalıdır. Dini qaydalara görə ət 3 hissəyə bölünməli, ailə üzvlərinə, qohum əqrəbadan olan ehtiyaclılara və qonşu ətrafdan olan ehtiyaclı müsəlmanlara paylanılmalıdır. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” Qanununa əsasən Qurban bayramı ölkəmizdə də dövlət səviyyəsində bayram edilir.

Bu bayramın əsas məqsədi heyvan kəsib ətindən yemək deyil. Uca Allah bu bayramın mahiyyətinə işarət edərək buyurur: “Onların nə əti, nə də qanı Allaha çatmaz. Ona yalnız sizin təqvanız çatar. Sizi doğru yola yönəltdiyinə görə, Onu uca tutasınız deyə, bu heyvanları sizə, beləcə, ram etdi. Sən isə yaxşılıq edənləri müjdələ!”

Qurban bayramı həm həmrəyliyin, həm də mənəvi hisslərin güclənməsi üçün mühüm hadisədir. Qurban kəsərkən heyvana işgəncə verməmək, incitməmək, tez hərəkət etmək və İslam qaydalarına riayət etmək çox vacibdir.

Bu bayram, əslində, mahiyyət etibarilə bizə sanki deyir ki, biz də öz İsmayılımızı Minaya aparmalıyıq. Bizim İsmayılımız kimdir? Bizi həqiqəti eşitməyə, görməyə, bilməyə mane olan, məsuliyyəti qəbul etməkdən çəkinən, yalana sövq edən hər şey. Həqiqət isə təkdir. Hansı yolu seçsəniz Hz. İbrahimin hekayəsi vacibdir. Yəni Hz. İbrahimin Allaha verdiyi sözə əməl etməsi deyil, həqiqətə çatmaq üçün həyatının ən dəyərli varlığını qurban verməyə razı olmasıdır. Bəs biz öz müqəddəratımız üçün öz İsmayılımızı qurban verməyə hazırıqmı?

Bayramımız mübarək.

Fariz Əhmədov

Naxçıvan televiziyasının baş redaktoru

 

Xəbər lenti
Unudulmayan qəhrəmanlar…

15:59 24.06.2024

Çox oxunan xəbərlər

CANLI YAYIM