Daima asayişi təmin edən Azərbaycan polisi

Daima asayişi təmin edən Azərbaycan polisi

Bəli, daima asayişi təmin etmək oldu amalları, məramları. Bu yolda da canlarını fəda etdi bir çoxları. Axı onları sevinclə yola salıb, ümidlə qarşılayan sevənlərini necə gözüyaşlı qoymaq olar? Necə qıymaq olar asayişin keşiyində duran xidmət keşikçilərinə? Sapı özümüzdən olan qanıpozuq canilər ən çox zərbə vurdu bizə. İstər müstəqillikdən əvvəlki dönəmdə olsun, istərsə də indi. Onların qırıntıları bu gün hələ də qalmaqdadır. Başıpozuqcasına bütün düzəni pozmaq, anarxiya yaratmaq və insanları bir-birinə qarşı qoymaqdır amalları, məramları. Bu gün paytaxtın Xəzər rayonunun Şüvəlan qəsəbəsində axtarışda olan şəxsin saxlanılması məqsədilə keçirilən əməliyyat zamanı həlak olan polis əməkdaşları – polis kapitanı Eldəniz Məmmədov, polis serjantı Mahir Ağayev və polis serjantı Mirəli Heydərov bu gün torpağa tapşırıldı. Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki insidentdə üç polis əməkdaşını qətlə yetirən Rövşən Allahverdiyev bir müddət əvvəl Türkiyədən ölkəyə qayıdıb. O, polis əməkdaşlarına mane olmaq məqsədilə ailə üzvlərini önə verərək yayınmağa və cavab tədbirlərinin qarşısını almağa cəhd edib, yaranmış vəziyyətdən istifadə edərək “Lancaster” markalı ov silahından atəş açaraq üç polis əməkdaşını və bir mülki vətəndaşı qətlə yetirib.

Özü də zərərsizləşdirilən cani gör neçə ailəni kədərə bürüdü, gör neçə övladı ailəsiz qoydu, gör neçə evi səssiz, işıqsız, gülüşsüz qoydu. Hələ 10 gün sonra toyu olacaqdı polis serjantı Mahir Mayıl oğlu Ağayevin, onun yolunu gözləyən nişanlısının, ailəsinin xəyallarını puç etdi. Təkcə polis əməkdaşlarına açılmadı o güllə. Onların ailəsinə, sevənlərinə, dostlarına, övladlarına və bütövlükdə, bütün Azərbaycana açıldı. Bu cür alçaq, məkrli və riyakar əməli ancaq qanıpozuq bir cani edə bilər.

 Gəlin bu hadisəni unutmayaq, unutdurmayaq. Bu gün həlak olmuş polislərimizin və heç nədən xəbərsiz ölümə addımlayan qonşunun aqibətini biz yaşaya bilərik. Gözüaçıq olaq. Dövlətin təhlükəsizliyini təmin edənlərə hər addımda kömək olaq. Gəlin qanunlara əməl edək, günahkarları müdafiə etməyək, caniləri qorumayaq. Minlərlə başlıqla ildırım sürətli qaraxəbər kimi ölkənin hər yerinə yayılan bu xəbərləri eşitməmək üçün həssas olaq, soyuqqanlı olaq. Özümüzü bir anlıq həlak olan polis əməkdaşlarının yerinə qoyaq. Əlimizi vicdanımıza qoyaq və deyək: Biz gecə evimizdə, ailəmizin yanında, şəhərimizdə və istirahətə gedərkən təhlükəsizliyimizi təmin edən polislərimizə borcluyuq. Tanrı polislərimizi onların geyim formasındakı gerbdə əks olunmuş palıd yarpağı qədər uzunömürlü etsin.

Fariz Əhmədov

Naxçıvan televiziyasının baş redaktoru

 

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM