Əmək Məcəlləsində, Mülki Prosessual Məcəlləsdə, Ailə Məcəlləsində, Mülki Məcəllədə, Seçki Məcəlləsində, Rəqabət Məcəlləsində, “Hərbi qulluqçuların statusu haqqında”, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Həmkarlar ittifaqları haqqında”, “Sosial sığorta haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Yaşayış minimumu haqqında”, “Sosial müavinətlər haqqında”, “Təhsil haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Ümumi təhsil haqqında”, “Siyasi partiyalar haqqında”, “Diplomatik xidmət haqqında” və “Xüsusi icra məmurları haqqında” qanunlara təklif edilən dəyişikliklər birinci oxunuşda təsdiqlənib.
NTV xəbər verir ki, bununla bağlı qanun layihəsi parlamentin noyabrın 17-də keçirilən iclasının gündəliyinə daxil edilib.
Qanun layihəsində əməkhaqqı təminatlarının gücləndirilməsi, ödənişlərdə şəffaflığın artırılması, sosial sığorta mexanizmlərinin təkmilləşdirilməsi və istirahət hüququnun real təmin olunması üzrə dörd əsas istiqamət müəyyən edilib. Belə ki, layihədə müəyyən fəaliyyət sahələrində çalışan işçilərin əməyinin ödənilməsində bərabər və ədalətli yanaşmanın təmin edilməsi məqsədilə saatlıq əməkhaqqı sisteminin tətbiqi nəzərdə tutulub. Digər dəyişikliklər əmək haqqı ödənişlərinin elektronlaşması ilə bağlıdır. Bu sistemin tətbiqi əməyin ödənişlərində yarana biləcək bəzi neqativ halların qarşısını alacaq. Dəyişikliklərin üçüncü istiqaməti uşağa qulluğa görə müavinət almaq hüququnun tənzimlənməsi ilə bağlıdır. Sənəddə üç yaşınadək uşağa qulluğa görə müavinət almaq üçün ən azı 6 ay sosial sığorta stajının olması təklif edilir. Əlaqəli qanunlarda sosial məzuniyyət və müavinətlə bağlı müddəalar da bu yanaşmaya uyğunlaşdırılır. Bundan başqa, həm hamiləliyə və doğuma görə müavinət, həm də üç yaşınadək uşağa qulluğa görə müavinət bundan sonra sosial sığorta müavinəti kimi təyin edilir və ödənilir. Beləliklə, bu ödəniş sığortaolunanın ödədiyi sosial sığorta haqları ilə birbaşa əlaqələndirilir və vahid sosial sığorta sisteminə daxil olur.
Layihədə Əmək Məcəlləsinin 134-cü maddəsində məzuniyyətin başqa vaxta keçirilməsi halları yeni redaksiyada verilir. Eyni zamanda, əmək münasibətlərinə xitam verilməsi halı istisna olmaqla, 21 günlük minimum əmək məzuniyyətinin pul kompensasiyası ilə əvəzlənməsinə yol verilmir.
Qanun layihəsinin əsas mahiyyəti əmək qanunvericiliyini müasir əmək bazarının reallıqlarına uyğunlaşdırmaq və işçinin hüquqlarını daha etibarlı qorumaqdır.
