Avropa ilə Asiya arasında nəqliyyat-kommunikasiya əlaqələrinin yenidən formalaşdığı, beynəlxalq yükdaşımalarda alternativ marşrutların əhəmiyyətinin artdığı bir dövrdə Türkiyənin dəmir yolu infrastrukturunun inkişafına yönələn iri investisiya layihəsi region üçün xüsusi əhəmiyyət kəsb edir. İslam İnkişaf Bankı (İİB) ilə Türkiyə arasında İstanbulun şimalında dəmir yolu əlaqəsinin yaradılmasını nəzərdə tutan İstanbul Şimal Dəmir Yolu Keçidi (INRAIL) layihəsi üzrə 660 milyon avro məbləğində maliyyələşdirmə sazişinin imzalanması da bu baxımdan diqqətəlayiq hadisədir.
NTV xəbər verir ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində Antalyada imzalanan saziş ilk növbədə Türkiyənin nəqliyyat infrastrukturunun gücləndirilməsinə xidmət etsə də, onun təsir dairəsi ölkə sərhədləri ilə məhdudlaşmır.
Layihə Avropa-Asiya nəqliyyat əlaqələrinin genişləndirilməsi, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) rəqabət qabiliyyətinin artırılması və Azərbaycanın tranzit imkanlarının inkişafı baxımından da mühüm perspektivlər yaradır.
Layihə çərçivəsində təxminən 127 kilometr uzunluğunda elektrikləşdirilmiş və müasir siqnalizasiya sistemi ilə təchiz edilmiş dəmir yolu infrastrukturunun yaradılması nəzərdə tutulur. Yeni xətt İstanbulun sıx şəhər ərazisindən yan keçməklə Avropa və Asiya arasında dəmir yolu daşımalarının daha səmərəli təşkilinə imkan verəcək. Layihənin reallaşması nəticəsində Bosfor boğazı üzərindən dəmir yolu ilə yükdaşıma imkanlarının illik 3 milyon tondan 50 milyon tonadək artırılması gözlənilir. Bu, mövcud imkanlarla müqayisədə 15 dəfədən çox artım deməkdir. Layihənin ümumi dəyəri təxminən 8,3 milyard dollardır. Onun maliyyələşdirilməsində İİB ilə yanaşı Dünya Bankı, Asiya İnkişaf Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və OPEC Beynəlxalq İnkişaf Fondu iştirak edir. Beləliklə, söhbət yalnız yeni dəmir yolu xəttinin tikintisindən deyil, Avropa ilə Asiyanı birləşdirən beynəlxalq nəqliyyat sistemində strateji əhəmiyyətli bir darboğazın aradan qaldırılmasından gedir.
INRAIL layihəsinin Azərbaycan üçün əhəmiyyətini müəyyən edən əsas amillərdən biri onun Orta Dəhlizin qərb istiqamətindəki nəqliyyat imkanlarına təsiridir. Məlum olduğu kimi, Orta Dəhliz Çin və Mərkəzi Asiya ölkələrini Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropa ilə birləşdirən mühüm beynəlxalq nəqliyyat marşrutudur. Bu marşrutun əsas üstünlüklərindən biri Avrasiya məkanında ticarət əlaqələrinin şaxələndirilməsi və yüklərin alternativ istiqamətlər üzrə daşınması üçün imkan yaratmasıdır. Azərbaycan Orta Dəhlizin əsas iştirakçılarından biri kimi bu marşrutun inkişafında strateji maraqlara malikdir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Azad İqtisadi Zonası və ölkənin dəmir yolu infrastrukturuna yatırılan investisiyalar Azərbaycanın beynəlxalq logistika qovşağı kimi mövqeyini gücləndirir.
Orta Dəhlizlə Xəzər dənizindən Azərbaycana daxil olan yüklərin Gürcüstan və Türkiyə üzərindən Avropa bazarlarına çatdırılması üçün əlavə imkanlar formalaşacaq. Bu isə marşrutun ümumi ötürücülük qabiliyyətinin artırılması və beynəlxalq logistika şirkətləri üçün daha cəlbedici hala gəlməsi baxımından əhəmiyyətlidir. INRAIL layihəsinin Azərbaycan üçün əsas iqtisadi üstünlüklərindən biri tranzit daşımalarının artması perspektividir.
Dünya ticarətində təchizat zəncirlərinin şaxələndirilməsi prosesi sürətləndikcə, yük sahibləri alternativ və etibarlı nəqliyyat marşrutlarına daha çox üstünlük verirlər. Bu şəraitdə daşımaların sürəti, qiyməti, proqnozlaşdırıla bilməsi və fasiləsizliyi ölkələrin tranzit rəqabətində əsas meyarlara çevrilir.
Türkiyənin dəmir yolu imkanlarının genişlənməsi Azərbaycanın bu rəqabətdə mövqelərinin gücləndirir. Bu layihə tranzit yük həcmlərinin artmasını, logistika xidmətlərinə tələbatın genişlənməsini, nəqliyyat marşrutlarının şaxələndirilməsini, Azərbaycanın regional logistika mərkəzi kimi mövqeyinin möhkəmlənməsini şərtləndirir.
INRAIL layihəsi Azərbaycan-Türkiyə münasibətlərinin iqtisadi və nəqliyyat-logistika istiqamətində inkişafı baxımından da əhəmiyyətlidir. İki ölkə arasında münasibətlər siyasi, iqtisadi, enerji və müdafiə sahələrində strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Nəqliyyat infrastrukturu isə bu tərəfdaşlığın regional və beynəlxalq miqyasda daha geniş iqtisadi məzmun qazanmasına xidmət edir. Xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin potensialından daha səmərəli istifadə edilməsi, Xəzər dənizi limanları ilə Türkiyənin dəmir yolu şəbəkəsi arasında yükdaşımalarının əlaqələndirilməsi və Avropa istiqamətində vahid logistika xidmətlərinin formalaşdırılması yeni əməkdaşlıq imkanları yaradır.
Beləliklə, INRAIL layihəsi yalnız iqtisadi səmərəlilik deyil, həm də dayanıqlı nəqliyyat modelinin formalaşdırılması baxımından regional əhəmiyyət daşıyır. Layihənin reallaşması Bosfor boğazı üzərində dəmir yolu daşımalarının imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək, Avropa ilə Asiya arasında yükdaşımalarının səmərəliliyini artıracaq və Orta Dəhlizin qərb istiqamətində mövcud infrastruktur məhdudiyyətlərinin azaldılmasına kömək edəcək. Azərbaycan üçün isə bu proses yeni tranzit imkanları, artan logistika xidmətləri bazarı, beynəlxalq ticarət əlaqələrinin genişlənməsi və regional nəqliyyat qovşağı statusunun möhkəmlənməsi baxımından da əhəmiyyətlidir.
Nəticə etibarilə, INRAIL layihəsi Azərbaycanın da iştirak etdiyi Avrasiya nəqliyyat arxitekturasının inkişafına xidmət edən strateji investisiyadır. Türkiyənin dəmir yolu infrastrukturuna yatırılan bu sərmayə Azərbaycanın tranzit potensialının genişlənməsi üçün yeni imkanlar açmaqla yanaşı, Bakı-Ankara iqtisadi tərəfdaşlığının regional və qlobal miqyasda əhəmiyyətini də artırır.
