Azərbaycan və Litva müdafiə nazirlikləri arasında 2026-cı il üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, Litvanın General Yonas Jemaytis adına Hərbi Akademiyasının nümayəndə heyəti ölkəmizə səfər edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən NTV-yə verilən məlumata görə, akademiyada təşkil olunan “Vytautas Magnus Quru Qoşunları Komandir-Qərargah kursu”nda Litva ilə yanaşı, Azərbaycan, Moldova və Ukrayna silahlı qüvvələrinin hərbi qulluqçuları təhsil alırlar. Səfərin əsas məqsədi kurs dinləyicilərini Vətən müharibəsində icra olunan əməliyyatlar barədə məlumatlandırmaq, onları bu əməliyyatların taktiki və strateji nəticələri, eləcə də müharibədən çıxarılan hərbi dərslərlə tanış etməkdir.
Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunda olan nümayəndə heyətinə burada mövcud təhsil imkanları, zabit heyətinin hazırlanması sistemi və tətbiq edilən təhsil konsepsiyası barədə ətraflı məlumat verilib.
Səfər çərçivəsində Azərbaycan Hərb Tarixi Muzeyini də ziyarət edən qonaqlar ölkəmizin hərb tarixi və Vətən uğrunda canından keçmiş şəhidlərimizin qəhrəmanlıq yolu ilə yaxından tanış olublar.
Qeyd edək ki, bu səfər ölkələrimiz arasında hərbi təhsil sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
