24 saat təhlükəsiz yaşamaq istəyən hər kəsin etibar etdiyi Azərbaycan polisi

24 saat təhlükəsiz yaşamaq istəyən hər kəsin etibar etdiyi Azərbaycan polisi

Elə qurumlar vardır ki, onların amalı, qayəsi və ideyası onların öz daxilində mənəvi bir öhdəlik yaradır. Polis xidməti, polis keşiyi, polis andı da məhz bu amala, bu qayəyə xidmət edir. Bu gün Azərbaycan Respublikasının təhlükəsizliyinin, asayişinin keşiyində duranların günüdür. Bu peşə bəzən onların həyatı bahasına başa gəlir. Onların bu vəzifəni layiqincə yerinə yetirmələrindən 106 il ötür. Ulu Öndər Azərbaycan polisi haqqında deyirdi: “Azərbaycan iqtisadi, elmi, mədəni, intellektual potensialı ilə yanaşı, daxili işlər orqanları sistemində də böyük potensial vardır. Qeyd edim ki, müstəqilliyi təmin etmək üçün bir neçə dövlət atributu mövcuddur. Əgər onların biri ordudursa, digəri müstəqil xarici siyasətdirsə, o birisi də Daxili İşlər Nazirliyi, polis orqanlarıdır”.

Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin bəyan edilməsi ilə milli hökumətin tərkibində Daxili İşlər Nazirliyi yaradıldı. 2 illik fəaliyyət dönəmində nazirlik Azərbaycan dövlətinin formalaşmasında, təhlükəsizliyin təmin olunmasında, milli maraqların formalaşmasında və ən əsası asayişin qorunmasında mühüm rol oynadı. Hər daim müstəqilliyin müdafiəsində ön sıralarda olan bu orqana elə ilk rəhbərliyi görkəmli dövlət xadimi Fətəli Xan Xoyski etdi. O, Azərbaycan üçün ən ağır və mürəkkəb bir dövrdə, birmənalı şəkildə, demək olar ki, Azərbaycanın varlığının həll olunduğu illərdə fəaliyyət göstərib. Həmçinin bu gün Azərbaycanın bayrağı olan ağ rəngli aypara və səkkizguşəli ulduzla mavi, qırmızı və yaşıl rənglərdən ibarət olan milli rəmzimizin qəbul olunmasının səbəbkarı və təşəbbüskeşi məhz Fətəli xan Xoyski olub. O həm də 1918-ci il iyul ayının 2-də polis bölümünün yaradılması əmrinin təşəbbüskarı, iyulun 15-də Güney Qafqaz ərazisində türklərə və müsəlmanlara qarşı törədilən qətliamları öyrənmək və günahkarları məsuliyyətə cəlb etmək üçün Fövqəladə Təhqiqat Komissiyasının yaradıcısı, 31 mart tarixinin “Azərbaycanlıların Soyqırımı Günü” kimi qeyd olunmasının qərardadı idi. Dövlətin müstəqilliyini qorumağı prioritet vəzifə hesab edən Daxili İşlər Nazirliyi hər zaman başqa dövlətlərin Azərbaycanın daxili işlərinə qarışmasına qarşı etiraz edib. 1920-ci il aprelin 27-dən sonra Azərbaycan SSR Daxili İşlər Nazirliyi sosialist quruluşuna uyğun, mahiyyətcə sinfi xarakter daşıyan orqan idi. Həmin dövrdəki çətinliklərə baxmayaraq, Azərbaycanın daxili işlər orqanları cinayətkarlığa qarşı mübarizə, ictimai təhlükəsizliyin qorunması sahəsində böyük təcrübə qazanır, respublikada asayişin, əmin-amanlığın keşiyində mətanətlə dayanaraq təşkilati cəhətdən möhkəmlənirdi. 1941-1945-ci illərdə faşizm ilə mübarizədə Azərbaycan polisinin 800 nəfərə yaxın əməkdaşı rəşadətlə vuruşaraq yüksək orden və medallara layiq görülüblər. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə çoxlu sayda polis əməkdaşı, Daxili Qoşunların hərbi qulluqçuları şəhid olub. Müxtəlif illərdə Daxili İşlər Nazirliyinin əməkdaşları “Milli Qəhrəman”, “Azərbaycan Bayrağı” ordeni və müxtəlif orden və medallarla təltif ediliblər. 18 oktyabr 1991-ci ildən Azərbaycan Respublikasının Dövlət müstəqilliyi bərpa olduqdan sonra Azərbaycanın Daxili İşlər Nazirliyi suveren bir qurum kimi fəaliyyət göstərir. Ama bu dövrü xatırlayanlar bilir ki, müstəqilliyimizin ilk illərində polis orqanlarında hökm sürən özbaşınalıq, anarxiya ölkəyə çox böyük zərbə vururdu. Həqiqətdir ki, 1991-1993-cü illərdə Azərbaycanın uğurlu inkişafı təmin edilmir, sakitlik pozulur, daxili çəkişmələr baş verirdi. Və bu çəkişmələr də vəziyyəti vətəndaş müharibəsinə sürükləyirdi. 1993-cü ildən isə, demək olar ki, Daxili İşlər Nazirliyinin yeni inkişaf mərhələsi başladı. Təbii ki, bu inkişaf mərhələsini də Ulu Öndərsiz təsəvvür etmək vicdansızlıq olar. Hüquq-mühafizə orqanlarının bünövrəsinin qoyulmasına və yaxud başlanğıcı hələ Ulu Öndərin hakimiyyətə birinci dəfə gəldiyi, yəni 1969-cu ildən başlayır. 1921-ci il sentyabrın 28-də Bakı Milis Məktəbi kimi təsis edilmişdi. 1957-ci il fevralın 23-də Bakı Xüsusi Orta Milis Məktəbi kimi fəaliyyətini davam etdirən bu təhsil müəssisəsinin bazasında 1992-ci il mayın 23-də Azərbaycan Polis Akademiyası yaradıldı. Yüksək peşəkar milli polis kadrlarının hazırlanması istiqamətində əldə edilən nailiyyətlər Ümummilli Lider Heydər Əliyevin Azərbaycan polisinin inkişafından ötrü atdığı ən böyük addımlardan biri idi. Respublika Prezidentinin 1998-ci il 24 may tarixli Fərmanla isə 2 iyul “Azərbaycan Polisi Günü” elan olundu. “Polis haqqında” Qanunun qəbulu isə ölkədə vahid hüquq-mühafizə orqanının yaradılması demək idi. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli Fərmanı ilə “Daxili İşlər Nazirliyinin Əsasnaməsi və strukturu” təsdiq edildi.

Hazırda Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə əsası Ulu Öndər tərəfindən qoyulmuş Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində fasiləsiz və məqsədyönlü işlər aparılır. Bu məqsədyönlü işlər isə polis orqanlarında çalışanların qarşısına yeni və mühüm vəzifələr qoymaqla yanaşı, onların məsuliyyətini daha da artıraraq hər bir polis əməkdaşına bu şərəfli peşədə çalışmağın qürurunu duymağı hiss etdirir. Cənab Prezidentində dediyi kimi: “…Polis orqanlarının əməkdaşları özlərini insanlarla təmasda elə aparmalıdırlar ki, onlara hörmət daha çox olsun. Polisə olan hörmət dövlətə olan hörmətdir. Polis əməkdaşları qanun keşiyində dayanırlar. Polis əməkdaşları cinayətkarlığa qarşı mübarizə aparırlar. Onlar öz həyatlarını risk altına qoyurlar və vətəndaşlar bunu unutmamalıdırlar. Yəni cəmiyyətin, ölkəmizin rahat, təhlükəsizlik şəraitində yaşamasını polis orqanları təmin edirlər”.

Fariz Əhmədov 

Naxçıvan televiziyasının baş redaktoru

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM