XİN: Azərbaycan-Çin ənənəvi dostluq və əməkdaşlıq əlaqələri yüksələn xətlə inkişaf etməkdədir

XİN: Azərbaycan-Çin ənənəvi dostluq və əməkdaşlıq əlaqələri yüksələn xətlə inkişaf etməkdədir

Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və əməkdaşlıq əlaqələri son illər ərzində yüksələn xətlə inkişaf etməkdədir. Azərbaycan və Çin liderləri arasındakı səmimi dostluq və əməkdaşlıq əlaqələri dövlətlərarası münasibətlərimizin inkişafına böyük təkan verib və bu görüş bir daha göstərdi ki, Azərbaycan-Çin siyasi əlaqələri tarixinin ən yüksək səviyyəsindədir.

NUHÇIXAN xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Astanada ikitərəfli və çoxtərəfli görüşləri ilə bağlı Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin yerli medianın suallarına cavabında deyib.

A.Hacızadə qeyd edib ki, Çin hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini, Azərbaycan isə “Vahid Çin” siyasətini dəstəkləyib:

"Görüş zamanı, Azərbaycan və Çin dövlət başçıları qarşılıqlı hörmət, bərabərhüquqluluq, etimad, qarşılıqlı dəstək, qarşılıqlı fayda və əməkdaşlıq prinsiplərinə əsaslanaraq, dövlətlərimiz arasındakı əlaqələrin keyfiyyətcə yeni, strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsinə dair qərar verib və Strateji Tərəfdaşlığın Qurulması haqqında Birgə Bəyannamə ilə çıxış ediblər.

Bununla yanaşı, “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında Çin-Avropa Dəmir Yolu Ekspresi üçün Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutlarının inkişaf etdirilməsi haqqında Anlaşma Memorandumu”, habelə “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Çin Xalq Respublikasının Milli İnkişaf və İslahat Komissiyası arasında Kəmər və Yol Təşəbbüsü üzrə Əməkdaşlıq Planının formalaşdırılmasının birgə sürətləndirilməsinə dair Anlaşma Memorandumu” iki ölkə arasında münasibətlərin yüksələn xətlə inkişafının sübutudur. Eyni zamanda, Azərbaycanın birtərəfli qaydada Çin vətəndaşlarını ölkəyə gəliş vizasından azad etməsi və bunun növbəti mərhələdə qarşılıqlı olması barədə XİN-lər arasında işin aparılmasına dair razılıq turizmin və xalqlarımız arasında əlaqələrin artmasını təşviq edəcək".

Həmçinin iki ölkə liderlərinin qarşılıqlı şəkildə Azərbaycan və Çinə dövlət səfərləri həyata keçirmək istiqamətində dəvətlərinin əlaqələrin inkişafına əlavə töhfə verəcəyi danılmazdır: "Əminik ki, Azərbaycan-Çin strateji tərəfdaşlığı həm ikitərəfli əsasda, həm də regional və beynəlxalq təşkilatlar çərçivəsində təmasların artırılması, mübadilələrin intensivləşdirilməsi və beləliklə də əməkdaşlığımızın hərtərəfli dərinləşməsi işinə yeni dinamika gətirəcəkdir. Strateji tərəfdaşlığımız eyni zamanda, iqtisadiyyat, ticarət, nəqliyyat və investisiyalar və bir çox digər sahələrdə əməkdaşlığımızın həm kəmiyyət, həm keyfiyyətcə yeni səviyyəyə yüksəlməsinə təkan verəcək".

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM