Paytaxtda keçiriləcək bal yarmarkasının tarixi və yeri dəyişdirilib. 26-cı Arıçılıq Məhsullarının Ənənəvi Respublika Sərgi-Satış Yarmarkası noyabrın 27-dən dekabrın 11-dək keçiriləcək.
NTV xəbər verir ki, yarmarka Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC və Azərbaycan Arıçılar Assosiasiyası birgə təşkilatçılığı ilə reallaşacaq.
Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçiriləcək bal yarmarkasında növbəlilik prinsipi əsasında ilk olaraq qeydiyyatdan keçmiş, 2026-cı il sentyabrın 1-dək Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində təsərrüfatında ən azı 40 arı ailəsi olduğunu bəyan etmiş 52 rayondan 300-ə yaxın arıçı fermer iştirak edəcək.
Yarmarkada iştirak ödənişsizdir və hər fermer ən çoxu 450 kiloqram bal (qablaşdırma daxil olmaqla) və 30 ədəd arı şanı sata biləcək. Fermerlərə satış yeri, ləvazimat və marketinq dəstəyi veriləcək.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları əməkdaşları baldan yerində nümunə götürüb laboratoriyada yoxlayacaq, yalnız keyfiyyət standartlarına cavab verən məhsullar yarmarkaya buraxılacaq.
Qeyd edək ki, yarmarkanın məqsədi yerli arıçıların satış imkanlarını genişləndirmək, istehsalçı ilə istehlakçı arasında birbaşa əlaqə yaratmaq və əhalinin keyfiyyətli yerli bala çıxışını təmin etməkdir.
