Bu gün Azərbaycanın Milli Qəhrəmanı Koroğlu Rəhimovun doğum günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Koroğlu Rəhimovun doğum günüdür

Ölkəmizin elə bir bölgəsi yoxdur ki, o yurdda doğulub boy atan gənclərimiz vətənini sevib, ona bağlı olmasın. Odlar diyarı olan Azərbaycan tarixən hər zaman öz bütövlüyünü qəhrəman övladları sayəsində qoruyub. Hər nə qədər vətənimizin üstündə qara buludlar olsa da, bu buludları dağıtmaq üçün özünü sipər edən igidlərimiz də var olub. Torpağımıza göz dikənlərin önündə sinəmizdən çəpər qurulub, amma kimsəyə vətəndən pay verilməyib. Məhz buna görə Azərbaycan hər zaman qəhrəmanları ilə tanınan xalq olub.

Birinci Qarabağ müharibəsində iştirak edən əslən Qərbi Azərbaycandan olan oğullarımızdan 21 nəfəri "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülüb. Onların hamısı torpaq həsrətilə qəlbi köz-köz yanan, düşmənə böyük nifrət bəsləyən gənclər olub. Həmin gənclərdən biri də Koroğlu Rəhimov idi.

1953-cü il oktyabrın 31-də Oğuz rayonunun Xaçmaz kəndində dünyaya göz açan Koroğlu Rəhimov ilk təhsilini Yaqublu kənd orta məktəbində alır. Sonra ailəsi ilə birlikdə ata yurdu Zəngibasar mahalının Sarcalı kəndinə köçən Koroğlu Reyhanlı kənd məktəbində yeddinci sinfə qədər oxuyur. Səkkizinci sinifdən Həbil kənd orta məktəbində təhsilinə davam edən qəhrəman bu illərdə hər zaman fəallığı və savadı ilə fərqlənən şagird olur. Onu tanıyanlar gələcəkdə Uluxanlı mahalının adını yüksəklərə qaldıracağından inanırlar. Çünki o, biliyi ilə bərabər, vətənpərvər, yurduna bağlı gənc idi. Məktəbi müvəffəqiyyətlə başa vuran Koroğlu Rəhimov Azərbaycan Neft Akademiyasının Avtomatika fakültəsinin axşam şöbəsinə qəbul olur. İki il ali təhsil alan qəhrəman hərbi xidmətini yerinə yetirmək üçün ordu sıralarına çağrılır. Almaniyanın Şverin şəhərində hərbi xidmət edən Koroğlu burada da fəallığı ilə seçilən əsgər olur. Xidməti yüksək qiymətləndirilərək qəhrəmanın ailəsinə dəfələrlə komandanlıq tərəfindən razılıq məktubları göndərilir. Əsgəri xidmətini yerinə yetirən Koroğlu Rəhimov Bakı şəhərinə qayıdaraq  Məişət Kondisionerləri Zavodunda əmək fəaliyyətinə başlayır. Həmin dövrdə çətin anlar yaşayan ölkəmizin hakimiyyət çəkişmələri və torpaqlarımızın kənd-kənd işğal olunması Koroğlunu daha da narahat edir. O, dədə-baba yurdundan didərgin düşmənin acısını qəlbində yaşayarkən indi də gözü önündə düşmənin torpaqlarımızı işğal etməsilə razılaşa bilmirdi. Xocalı faciəsindən sonra Koroğlu Rəhimov II Bakı batalyonuna könüllü qatılaraq Hacıkəndə yola düşür. İlk döyüşə Qaradolaq kəndi uğrunda başlayan qəhrəman rəhbərlik etdiyi bölüklə birgə 1992-ci il iyunun 13-də Goranboy ərazisində Buzlaq, Çartaz və Erkəç kəndlərinin azad edilməsində rəşadət göstərib, 15 erməni quldurunu məhv edib, 4 nəfəri əsr alaraq xeyli döyüş sursatı ələ keçirirlər. Sayca üstünlüyə malik olan düşmənlə böyük mübarizə aparan II Bakı batalyonu Koroğlunun komandirliyi ilə irəli gedərək düşmənin yuva saldığı Başkənd kəndini, eləcə də Madagiz və Gülüstan kəndlərini bir-birinin ardınca işğaldan azad edir. İyunun 21-i Madagiz kəndinə yenidən hücuma keçən düşmənlə mübarizə aparan tabor komandiri Yaşar Qarayevlə bir neçə döyüşçü mühasirəyə düşür. Bundan xəbər tutan Koroğlu batalyonu ilə çətin əməliyyatlar apararaq döyüşçü yoldaşlarını ölümün pəncəsindən xilas edir. Uğurlu əməliyyatla Madagiz kəndi ikinci dəfə erməni quldurlarından təmizlənir.

İyul ayının 3-ü Ağdərə döyüşü...

Qəhrəmanın son döyüşü Ağdərə yaxınlığındakı 3-cü sovxoz ərazisinin düşməndən təmizlənməsi uğrunda olur. O, bu döyüşdə ağır yaralanır. Döyüşçü yoldaşları onu xilas etmək üçün xəstəxanaya aparmaq istəsələr də, tankla vurulan avtomobildə qəhrəman şəhadətə yüksəlir. Koroğlu Rəhimov Bakı şəhər Şəhidlər Xiyabanında dəfn edilir.

Vətən torpaqlarının bütövlüyü uğrunda mübarizə aparıb, qəhrəmancasına həlak olan Koroğlu Rəhimovun göstərdiyi igidlik ölkə prezidenti Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilib. O, ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülərək "Qızıl ulduz" medalı ilə təltif olunub. Xatirəsi əziz tutulan qəhrəmanın adına Bakı şəhərində küçə verilərək Nərimanov rayonu ərazisində büstü qoyulub. Onun döyüş yolu haqqında dəfələrlə mətbuatda yazılar dərc edilib və "XX əsrin Koroğlusu" kitabı yazılaraq çap olunub.

Səriyyə Salahova

Naxçıvan televiziyasının əməkdaşı

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM