Ramin Məmmədov: Etnik və dini müxtəliflik ayırıcı yox, qarşılıqlı dialoqu təşviq edən amildir

Ramin Məmmədov: Etnik və dini müxtəliflik ayırıcı yox, qarşılıqlı dialoqu təşviq edən amildir

Etnik və dini müxtəliflik ayırıcı yox, qarşılıqlı dialoqu təşviq edən amildir.

NUHÇIXAN xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Naxçıvanda keçirilən “Dövlət-din münasibətləri: geosiyasi reallıqlar və qlobal çağırışlar kontekstində” konfransındakı çıxışında deyib.

R.Məmmədov bildirib ki, Azərbaycanın dövlət-din münasibətləri sistemi üç mühüm sütuna əsaslanır:

“Bunlardan birincisi güclü, modern dünyəvi dövlətdir. Dünyadakı bütün xalqların dinləri, inanclar sistemi var. Lakin onların heç də hamısının dövləti yoxdur. Dövlətin funksiyası yalnız vətəndaşlarının sosial-iqtisadi rifahını, hüquq və təhlükəsizliyini təmin etməkdən ibarət deyil. O, həm də hər bir xalqın malik olduğu milli-mənəvi dəyərlər sistemini müdafiə mexanizmlərini yaradır. Din bu sistemin bir hissəsidir”.

Komitə sədri bəhs edilən sütunlardan ikincisinin ənənələr olduğunu vurğulayıb:

“Prezident İlham Əliyevin çıxışlarında vurğuladığı kimi, tolerantlıq, multikulturalizm, inanclara, milli-mənəvi dəyərlərə, mədəni irsə hörmət bizim cəmiyyətin həyat tərzidir. Azərbaycan xalqı başqalarının dəyərlərinə, adət-ənənələrinə, irsinə hörmətlə davranmağın alternativini təsəvvür etmir. Xalqımızın təfəkküründə, tarixi yaddaşında başqalarına münasibətdə dözümsüzlük kimi bir anlayış yoxdur. Etnik və dini müxtəliflik ayırıcı xətt deyil, birləşdirici, qarşılıqlı dialoqu təşviq edən amildir”.

Onun sözlərinə görə, dövlət-din münasibətləri sisteminin üçüncü vacib elementi gələcəyə dair aydın və konkret baxışların mövcudluğudur:

“Fərqli etnik və dini kimliklərin daşıyıcısı olan sosial qrupların, icmaların öz gələcəyi barədə təsəvvürlərinin bir-birini inkar etməməsi çox vacib şərtlərdən biridir. Dini inanc və etnik mənsubiyyətindən asılı olmayaraq, onların hamısı öz gələcəklərini vahid bir cəmiyyətdən kənarda təsəvvür etmirsə, bu, ideoloji bütövlüyün, milli həmrəyliyin əlaməti kimi qəbul olunur. Kənar ideoloji müdaxilələrin belə cəmiyyətlərdə parçalanma və qütbləşmə yaratmaq perspektivi məhduddur”.

Xəbər lenti
Vəfa simvolu - FOTOLAR

11:54 13.12.2024

Paşinyan Moskvaya gedib

10:06 13.12.2024

Çox oxunan xəbərlər

CANLI YAYIM