satellite   Azerspace-1: 11135 H 30000

Neftin ucuzlaşmasına təsir edən fundamental iqtisadi səbəblərdən biri təklif-tələb nisbətinin dəyişməsidir

Neftin ucuzlaşmasına təsir edən fundamental iqtisadi səbəblərdən biri təklif-tələb nisbətinin dəyişməsidir

Dünya bazarında “Brent” markalı neftin fyuçers qiyməti oktyabrın sonlarında bir barel üçün 115 dollardan yuxarı yüksəlsə də, noyabrın ilk həftəsində təxminən 95 dollaradək geriləyib. Beləliklə, qısa müddət ərzində neftin qiymətində təxminən 17 faizlik ucuzlaşma qeydə alınıb.

NTV xəbər verir ki, noyabrın 10-da “Brent” markalı neftin qiyməti bir barel üçün 90 dollardan aşağı düşüb. Bu, avqustun sonundan etibarən qeydə alınan ən aşağı göstəricilərdən biri olub.

Noyabrın 12-də London birjasında “Brent” markalı neftin qiyməti 92,39 dollar, Nyu-York birjasında isə “Light” markalı neftinin qiyməti 86,16 dollar təşkil edib.

Neftin qiymətinə təsir göstərən əsas amillərdən biri ABŞ və İran arasında mümkün hərbi qarşıdurma ilə bağlı risklərin azalmasıdır. Cari ilin əvvəlindən etibarən İran ətrafında yaranmış münaqişə dünya neft bazarında ciddi qeyri-müəyyənlik yaradıb. Xüsusilə, Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi ilə bağlı narahatlıqlar neft tədarükünün pozulması ehtimalını artırıb.

Lakin noyabrın əvvəlində ABŞ və İran arasında gərginliyin azalacağına dair gözləntilərin güclənməsi bazar iştirakçılarının risk qiymətləndirmələrinə təsir göstərib. ABŞ Prezidenti Donald Trampın İrana qarşı yaxın müddətdə yeni hərbi zərbələrin gözlənilmədiyi barədə açıqlaması da bazarda müsbət gözləntilər formalaşdırıb. Beləliklə, ABŞ-İran münasibətlərində mümkün yumşalma neft qiymətlərinin aşağı düşməsində mühüm rol oynayıb.

Qiymətlərin aşağı düşməsinin digər mühüm səbəbi əvvəllər məhdudlaşmış neft tədarükünün tədricən bərpa olunmasıdır. OPEC-ə daxil olan 11 ölkənin neft hasilatı oktyabr ayında sutkada 1,38 milyon barel artaraq 22,87 milyon barelə çatıb. Artım əsasən Səudiyyə Ərəbistanı, Küveyt və İraqın hasilatının yüksəlməsi hesabına baş verib.

Digər tərəfdən, Hörmüz boğazı ətrafındakı məhdudiyyətlərə baxmayaraq, alternativ marşrutlardan, boru kəmərlərindən və gəmilər arasında neft ötürülməsi imkanlarından istifadə tədarükün qismən bərpasına şərait yaradıb. Nəticədə, bazarda neft çatışmazlığı ilə bağlı əvvəlki narahatlıqlar müəyyən qədər zəifləyib.

Neftin ucuzlaşmasına təsir edən fundamental iqtisadi səbəblərdən biri də təklif və tələb arasındakı nisbətin dəyişməsidir. Hazırda qlobal neft bazarında artıq təklif müşahidə olunur. Yüksək enerji qiymətləri istehlakın zəifləməsinə səbəb olduğu halda, hasilatın və ixrac həcmlərinin bərpası bazara əlavə neft çıxarılmasına imkan yaradıb. “JPMorgan”ın qiymətləndirməsinə görə, neft bazarında sentyabr ayında sutkada 1,1 milyon barel həcmində artıq təklif formalaşıb. Oktyabr ayında isə bu göstərici 1,4 milyon barelə yüksəlib.

Belə vəziyyət bazarda qiymətlərin aşağı düşməsinə səbəb olur. Çünki neft təklifi tələbi üstələdikdə, alıcılar daha aşağı qiymətlərlə alış etməyə çalışır, satıcılar isə rəqabət şəraitində qiymətləri azaltmağa məcbur qalırlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM