Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı nazirliyin aparatının və struktur qurumlarının idarə edilməsinin təşkili” mövzusunda komanda-qərargah təlimi keçirilib.
NUHÇIXAN xəbər verir ki, təlimin əsas məqsədi baş verə biləcək irimiqyaslı fövqəladə hadisələr zamanı ərazidə yerləşən qüvvə və vasitələrin real imkanlarının müəyyən edilməsi, onların hazırlıq səviyyəsi, qarşılıqlı fəaliyyət və idarəetmə sisteminin, baş verə biləcək fövqəladə halların qarşısının alınması və insanların təxliyəsinin təşkilinin təkmilləşdirilməsi olub.
Komanda-qərargah təliminə nazirliyin qurumlarının qüvvə və vasitələri cəlb edilib.
Təlimin gedişində alınan tapşırıqların dəqiqləşdirilməsi, bölmələrdə və hadisə yerindəki vəziyyətin qiymətləndirilməsi, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması üzrə qərarvermə prosesi, müdaxiləyə uyğun verilən sxemlər, xəritələr üzərində yürüşün, cəmləşmənin, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması məşq etdirilib.
Aparılan işlər barədə qərargahlardan verilən məlumatlar ümumiləşdirilib və qurum rəhbərlərinin məruzələri dinlənilib.
İki gün davam edən komanda-qərargah təlimində qarşıya qoyulan məqsədlərə nail olunub.