Azərbaycanın ilk gəmi kapitanı Şövkət Səlimova İkinci Dünya müharibəsi dövründə dünya üzrə kapitan olan iki qadından biri idi. 1920-ci il dekabr ayının 25-də İsmayıllı rayonunun Lahıc kəndində anadan olan Şövkət Səlimova bir müddət Lahıcda yaşasa da, sonra ailəsi ilə birgə Bakı şəhərinin Şubanı kəndinə köçür. Orta məktəbə burada daxil olan Şövkət Səlimova aviamodelçilər dərnəyinə üzv yazılır. Bu sahə üzərində çox çalışan Şövkət xanım 1935-ci ildə Moskvada aviamodelçilər yarışında iştirak edərək hazırladığı modellə birinci yerin qalibi olur. Onun hazırladığı bu model digər modelləri ötüb keçməsinə görə ona üç il tutduğu birinciliyi qoruyub saxlamağına imkan verir. Şövkət xanım bu sahədə uğur qazansa da, özünü bu peşədə görmür. O, jurnalda ilk gördüyü uzaq səfərlər kapitanı Anna Şetininanın fotosu ilə gəmi kapitanı olmaq istəyir. Orta təhsilini başa vuran Şövkət Səlimova sənədlərini Bakı Su Nəqliyyatı Texnikumunun “Gəmi sürücüsü” fakültəsinə verir. Təhsilini başa vuran Şövkət xanım Azərbaycanda ilk qadın gəmi kapitanı olaraq əmək fəaliyyətinə Odessa Dəniz Gəmiçiliyinin uzaq səfərlərə çıxan “Serqo” gəmisində kapitanın üçüncü köməkçisi olaraq başlayır. O, tezliklə işinin peşəkarı olaraq gəmi heyətinin hörmətini qazanır. Sonra Bakı şəhərinə qayıdan Şövkət Səlimova Xəzər Gəmiçiliyinin gəmilərindən birində kapitan işləyərək fəaliyyətinə davam edir.
İkinci Dünya Müharibəsi başlayan zaman “Dnepr” gəmisinin kapitanı olan Şövkət xanım çətin, mübarizəli bir dövrdə od-alovun içindən əzm və böyük rəşadətlə çıxmağı bacarır. O, göstərdiyi şücaətlərə görə “Qırmızı Ulduz” ordeni, “Qafqazın müdafiəsinə görə” və “1941-1945-ci illərdə Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medallarına layiq görülür. Şövkət Səlimova müharibədən sonra da üç il gəmi kapitanı olaraq fəaliyyət göstərir. Əməyi yüksək qiymətləndirilən xanım kapitan 1948-ci ildə Respublika Ali Partiya Məktəbinə oxumağa göndərilir. O, partiya məktəbini, həm də Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu qiyabi olaraq bitirir. Azərbaycan KP MK-da təbliğat-təşviqat şöbəsinə müdir təyin olan Şövkət xanım dörd il burada çalışdıqdan sonra Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda pedoqoji fəaliyyətə başlayır. Fəaliyyəti müddətində o, mühəndis-iqtisad fakültəsinin dekanı və prorektor vəzifələrində də işləyir. Dissertasiya müdafiə edən Şövkət Səlimova iqtisad elmləri namizədi, alimlik dərəcəsi alır. Şövkət xanım Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda 17 illik əməyinə görə 1971-ci ildə “Azərbaycanın Əməkdar iqtisadçısı” fəxri adına layiq görülür. Sonra Şövkət xanım Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında marksizm-leninizm kafedrasının müdiri və uzun illər “Bilik”cəmiyyəti Bakı təşkilatı sədrinin müavini vəzifəsində işləyir.
Ömrünün böyük bir qismini xalqına xidmətdə keçirən Azərbaycanın ilk qadın gəmi kapitanı, dosent Şövkət Səlimova 79 yaşında Bakı şəhərində vəfat edib.
Səriyyə Salahova
Naxçıvan televiziyasının əməkdaşı