NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi və “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin təşkilatçılığı ilə doğum günü dekabr ayında olan şəhidlərin anım tədbiri keçirilib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli əvvəlcə Heydər Əliyev Sarayının foyesində Birinci və İkinci Qarabağ müharibələrində Naxçıvanın şəhid olmuş qəhrəman övladlarının fotolarından hazırlanan guşəyə baxıb.
Dövlət və hökumət rəsmiləri, şəhid ailələri, qazilər, hərbçilər, kursantlar və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi anım tədbirində Ümummilli Lider Heydər Əliyevin, şəhidlərin və dekabrın 25-də baş vermiş təyyarə qəzasında həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli şəhidlərin əziz xatirəsinə dərin hörmət və ehtiramını bildirib, dekabrın 25-də “Azərbaycan Hava Yolları” şirkətinə məxsus Bakı-Qroznı sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini yad edib.
“Azərbaycan şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına hərtərəfli diqqət və qayğı göstərən nümunəvi ölkədir”, - deyən səlahiyyətli nümayəndə bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına xüsusi diqqət və qayğı göstərilir. Naxçıvanda da şəhid ailələri, qazilər və veteranların sosial müdafiəsinə yönəlmiş tədbirlərin əhatə dairəsi ilbəil genişləndirilir. 2023-2024-cü illərdə Dəstək Fondunun xətti ilə müvafiq kateqoriyadan olan şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətdə tədbirlər həyata keçirilib, 7 şəhid ailəsi və 19 qazi mənzillə, müharibə zamanı və hərbi xidmət vəzifələrini yerinə yetirərkən sağlamlığını itirən 34 şəxs avtomobillə təmin olunub. Hazırda muxtar respublikada hər ay 509 şəhid ailəsi üzvünə Prezident təqaüdü, 181 qaziyə pensiya və 6178 veterana müavinət ödənilir. Ötən 2 il ərzində ümumilikdə Dəstək Fondu tərəfindən 744-ü şəhid ailəsi, 297-si müharibə əlili və 79-u müharibə veteranı olmaqla, 1120 nəfərə 1 milyon 533 manatdan artıq vəsait ödənilib. 2021-2022-ci illərdə Dəstək Fondu tərəfindən şəhid ailələri və qazilərə edilən ödənişlər bu güstəricilərlə müqayisədə 1004 nəfər və ya 1 milyon 199 min 499 manat az olub.
Fuad Nəcəfli diqqətə çatdırıb ki, şəhid ailələri və qazilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması tədbirləri sırasında onların məşğulluq problemlərinin həlli də diqqət mərkəzindədir. Belə ki, 2024-cü ildə şəhid ailələrindən 12-si işlə, 8-i özünüməşğulluq proqramı üzrə aktivlə, qazilərdən 18-i işlə, 27-si özünüməşğulluq proqramı üzrə aktivlə, müharibə veteranlarından 52-si işlə, 23-ü isə özünüməşğulluq proqramı üzrə aktivlə təmin olunub.
Muxtar respublikada şəhid adlarının əbədiləşdirilməsinin qarşıda duran əsas vəzifələrdən olduğunu qeyd edən səlahiyyətli nümayəndə vurğulayıb ki, 2023-cü ildə Babək şəhərində Şəhidlər Memorial Abidə Kompleksi istifadəyə verilib. Hazırda Naxçıvan şəhərində, Şərur, Kəngərli, Sədərək, Şahbuz, Culfa və Ordubad rayonlarında bu istiqamətində işlər aparılır. Naxçıvanda şəhid ailələri və qazilərin cəmiyyətə inteqrasiyası istiqamətində də silsilə tədbirlər həyata keçirilir. 20 aprel 2023-cü il tarixdə “Naxçıvan Qaziləri” İctimai Birliyi və 15 avqust 2023-cü il tarixdə “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyi yaradılıb, hər iki ictimai qurumun dövlət orqanları ilə qarşılıqlı əlaqəsi təmin edilib. Hazırda muxtar respublikada şəhid ailə üzvləri və qazilər seçkili orqanlarda təmsil olunur, müxtəlif idarə, müəssisə və təşkilatlarda çalışırlar. Bu ilin sentyabrında Ali Məclisə keçirilən seçkilərdə 1 şəhid anası, 1 şəhid qardaşı və 1 qazi yüksək seçici etimadı qazanaraq deputat seçilib. Eyni zamanda Naxçıvan Muxtar Respublikasının yerli və mərkəzi icra hakimiyyəti orqanlarında bu kateqoriyadan olan şəxslər işlə təmin olunub.
Fuad Nəcəfli “Şərq qapısı” qəzeti redaksiyası tərəfindən Naxçıvan Muxtar Respublikasının 100 illiyi münasibətilə nəşr olunmuş “100 ilin qəhrəmanları” ensiklopedik nəşrini şəhidlərin xatirəsinin və adlarının əbədiləşdirilməsi sahəsində görülən işlərə ən gözəl nümunə kimi dəyərləndirib.
Səlahiyyətli nümayəndə şəhid ailələri, qazilər və veteranlarla bağlı işlərin, həyata keçirilən birgə tədbir və layihələrin bundan sonra da davam etdiriləcəyini, şəhid adlarının hər zaman uca tutulacağını əminliklə ifadə edib, qəhrəman şəhidlərimizin əziz xatirəsinə ehtiramını bildirib, şəhid ailələrini və qaziləri, müharibə iştirakçılarını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə təbrik edib.
Şəhid general-mayor, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anası Səmayə Həşimova çıxışında Azərbaycan xalqının qəhrəman xalq olmasını qürur hissi ilə dilə gətirib. Qeyd edib ki, 30 illik həsrətə son qoyaraq torpaqlarımızı işğaldan azad edən vətən övladlarının timsalında bir daha əmin olduq ki, bu xalq bir şəhid verib, min qəhrəman yetirir. Naxçıvanın tarix boyu qəhrəman övladlar yetişdirən bir diyar olduğunu qeyd edən Səmayə Haşımova tədbirin təşkilinə və dəvətə görə təşəkkür edib.
Anım tədbirində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, şəhid Emin Sadiqovun anası Gülşad Rüstəmova və şəhid Toğrul Məmmədovun qardaşı Üzeyir Məmmədov şəhid ailələri adından çıxış edərək bu il ərzində şəhidlərin doğum günü ilə bağlı keçirilən yekun tədbiri yüksək qiymətləndirib, göstərilən diqqət və qayğıya görə təşəkkür ediblər.
Sonra Naxçıvan televiziyasının doğum günü dekabr ayında olan 31 şəhidimizlə bağlı hazırladığı videoçarx nümayiş etdirilib.
Tədbirin bədii hissəsində Azərbaycan Respublikasının əməkdar artisti Fərqanə Qasımova şəhidlərimzə həsr olunmuş və vətənpərvərlik ruhunda mahnılar ifa edib, Naxçıvan Dövlət Universitetinin tələbələri və “Altai” teatrının kollektivi tərəfindən isə kompozisiya nümayiş olunub.