“Gözümü ilk açdığım andan dünyanı qaranlıq görmüşəm” deyən, Şərqdə məşhur olan satirik “Molla Nəsrəddin” jurnalının banisi və naşiri, dramaturq, kiçik hekayə və novellaları ilə ədəbiyyatda yeni cığır açmış, obrazları real, arzuları konkret, təsviri təbii olan Cəlil Məmmədquluzadənin bu gün anım günüdür.
Hər insan bir ulduzu xatırladır
Böyük Şərq mütəfəkkiri Əbu Turxan yazırdı ki, hər insan bir ulduzu xatırladır. Ancaq bu həyatda ulduz olmaq, insanlığa işıq saçmaq hər insana nəsib olmur. Ötən əsrin əvvəllərindən 30-cu illərə qədər Azərbaycan ədəbiyyatında, mətbuatında Mirzə Cəlil yaradıcılığı ulduz kimi parladı və işığı ömrünün sonuna qədər heç vaxt sönmədi.
Sətir-sətir, məktub-məktub gerçəklik
1869-cu ildə qədim Şərqin mədəniyyət mərkəzlərindən olan Naxçıvan şəhərində dünyaya gözlərini açan ədib sadə, zəhmətkeş bir ailədə böyümüşdü. Atası Məmmədqulu kişi qatı dindar olmasına baxmayaraq, övladlarının təhsil almasına böyük önəm verirdi. Onun bu istəyi, arzusu balaca Cəlilə də siraət etmiş, bu səbəbdən Cəlili mollaxana təhsilinə yönəltmiş, o da dövrün bir sıra humanitar elmlərinə yiyələnmişdi. Mirzə Cəlilin uşaqlıq xatirələrinə nəzər saldıqda ağrılı-acılı, məşəqqətlərlə dolu həyat hekayəsi səhifələnir gözlərimiz qarşısında.
1879-1882-ci illərdə şəhər məktəbində rusca oxuyan Cəlil ailənin maddi çətinliklərinə baxmayaraq, təhsilini davam etdirmək istəyirdi. Bunu görən valideynləri balaca Cəlillə razılaşıb onu o dövrün ən yaxşı maarif ocaqlarından biri sayılan Qori Müəllimlər Seminariyasına göndərir. O dövrlərdə seminariyanın pedaqoji kollektivində ziyalılarla çiyin-çiyinə işləyən Vəlibəyov və Axundzadə kimi azərbaycanlı müəllimlər də var idi. Mirzə Cəlil də bu maarif ocağında dövrün elmlərinə yiyələnməklə gələcək müəllimlik fəaliyyəti yolunda ilkin bilikləri qazanırdı.
30-cu illərin əvvəllərində “Molla Nəsrəddin”in illustrasiyalı nömrələri, demək olar ki, hər bir naxçıvanlının evində baş köşədə yer alırdı. Milli məfkurəçilik yolunda Əli bəy Hüseynzadələr “türkləşmək, islamlaşmaq, avropalaşmaq”, Mirzə Cəlillər “vətən, millət, dil” şüarları ilə xalqın beynində “pas atmış” köhnəlmiş fikirləri təmizləyirdilər. “Gözümü ilk açdığım andan dünyanı qaranlıq görmüşəm” söyləyən demokrat yazıçı, jurnalist Cəlil Məmmədquluzadə bu yolun ən fədakar, cəfakar yolçularından idi. Mirzə Cəlil hadisələrin nəbzini tutaraq tarixin qaranlıq künc-bucağında qısılıb qalmış, təməli xurafat və cəhalətə söykənən, üstü tozlanmış həqiqətlərə işıq tutur, əsərlərində yaratdığı sadə, lakin cəsarətli şəxsiyyətlərlə bu həqiqətləri dilə gətirirdi.
Unutmaq olarmı Usta Zeynalın erməniəsilli Miğudsi Akopa “Xozeyin, sizin niyə padşahınız yoxdu?” ritorik sualını verməsini?
Bəzən elə olur ki, xalqın dərdini çəkmək insana öz ağrı-acılarını, kədərini unutdurur, mənəviyyatın da, ağlın da, əqidən də yalnız başqasının qayğılarına köklənir. Qapı-qapı gəzib xalqı düzgün bir ideya ətrafında cəm etmək yanğısı, “Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım…” söyləyib, az qala bütöv Azərbaycan xalqını cəhalət və nadanlıq bataqlığından çıxarmaq dərdi, yalvarırcasına üzünü millətə tutub, həqiqi sözün qüdrətini izah etmək üçün “Bu dünyada sözdən böyük yadigar yoxdur…” söyləməsi yalnız Mirzə Cəlil qüdrətinə xas olan addım idi. Sənin daxilində çəkdiyin qəm-qüssəni duya bilməyən toplum içərisində qorxmadan mübarizə aparmaq, cılızlaşmamaq, siyasi təzyiqlərə rəğmən yenə də gücsüz, zəif xalqın arxasında durmaq, var gücünlə mübarizə aparmaq, onların qüruruna toxunmadan, alçaltmadan yazmaq böyük fədakarlıq, cəfakeşlik tələb edirdi. Bəlkə də, kasıb ailənin sadə fərdi olan Cəlili, Cəlil Məmmədquluzadə ucalığına qaldıran da elə məhz bu idi, ömrünü xalqın yolunda şam kimi əritmək məramı…
Cəlil Məmmədquluzadə Tiflisdə və Kəhrizlidə, Təbrizdə və Bakıda yaşadığı illərdə onlarla köməksiz uşağı öz evində saxlayıb oxutmuş, onlara atalıq iltifatı göstərmişdir. Bu ailə həm də Mirzə Ələkbər Sabirin çətin günlərində, xəstəliyinin ən ağır dövrlərində ona həmdəm olmuşdur. Qurbanəli Şərifzadənin və oğlu Əziz Şərifin, Məhəmməd Tağı Sidqinin övladları Məhəmmədəli və Məhəmmədhəsən Səfərovların ömürlərinin bir neçə ili bu ailədə keçib.
]O, 10 il Naxçıvanın Uluxanlı, Baş Noraşen və Nehrəm kəndlərində dərs demiş, bu dövr ərzində ətraf aləmdə baş verən hadisələrdən xəbərdar olmuşdu. Mirzə Cəlil əsərləri ilə Azərbaycan ədəbiyyatında dönüş nöqtəsi yaratmağa qadir olmuş, həm də realizm ədəbi cərəyanının ən gözəl nümunələrini ərsəyə gətirmişdir. Xüsusən də “Danabaş kəndinin əhvalatları” povestində Zeynəb xanımın timsalında ədəbiyyat tariximizdə ilk mübariz, cəsarətli qadın obrazını yaratmışdı. Zeynəb xanımın dilindən kəndin katdası Xudayar bəyin elçilərinə cavabında “Xudayar bəyə deyin anqırsın tayını tapsın” söyləməsi böyük cəsarət tələb edirdi. Ədib vətənin ismətli xanımlarının dərdinə yandığı qədər uşaqların da halı barədə düşünürdü. Bir zamanlar Nehrəm kənd məktəbinin müdiri olanda oğlanlarla bərabər 8 nəfər qızı da təhsilə cəlb edən ədib dərs dediyi uşaqları təmiz, səliqəli paltarlarla təmin edirdi ki, bu da nə bu gün, nə də gələcəkdə heç bir qarşılığı olmayan işıq mənbəyi idi.
Ümidsizliyə qapılmadan işıq gələn bütün yollara doğru
Bununla belə o, elm işığından, maarif nurundan uzaqda yaşayan xalqının ən çətin anında köməyinə gəlmiş, səsinə səs vermiş, onlara ümid işığı olmuşdu. Qələmə aldığı bir-birindən maraqlı əsərləri, felyetonları ilə rəngarəng dünyanın həmrəng insanlarına öz rənglərini göstərmişdi sanki. Mübarizcəsinə, qorxmadan haqqı tapdalanan, əzab-əziyyətlərə tab gətirən azərbaycanlıları solmuş üfüqlərdən aydın şəfəqlərə çıxarmaq üçün kamil sözün qüdrətinə sığınmışdı Mirzə Cəlil. Bu yolun uzun, sonu görünməyən dolanbac küçələrində itməsinlər deyə “Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım” söyləmişdi. Onlara həqiqətin özünü göstərmişdi. Xəyanətlər, çətinliklər, başa düşülməmək dərdi o qədər yandırmışdı ki, qəlbini, bəlkə, özlərinin içindən bir kəs həqiqəti danışsa, ona qulaq verərlər deyə düşünmüşdü. Elə buna görə idi ki, Yaxın Şərqin el ağsaqqalı, məzəli-duzlu lətifələri, söhbətləri ilə yaddaşlarda iz salan Molla Nəsrəddin babanı “gətirmişdi” xalq arasına. Sağ olsun Molla Nəsrəddin babamız; Mozalan bəyin maraqlı səyahətnaməsindən tutmuş Pirverdinin xoruzuna qədər el içindən olan bir sıra əhvalatları elə söyləmişdi ki, bizə, yüz illər keçsə də, unutmadıq, unutdurmadıq. 1906-cı ildən həftədə bir dəfə Azərbaycan dilində çıxan “Molla Nəsrəddin” jurnalı bütün müsəlman dünyasında və Yaxın Şərqdə rəngli və şəkilli yeganə satirik nəşr idi. Hər nömrəsi 8 səhifədən ibarət olan jurnalda ictimai bəlaların tənqidinə və ifşasına, rəngli karikaturalara geniş yer verilirdi. Jurnalı ərsəyə gətirənlər cəmiyyətdəki kəsirləri açıb göstərməklə xalqın ictimai-siyasi şüurunu inkişaf etdirmək, onu dünyanın ən qabaqcıl və mədəni xalqları cərgəsinə qatmaq istəyirdilər. Bu məqsədə 1932-ci il yanvarın 4-də gözlərini dünyaya əbədi yuman dahi Mirzə Cəlil nail oldumu? Bu cavabı oxucuların ixtiyarına buraxırıq... Oxuyub özləri cavabı özlərinə pıçıldasın!
Fariz Əhmədov
Naxçıvan televiziyasının baş redaktoru
Məcid Rəşadətoğlu