Energetika sahəsi, xüsusən də yarımstansiyalarda iş, adətən kişilərin üstünlük təşkil etdiyi bir sahə kimi tanınır. Lakin Culfa yarımstansiyasının 52 yaşlı dispetçeri Bəturə Hüseynova bu stereotipləri qıran bir qadındır. Ömrünün 34 ilini energetikaya həsr edən Bəturə xanım ölkənin yeganə qadın energetiki olaraq yadda qalır. Onun üçün bu sahə yalnız iş deyil, həm də ailə ənənəsinin davamıdır. Babası və atası Culfa yarımstansiyasında çalışan Bəturə xanım indi isə bu peşəni özü sevərək davam etdirir.
Bəturə xanım nə üçün bu peşəni seçib?
Adətən oğullar atasının peşəsini davam etdirər. Ancaq iş belə gətirdi ki, bu işi mən davam etdirdim. Çətin olsa da, sevdiyim işin öhdəsindən gəlirəm. Energetika sahəsi hər zaman məsuliyyət və dəqiqlik tələb edir. Günaşrı 12 saatlıq iş rejimində çalışmaq maraqlı və bir o qədər də məsuliyyətli işdir. Hər hansı bir yanlışlıq böyük fəsadlara səbəb ola bilər. Amma hər işin öhdəsindən gəlmək mümkündür. Əsas odur ki, gördüyün hər işə sevgi ilə yanaşasan. Bütün peşələr kimi bu peşə də çətin və məsuliyyətlidir. Və bu çətinliklərə baxmayaraq, ailə ilə iş arasında balans yaratmağa çalışırıq. Hər ikisi mənim üçün tarazdır. İş də ailənin bir parçası olmalıdır ki fikrin evdə qalmasın.
Culfa yarımstansiyası Naxçıvanın ilk yarımstansiyalarından biridir. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq Naxçıvanda elektrik yarımstansiyalarının yenidən qurulması istiqamətində işlər davam etdirilir. Yenidən qurulan sistem əhəmiyyətli Culfa yarımstansiyası istifadəyə verildikdən sonra yəqinki fəaliyyətimi burda davam etdirəcəyəm.
İş həyatında qadınla kişiyə fərq varmı?
Aslanın erkəyi-dişisi olmaz. Bu sahədə çalışmaq qadın üçün çətindir, amma mümkünsüzdür deyə bir şey yoxdur. Əsas odur ki, işinizi sevin. 52 yaşım var ömrümün 34 ilini energetikaya vermişəm. Babamdan atama, atamdan mənə əmanət olan bu peşədə sevə sevə işləyirəm. Uşaqlıqdan atamın yanında dolaşarkən açarın birini o götürdükdə birini də mən götürmüşəm. Və bu cür başladı mənim bu peşəyə sevgim. Adətən ata peşəsini oğul davam etdirər bizdə belə oldu ki, mən davam etdirməli oldum. Bir qadın olaraq həm dövlətimlə, həm özümlə, həm də işimlə qürur duyuram.
Bəturə Hüseynovanın əməyi bu illər ərzində necə qiymətləndirilib?
Çalışdığım sahədə işimə həm Muxtar Respublika səviyyəsində, həm də ölkə Prezidenti səviyyəsində yüksək qiymət verilib. 2024-cü ildə ölkə başçısı tərəfindən "Tərəqqi" medalı ilə təltif olunmuşam. İnsan gördüyü işin qarşılığını alanda çəkdiyi bütün əziyyətlər yaddan çıxır. Mən inanıram ki bu təltif mənim öz peşəmdə göstərdiyim sevginin və əzmin nəticəsidir.
Həm ailəsinə, həm də işinə sadiq olan bu qadın illərlə formalaşan gender rollarını qıraraq, energetika sahəsində əsl nümunəyə çevrilib. Bəturə Hüseynova, həmkarları və gələcək nəsillər üçün motivasiya mənbəyidir.
İlham Vəliyev
Naxçıvan televiziyasının redaktoru