İnsan yer üzünün əşrəfi, cəmiyyətin ali dəyəridir. İnsan hüquqları isə ayrılmazdır. İnsan hüquqları müxtəlif iqtisadi və siyasi sistemlərin, ideologiyaların və mədəniyyətlərin mövcud olduğu müasir dünyamızda insanları və cəmiyyətləri birləşdirən, onları humanistləşdirən ən əsas meyardır. İnsan hüquqları ləyaqət, ədalət, bərabərlik, hörmət və müstəqillik kimi ortaq dəyərlərə əsaslanır. Bu dəyərlər qanunla müəyyən edilir və qorunur.
İnsan hüquq və azadlıqlarının təmini və effektiv şəkildə müdafiəsi günümüzdə ən yüksək dəyər kimi qəbul edilməklə bütün bəşəri çağırışların önündə dayanır. Çünki insan hüquq və azadlıqlarının təmin edilməsi demokratik inkişafın ayrılmaz hissəsinə, bəşəriyyətin mənəvi-hüquqi və siyasi ideallarının ali təzahürünə çevrilməklə vətəndaş cəmiyyətinin təkmilləşdirilməsinin ən başlıcа meyarı sayılır.
Heç kim insanı onun təbii hüquqlarından məhrum edə bilməz. Yaşamaq hüququ da insanın ayrılmaz və təbii hüququdur. Bəlkə də, təbiətin insana verdiyi ən yüksək hüquq onun yaşamaq hüququdur. Digər hüquqlar isə təbiətin bizə verdiyi bu ali hüququn üzərində inkişaf edir. İnsan yaranışından ölümünə qədər ona məxsus olan hüquq və azadlıqları ilə yaşayır. İrqindən, dinindən, yaşından və cinsindən asılı olmayaraq, yer üzündə hər bir insanın yaşamaq hüququ var. Demək, insan hüquqlarının təməlində yaşamaq hüququ dayanır. Əgər insanın yaşamaq hüququ pozularsa, onun bütün hüquqları pozulmuş olur. Həyatda olmayan insanın hüquqlarının yalnız bir qismi onun varislərinə ötürülür.
Bəli, yaranışından kamil olan insanın hüquq və azadlıqları bütövdür, toxunulmazdır, sərbəstdir. Hətta hər hansı səbəbdən cinayət törədərək həbsxanaya düşən insanın da öz hüquqları var. Bəs, təbiətin insana bəxş etdiyi yaşamaq hüququ və bu hüquq üzərində bərqərar olan digər hüquqları müharibələr və hərbi münaqişələr zamanı necə qorunur?
Bütün beynəlxalq sənədlər, dövlətlərin Konstitusiya və milli qanunvericilikləri insan hüquqlarına, xüsusən də onun yaşamaq hüququna böyük önəm verir. BMT Baş Assambleyanın 1948-ci il 10 dekabr tarixli 217-ci A (III) qətnaməsi ilə qəbul olunmuş “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”ndə bəşər ailəsinin bütün üzvlərinə xas olan ləyaqətləri və onların bərabər və alınmaz hüquqlarını qəbul etməyin azadlığın, ədalətin və ümumi sülhün təməli olduğu, insan hüquqlarına laqeydliyin, bəşəriyyətin vicdanını hiddətləndirən vəhşi əməllərə gətirib çıxardığı və insanların söz və əqidə azadlığına mane olacağı, qorxu və ehtiyaclardan azad olacağı bir dünyanın yaradılmasının insanların ən ali arzusu kimi bəyan edildiyi, insanın müstəbidliyə və zülmkarlığa qarşı sonuncu vasitə kimi qiyama əl atmağa məcbur qalmamasını təmin etmək məqsədilə insan hüquqlarının qanun hökmü ilə qorunmasının zəruri olduğu və xalqlar arasında dostluq münasibətlərinin inkişafına yardım etməyin zəruri olduğu nəzərə alınaraq, hər bir kəsin və cəmiyyətin hər bir orqanının bu bəyannaməni rəhbər tutaraq maarif və tədris yolu ilə həmin hüquq və azadlıqlara hörmət olunmasına yardım etmələri və milli və beynəlxalq səviyyədə mütərəqqi tədbirlər yolu ilə həm təşkilatın üzvü olan dövlətlərin xalqları, həm də onların yurisdiksiyası altında olan ərazilərin xalqları arasında, ümumilikdə və effektiv tanınması və həyata keçirilməsinə səy göstərmələri məqsədilə bütün xalqlar və bütün dövlətlərin yerinə yetirməyə can atmalı olduqları bəyan edilir.
Həmçinin bəyannamədə qeyd edilir ki, bütün insanlar öz ləyaqətləri və hüquqları etibarilə azad və bərabər doğulurlar. Hər bir insan irqi, dərisinin rəngi, cinsi, dili, dini, siyasi və digər əqidələri, milli və sosial mənsubiyyəti, əmlak vəziyyəti, silk mənsubiyyəti və digər vəziyyətlərinə görə heç bir fərq qoyulmadan bəyan edilən bütün hüquqlara və bütün azadlıqlara malik olmalıdır.
Bundan əlavə, insanın mənsub olduğu ölkənin və ya ərazinin siyasi, hüquqi və beynəlxalq statusuna, bu ərazinin müstəqil, asılı, özünü idarə etməyən və ya suverenliyi hər hansı digər şəkildə məhdudlaşdıran ərazi olub-olmamasından asılı olmayaraq, heç bir fərq qoyulmamalıdır. Hər bir insan yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququna malikdir. Heç kim işgəncələrə və yaxud ağır, qeyri-insani və ya onun ləyaqətini alçaldan rəftara və cəzaya məruz qalmamalıdır.
Göründüyü kimi, insan hüquqlarının müdafiəsinə dair ən yüksək beynəlxalq hüquqi sənəd olan “Ümumdünya insan hüquqları bəyannaməsi” hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququnu özünün 3-cü maddəsində təsbit etmişdir. Bütün xalqların və dövlətlərin üzərinə isə Ümumi bəyannaməyə əməl edilməsi öhdəlik kimi qoyulmuşdur. Ancaq bütün hallarda dövlət təkcə öz vətəndaşlarının deyil, bütün insanların hüquqlarına, o cümlədən yaşamaq hüququna hörmətlə yanaşmalı və onu təmin etməlidir. İnsanlıq naminə edilmiş bu hərəkəti isə beynəlxalq humanitar hüququn əsas prinsipi hesab etmək olar.
Azərbaycan Respublikasının 25.12.2001-ci il tarixdə qoşulduğu “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 2-ci maddəsində yaşamaq hüququndan bəhs edilir. Hər kəsin yaşamaq hüququ qanunla qorunur. Heç kəs qanunla ölüm cəzası nəzərdə tutulmuş cinayət törətməyə görə, məhkəmə tərəfindən çıxarılmış belə hökmün icrasından başqa, həyatından məhrum edilə bilməz. İnsanların yaşamaq hüququnun təmin edilməsini təkcə dövlətin yurisdiksiyası ilə məhdudlaşdırmaq olmaz. Çünki hərbi münaqişələr zamanı insanların hüquqlarına yönələn ictimai-təhlükəli əməllər sülh və insanlıq əleyhinə yönələn əməllər hesab olunur.
BMT Baş Assambleyanın 16.12.1966-cı il tarixli 2200-cu A (XXI) nömrəli qətnaməsi ilə qəbul olunmuş “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 6-cı maddəsində də qeyd edilir ki, yaşamaq hüququ hər bir insanın alınmaz hüququdur. Bu hüquq qanunla qorunur. Heç kim özbaşınalıqla həyatdan məhrum edilə bilməz. Ölüm hökmünün ləğv edilmədiyi ölkələrdə ölüm hökmü cinayətin törədildiyi dövrdə fəaliyyətdə olan və qanuna müvafiq olaraq ən ağır cinayətlərə görə çıxarıla bilər. Bu cəza yalnız səlahiyyətli məhkəmənin qəti hökmünü icra etmək məqsədilə həyata keçirilə bilər.
Yuxarıda qeyd olunan hər üç beynəlxalq sənəd bütün dövlətlər qarşısında hər bir şəxsin irqindən, dərisinin rəngindən, cinsindən, dilindən, dinindən, siyasi və digər əqidəsindən, milli və ya sosial mənşəyindən, əmlak, sosial mövqe və digər vəziyyətindən asılı olmayaraq, ən ali hüquq olan yaşamaq hüququnu dövlətlər üzərində öhdəlik kimi qeyd edir. İnsan hüquqları sahəsində beynəlxalq öhdəliklər isə, əsas etibarı ilə, müqavilə mənşəlidir.
Biz dövlətlər üzərinə qoyulan bu öhdəlikləri həmin dövlətlərin xalqları və onların yurisdiksiyası altında olan ərazilərin xalqlarına şamil etməklə kifayətlənsək, yer üzərində yaşayan bütün xalqlara şamil etməsək, yuxarıda qeyd olunan beynəlxalq sənədlərdə təsbit olunan insan hüquqlarından və onun yaşamaq hüququndan necə bəhs edə bilərik? Yəni insan həyatının ali sosial dəyəri təkcə onun qurduğu dövlət tərəfindən deyil, bütün dövlətlər tərəfindən təmin edilməlidir. Çox təəssüf ki, insan hüquqlarının müdafiəsi zamanı irqi ayrı-seçkilik hallarına da yol verilir. Beynəlxalq hüquq müdafiəçiləri insanların irqindən, dərisinin rəngindən, cinsindən, dilindən, dinindən, siyasi və digər əqidəsindən, milli və ya sosial mənşəyindən, əmlak, sosial mövqe və digər vəziyyətindən asılı olaraq baxırlar. Bəli, dövlətlər təkcə öz vətəndaşlarının deyil, bütün insanların hüquqlarına, o cümlədən yaşamaq hüququna hörmətlə yanaşmalı və onu təmin etməlidir.
“İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının “Fövqəladə hallar zamanı məhdudlaşdırma” adlanan 15-ci maddəsində qeyd edilir ki, Müharibə və ya millətin həyatını təhdid edən digər fövqəladə hallar zamanı Razılığa gələn Yüksək Tərəflərdən hər hansı biri onun beynəlxalq hüquqa müvafiq digər öhdəliklərinə zidd olmamaq şərti ilə, yalnız vəziyyətin fövqəladəliyinin şərtləndirə biləcəyi səviyyədə bu Konvensiya üzrə öhdəliklərindən geri çəkilən tədbirlər görə bilər.
Bu müddəa, qanuni müharibə əməliyyatları nəticəsində ölüm halları istisna olmaqla, 2-ci maddənin (Yaşamaq hüququ) və ya 3-cü maddənin (İşgəncələrin qadağan olunması) müddəalarından, 4-cü maddənin (Köləliyin və məcburi əməyin qadağan olunması) 1-ci bəndinin və 7-ci maddənin (Qanunda nəzərdə tutulmamış cəzanın yolverilməzliyi) müddəalarından geri çəkilməyə əsas vermir. Bu geri çəkilmə hüququndan istifadə edən, razılığa gələn hər hansı yüksək tərəf gördüyü tədbirlər və onların səbəbləri haqqında Avropa Şurasının Baş katibini tam məlumatlandırır. O həmçinin belə tədbirlərin dayandırılması və Konvensiyanın müddəalarının yenidən tam həyata keçirilməyə başlanması haqqında Avropa Şurasının Baş katibinə məlumat verir.
Konvensiyanın 15-ci maddəsinə əsasən qeyd edə bilərik ki,söhbət burada “qanuni müharibə əməliyyatları”ndan, yəni müdafiə əməliyyatlarından, Vətən müharibəsindən gedir, işğalçı və istilaçı müharibədən deyil.
Beynəlxalq münaqişələrin dinc yolla həll edilməsinin təsbit edildiyi beynəlxalq sənədlər kimi “Beynəlxalq toqquşmaların dinc yolla həlli haqqında” 1907-ci il tarixli Haaqa Konvensiyası (1-2 mad.), “Müharibədən milli siyasət aləti kimi imtina haqqında” 1928-ci il tarixli Brian-Kelloq Paktı, “Beynəlxalq sülhə və təhlükəsizliyə təhlükə yarada bilən mübahisə və şəraitlərin qarşısının alınması və aradan qaldırılması və bu sahədə BMT-nin rolu haqqında” 1998-ci il tarixli Bəyannamə və sair xüsusilə əhəmiyyətlidir.
BMT Nizamnaməsinin 2-ci maddəsinin 3-cü bəndində qeyd edilir ki, BMT-nin bütün üzvləri öz beynəlxalq mübahisələrini dinc vasitələrlə o qaydada həll edirlər ki, beynəlxalq sülh və təhlükəsizlik və ədalət təhlükəyə məruz qalmasın. Müharibədən milli siyasət aləti kimi imtina haqqında 1928-ci il tarixli BrianKelloq Paktının 2-ci maddəsində göstərilir ki, müqavilənin iştirakçısı olan dövlətlər öz aralarında ortaya çıxan bütün mübahisə və ya münaqişələri onların xarakterindən və mənşəyindən asılı olmayaraq, yalnız dinc vasitələrlə həll etməlidirlər.
Beynəlxalq mübahisələrin dinc yolla həll edilməsi prinsipi dövlətləri istənilən dövlətlərarası mübahisələri dinc vasitələrlə həll etməyə çağırır. Bu prinsip mahiyyət etibarilə istənilən dövlətin daxili səlahiyyətlərinə aid olan işlər üzrə mübahisələrə şamil olunmur. Tərəflər mübahisə edən zaman problemin dinc yolla tənzimlənməsindən imtina etmək hüququna malik deyildirlər. “Beynəlxalq sülhə və təhlükəsizliyə təhlükə yarada bilən mübahisə və situasiyaların qarşısının alınması və aradan qaldırılması və bu sahədə BMT-nin rolu haqqında” 1988-ci il tarixli Bəyannamə isə mübahisələrin və təhlükəli vəziyyətlərin qarşısının alınmasına və ləğvinə görə dövlətlərin məsuliyyəti prinsipini nəzərdə tutur. Bütövlükdə, beynəlxalq mübahisələrin dinc yolla həlli prinsipinin normativ məzmununa daxildir: dövlətlər öz mübahisələrini onların xarakterindən və mənşəyindən asılı olmayaraq, yalnız dinc vasitələrlə həll etməlidirlər; dövlətlər öz mübahisələrini həll edərkən dinc vasitələrdən hər hansı birini seçmək hüququna malikdirlər; dövlətlər öz aralarında olan mübahisəni həll olunmaq üçün hər hansı üçüncü tərəfə təqdim etməyə məcbur edilə bilməzlər; dövlətlər aralarında olan mübahisənin kəskinləşməsinə səbəb ola bilən hərəkətlərdən çəkinməlidirlər; dövlətlər öz mübahisələrini beynəlxalq hüquq normaları əsasında həll etməlidirlər.
Sülh, barış bəşəriyyətin ehtiyac duyduğu ən qiymətli vasitə olmaqla yanaşı, həm də Birləşmiş Millətlər Təşkilatının ali vəzifəsidir. BMT-nin Bəyannaməsində deyilir ki, “Sülh danışıqlarımızın aparıcı qüvvəsidir. Sülh həm də sülhməramlı fəaliyyət və preventiv diplomatiyadan tutmuş insan haqları və inkişafın genişləndirilməsinə qədər dünyanın hər yerində gördüyümüz bütün işləri birləşdirən bir məfhumdur”. Sülh hər bir cəmiyyətin, ümumiyyətlə, bəşəriyyətin ən çox arzu etdiyi dəyərlərdən biridir. Azərbaycan Respublikası da bu anlayışı hər zaman üstün tutmuşdur. Bəs, Birləşmiş Millətlər Təşkilatı dünyada sülhün bərqərar olması üçün hansı təsirli tədbirlər görə bilir? Bizə məlum olan son 30 ildə biz bunun heç bir real nəticəsini görə bilmədik.
Əgər bütün qanunlar insanların layiqli həyat yaşamasına xidmət edirsə, beynəlxalq sənədlər də həm sülh, həm də müharibə dövründə insanların hüquq və azadlıqlarının müdafiəsinə xidmət etməlidir. Yaşamaq hüququnu təkcə dövlət sərhədləri daxilində yox, hərbi münaqişələr zamanı da təmin etmək lazımdır. Əgər dövlətin yurisdiksiyası altında olan bir neçə insanın müəyyən qanunazidd əməllər nəticəsində hüququ pozulursa, hərbi münaqişələr zamanı bu minlərlə, milyonlarla insana şamil edilir. Təəssüf ki, insan hüquqlarına dair beynəlxalq sənədlərə imza ataraq müəyyən öhdəliklər götürən dövlətlər amansız müharibələr nəticəsində milyonlarla günahsız insanın yaşamaq və digər hüquqlarına zərbə vurur. İlk növbədə, hərbi münaqişələr zamanı insan hüquqlarının müdafiəsi bu gün bəşəriyyəti düşündürməlidir. Çünki mövcud beynəlxalq sənədlər hərbi münaqişələr zamanı insan hüquqlarının müdafiəsinə təsirli tədbirlər görə bilmir. Beynəlxalq konvensiyalar hərbi münaqişələr zamanı insan hüquqlarını təmin edə bilmir.
Bu gün yeni və imperativ beynəlxalq konvensiyalara ehtiyac vardır.
Sülhün, barışın və əmin-amanlığın əksi olan müharibə, dövlətlər, tayfalar, siyasi qruplaşmalar və sair arasında mütəşəkkil silahlı qarşıdurma, hərbi əməliyyatlar forması almış münaqişədir. Ərəb mənşəli olan “müharibə” sözü savaş, dava, hərb, vuruşmaq və döyüşmək mənasını ifadə edir.
Dəhşətli müharibələr bəşəriyyət tərəfindən nə qədər pislənilsə də, tarixdə elə bir ilə rast gəlmək olmaz ki, həmin il yaşadığımız dünya müharibəsiz ötüşsün. Dünyada sayı bilinməyən müharibələrdən bəziləri insanlıq tarixi üçün dəhşətlərlə xatırlanır. Çünki bu müharibələrin nəticələri milyonlarla insanın taleyini və dövlətlərin gələcəyini dəyişib, tarixə unudulmaz hadisələr olaraq yazılıb. Bu müharibələr zamanı həm də milyonlarla insan həlak olub. Aparılan müharibələr isə özlüyündə zaman-zaman müəyyən müharibə adətləri, müharibə qanunları müəyyən edib. Müharibənin də öz qanunları var! Hər birimiz bu sözü son otuz ildə daha çox eşitmişik.
Bəs, milyonlarla insanın həyatına son qoyan bu müharibələrin qanunları və adətləri nədən ibarətdir? Müharibə adətlərinə əməl edilərsə, insanların hüquqları hansı həddə qoruna bilər?
Müharibə dövründə belə döyüşən tərəflərin hərəkətlərinə, məsələn, müharibə əsirləri ilə rəftar, mülki əhalinin hədəf seçilməsi və yaralılara tibbi yardım göstərilməsi ilə bağlı məhdudiyyətlər qoyan müəyyən qanunlar mövcuddur. Yəni ancaq sizinlə vuruşanlarla vuruşun!
Bir sözlə, müharibə qanunları və adətləri, müharibə aparılması ilə əlaqədar olaraq dövlətlər arasında münasibətləri tənzimləyən beynəlxalq hüquq normaları və prinsiplərinin məcmusudur. Bu qanun və adətlər isə ən qədim dövrlərdən təşəkkül tapmışdır.
Beynəlxalq humanitar hüququn ən ciddi pozuntuları müharibə cinayətləri hesab edilir. Müharibə cinayətləri fərdi şəxslərin cinayət məsuliyyətinə cəlb edilə biləcəyi cinayət növləridir. XIX yüzillikdə isə müharibə aparmaq qaydaları haqqında beynəlxalq aktlar qəbul edilmişdir.
Hərbi konfliktlər dövründə insan hüquqlarının müdafiəsi məsələləri, əsasən, beynəlxalq humanitar hüquqla tənzimlənir. Beynəlxalq humanitar hüquq isə silahlı münaqişələr zamanı tətbiq olunan, döyüş aparılmasının müəyyən üsul və metodlarının tətbiqini qadağan edən və ya məhdudlaşdıran və silahlı münaqişə dövründə fərdin hüquqlarının qorunmasına yönəlmiş beynəlxalq-hüquqi normaların məcmusudur. Beynəlxalq humanitar hüquq münaqişənin mənşəyi və xarakterindən və ya tərəflərin göstərdiyi səbəblərdən və irəli sürdüyü şərtlərdən asılı olmayaraq, bütün silahlı münaqişələrə tətbiq olunur. Beynəlxalq humanitar hüququn məqsədi müharibənin fövqəladə şəraitində insan həyatını və insan ləyaqətini qorumaqdır. Beynəlxalq humanitar hüququn müddəaları həmişə insanın tələbatlarını ödəməyə yönəlmişdir. Beynəlxalq humanitar hüququn hərbi münaqişələrin törətdiyi iztirab və bədbəxtliklərin hərbi əməliyyatların üsul və vasitələrinin müəyyən edilməsi yolu ilə məhdudlaşdırılması, müharibə qurbanlarının və mülki əhalinin müdafiəsinin təmin edilməsi, həmçinin humanitar hüququn “ciddi pozuntularına” görə cəzaların labüdlüyünün və lazımi məsuliyyətin müəyyən edilməsinə yönəldilmiş beynəlxalq hüquq sahəsi kimi təyin edilməsi daha geniş yayılmışdır. Bu sahədə aparıcı mütəxəssislərdən biri olan Jan Pikte beynəlxalq humanitar hüququ “İnsanpərvərlik ruhu ilə dərk edilən və müharibə dövründə fərdin müdafiəsinə yönələn beynəlxalq hüququn mühüm bölməsi” kimi müəyyən edir. Beynəlxalq humanitar hüquq iki bölmədən ibarətdir: Haaqa hüququ və Cenevrə hüququ.
Əsasında insani ölçülmənin prinsip və normaları qoyulmuş beynəlxalq humanitar hüququn yeni inkişaf mərhələsi BMT Nizamnaməsinin qəbulundan sonra başlamışdır. Bununla əlaqədar olaraq, Haaqa hüququ köklü dəyişikliyə məruz qaldı. Onun prinsip və normaları müharibə qurbanlarının müdafiəsinə yönələrək əhatə dairəsi əhəmiyyətli dərəcədə genişləndi. Müasir görkəmdə “Cenevrə hüququ” və ya “Əsl humanitar hüquq” 12 avqust 1949-cu il tarixli Cenevrə konvensiyalarından və onlara 1977 və 2005-ci illərdə əlavə edilmiş üç protokoldan ibarətdir.
Cenevrə Konvensiyası döyüşdə artıq iştirak etməyən hərbçilərin və döyüş əməliyyatlarında bilavasitə iştirak etməyən şəxslərin, yəni mülki əhalinin mühafizəsinə yönəlir. 1949-cu ildə İsveçrənin Cenevrə şəhərində keçirilən konfransda dörd: “Qurudakı silahlı qüvvələrdə yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında”, “Dənizdəki silahlı qüvvələrdə yaralıların, xəstələrin və gəmi qəzasına uğrayanların vəziyyətinin yaxşılaşdırılması haqqında”, “Hərbi əsirlərlə rəftar haqqında” və “Müharibə zamanı mülki şəxslərin müdafiəsi haqqında” konvensiyalar qəbul edilmişdir. Azərbaycan Respublikası 23 aprel 1993-cü ildən Cenevrə konvensiyalarına qoşulmuşdur.
Bütövlükdə isə bu lonvensiyalar və onlara əlavə edilmiş protokollar silahlı münaqişələr zamanı yaralı, xəstə və gəmi qəzasına uğramış hərbçilərin vəziyyətini yaxşılaşdırmaq, hərbi əsirlərə baş çəkmək, mülki əhaliyə köməklik göstərmək və ümumilikdə, humanitar hüquq ilə mühafizə edilən şəxslərə qarşı müvafiq rəftarı təmin etmək hüququnu müəyyən edir.
Silahlı münaqişə qurbanlarına (Cenevrə hüququ) aid prinsiplərə aiddir: -neytrallıq prinsipi – humanitar yardım heç vaxt münaqişəyə müdaxilə deyildir. Bu prinsipin elementlərinə daxildir: ona verilmiş toxunulmazlığa cavab olaraq tibb heyəti hər hansı düşməncəsinə hərəkətdən çəkinməlidir; tibb işçilərinə, şəfa verən şəxslər kimi müdafiə təminatı verilmişdir; tibbi funksiyalar yerinə yetirən heç kəs onların himayəsi altında olmuş və olan yaralılar və xəstələr haqqında hər hansı məlumat verməyə, əgər belə məlumat, onun fikrincə, onların özlərinə və ailələrinə zərər gətirə bilərsə, məcbur edilə bilməz; heç kim yaralılara və ya xəstələrə qulluq etdiklərinə görə təqiblərə məruz qala və ya məhkum edilə bilməz;
- normallıq prinsipi – himayədə olan şəxslər mümkün qədər normal yaşamaq imkanına malik olmalıdırlar;
- tətbiq edilmə prinsipi – müharibə zamanı əsir tutma cəza deyil, yalnız düşməni zərər vurmaq imkanından məhrum etməkdir;
- müdafiə prinsipi – dövlət onun əlinə keçmiş şəxsin istər milli, istərsə də beynəlxalq səviyyədə hüququnu təmin etməlidir. Bu prinsipin elementlərinə daxildir: əsir onu tutmuş qoşunların deyil, onların tabe olduqları dövlətin ixtiyarındadır; düşmən dövlət əsir götürdüyü şəxslərin şəraiti və saxlanılmasına görə, işğal etdiyi ərazidə isə ictimai asayişin və xidmət sahələrinin qorunmasına görə məsuliyyət daşıyır; münaqişələrin qurbanları təbii müdafiədən məhrum olduqları üçün beynəlxalq müdafiə ilə təmin edilməlidirlər.
BMT-nin Baş Məclisinin 14 dekabr 1974-cü il tarixli Qətnaməsi ilə qəbul edilmiş “Qadın və uşaqların fövqəladə hallarda, silahlı münaqişələr dövründə müdafiəsi haqqında bəyannamə”də qeyd edilir ki, hamılıqla və şəksiz məhkum olunmasına baxmayaraq, bir çox xalqların hələ də milli azadlıq hərəkatlarını qəddarcasına yatıran, qadınlar və uşaqlar da daxil olmaqla ağalıqları altında olan əhaliyə ağır itkilər və saysız-hesabsız iztirablar gətirən müstəmləkəçilik, irqçilik, yadelli və əcnəbi ağalığı boyunduruğu altında olması faktından dərindən narahat olaraq, əsas azadlıqların və insan şəxsiyyəti ləyaqətinin əvvəlki kimi ciddi pozuntulara məruz qalması, eləcə də əcnəbi müstəmləkə ağalığını və irqi ağalığı həyata keçirən dövlətlərin əvvəlki kimi beynəlxalq humanitar hüququ pozmaları ilə bağlı dərindən təəssüfləndiyini bildirərək, fövqəladə vəziyyətlərdə və silahlı münaqişələr dövründə qadınların və uşaqların müdafiəsi haqqında bu bəyannaməni təntənəli surətdə elan edir və təşkilatın bütün üzv dövlətlərini bu bəyannaməyə ciddi əməl etməyə çağırır:
Mülki əhaliyə, xüsusilə onun ən müdafiəsiz hissəsi olan qadınlara və uşaqlara, saysız-hesabsız əzab-əziyyət gətirən hücum edilməsi və onun bombardman olunması qadağandır və belə hərəkətlər pislənməlidir.
Hərbi əməliyyatların gedişində kimyəvi və bakterioloji silahdan istifadə edilməsi 1925-ci il Cenevrə protokolunun, 1949-cu il Cenevrə konvensiyalarının və beynəlxalq humanitar hüquq prinsiplərinin kobud və ciddi şəkildə pozulması deməkdir və müdafiəsiz qadın və uşaqlar daxil olmaqla, mülki əhali arasında ən böyük itkilərə səbəb olur və qətiyyətlə pislənməlidir.
Bütün dövlətlər qadınların və uşaqların müdafiəsi üçün mühüm təminatlar verən 1925-ci il Cenevrə protokoluna və 1949-cu il Cenevrə konvensiyalarına, həmçinin silahlı münaqişələr dövründə insan hüquqlarına hörmət edilməsinə aid digər beynəlxalq hüquq aktlarına müvafiq öhdəliklərini tam yerinə yetirməlidirlər.
Silahlı münaqişələrdə, əcnəbi ərazilərdəki hərbi əməliyyatlarda və ya hələ də müstəmləkə ağalığı altında olan ərazilərdəki hərbi əməliyyatlarda iştirak edən dövlətlər qadınları və uşaqları müharibənin dağıdıcı nəticələrindən qorumaq üçün bütün səyləri göstərməlidirlər. Təqib, işgəncə, cəza tədbirləri, alçaldıcı davranış və zorakılıq, o cümlədən əhalinin qadınlardan və uşaqlardan ibarət hissəsinə qarşı bu kimi tədbirlərin qadağan edilməsinə nail olmaq üçün bütün zəruri addımlar atılmalıdır.
Müharibə edən tərəflərin hərbi əməliyyatların gedişində və ya işğal edilmiş ərazilərdə, həbsxanaya salma, işgəncə vermə, güllələmə, kütləvi həbsə alma, kollektiv cəzalandırma, mənzilləri dağıtma və yaşayış yerindən zorla qovma da daxil olmaqla qadınlara və uşaqlara qarşı törətdikləri bütün repressiya və qəddarlıq, insanlıqdan kənar davranış formaları cinayətkar hərəkətlər sayılır.
Mülki əhaliyə mənsub olan və sülh, öz müqəddəratını təyin etmə, milli azadlıq və istiqlaliyyət uğrunda mübarizədə fövqəladə vəziyyətlər və hərbi münaqişələr şəraitinə düşən və ya işğal olunmuş ərazilərdə yaşayan qadınlar və uşaqlar, ev-eşikdən, qidadan, tibbi yardımdan, yaxud insan hüquqları haqqında ümumi bəyannamənin, Mülki və siyasi hüquqlar haqqında beynəlxalq paktın, İqtisadi sosial və mədəni hüquqlar haqqında beynəlxalq paktın, Uşaq hüquqları bəyannaməsinin, yaxud beynəlxalq hüququn digər aktlarının müddəalarına müvafiq olaraq digər ayrılmaz hüquqlardan məhrum edilməməlidirlər.
Ancaq tarixi reallıqlar göstərdi ki, Cenevrə konvensiyalarının tələbləri hərbi münaqişələr zamanı heç də insan hüquqlarını təmin edə bilmir. Qadağan olunan bu tədbirlər Ermənistan dövləti tərəfindən xalqımıza qarşı çox amansızca həyata keçirilmişdir. Bu konvensiyaların da təkmilləşməyə ehtiyacı var.
Haaqa Konvensiyası isə 1954-cü il Haaqa konfransında qəbul edilmişdir. Konvensiya hərbi münaqişələr zamanı hər bir dövlətin öz ərazisində və rəqib tərəfin ərazisində yerləşən mədəni dəyərlərin qorunması, arxitektura, incəsənət, tarixi abidələr, arxeoloji qazıntılar kimi daşınan və daşınmaz mədəni dəyərlərin müdafiə edilməsini iştirakçı dövlətlərin qarşısında vəzifə kimi qoyur. Konvensiyanın iştirakçıları özlərinin qanunvericiliyində elə qanunlar qəbul etməlidir ki, bu konvensiya onun şərtlərini pozan və pozmağa göstəriş verənləri cəzalandıra bilsin. Haaqa Konvensiyasında bu Konvensiyanın tətbiq edilməsi qaydalarını müəyyən edən icraedici reqlament və işğal edilmiş ərazilərdən mədəni dəyərlərin çıxarılmasını qadağan edən protokol qəbul edilmişdir.
Haaqa Konvensiyası, eyni zamanda hərbi əməliyyatlar zamanı döyüşən tərəflərin hüquq və vəzifələrini müəyyən edir və düşmənə qarşı istifadə edilən vasitələri məhdudlaşdırır. Ermənistan tərəfindən bu Konvensiyanın tələbləri də kobud surətdə pozulmuşdur.
Sülh və insanlıq əleyhinə olan cinayətlərin, demək olar ki, əksər hissəsi mənfur qonşumuz tərəfindən xalqımıza qarşı törədilmişdir. Son 200 ildə Azərbaycan xalqına qarşı ermənilər və onların havadarları tərəfindən məqsədyönlü siyasət həyata keçirilməklə ölkəmizin ərazi bütövlüyü, suverenliyi və siyasi müstəqilliyi əleyhinə təcavüz cinayətləri, qədim və tarixi torpaqlarımızda, bütövlükdə, XX və XXI əsrlərdə yerli əhaliyə qarşı soyqırımı, insanlıq əleyhinə cinayətlər, müharibə və terror cinayətləri törədilmişdir. Ən acı həqiqət isə bundan ibarətdir ki, bütün bu beynəlxalq hüquqazidd əməllər Ermənistan dövləti tərəfindən 30 il davam etdirildi, törədilən cinayətlər cəzasız qaldı.
Xalqımıza qarşı törədilən cinayətlər, ilk növbədə, beynəlxalq hüquq elmi müstəvisində araşdırılmalı, baş verən cinayətlər üzrə ədalətli məsuliyyət tədbirləri tətbiq olunmalı, bir sözlə, baş verən cinayətlərə görə siyasi və ya hüquqi formada məsuliyyət labüd olmalıdır. Lakin, çox təəssüf ki, yuxarıda qeyd olunan beynəlxalq sənədlər hərbi münaqişələr zamanı insan hüquqlarını qorumağa qadir deyil.
2020-ci il 27 sentyabr tarixdən başlayaraq Ermənistana qarşı aparılan əks-hücum əməliyyatları zamanı beynəlxalq humanitar hüququn yuxarıda sadaladığımız bütün tələbləri təcavüzkar Ermənistan tərəfindən pozulub.
Bu bir tarixi həqiqətdir ki, terror, soyqırım törətmə, başqalarının torpağını işğal etmə, mədəni xalqların mədəniyyətini, incəsənətini, süfrəsindən oğurlamaq ermənilər üçün həyat tərzidir.
Ötən əsrin 80-ci illərinin sonları – 90-cı illərinin əvvəllərində Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə çıxış etmiş və ölkəmizə qarşı hərbi təcavüzə başlamışdır. Həmin dövrdə Azərbaycanda hökm sürən hərc-mərclikdən istifadə edən Ermənistan torpaqlarımızın 20%-ni işğal etmiş, Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşmüşdür. Birinci Qarabağ müharibəsinin iştirakçısı kimi Ermənistan tərəfindən aparılan təcavüzkar müharibəyə qarşı mən də döyüşmüşəm.
Bu gün Naxçıvan Muxtar Republikası Prokurorluğu orqanlarında erməni vətəndaşları tərəfindən törədilmiş cinayət hadisələri ilə bağlı keçmiş illərdə başlanıb icraatı dayandırılmış onlarla cinayət işi mövcuddur. Həmin işlər isə 1988-ci ildən başlayaraq Azərbaycan vətəndaşlarına qarşı törədilmiş sülh və insanlıq əleyhinə olan ən ağır cinayətlərdir.
Azərbaycana qarşı hərbi təcavüzün nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822 (30.04.1993-cü il), 853 (29.07.1993-cü il), 874 (14.10.1993-cü il) və 884 (12.11.1993-cü il) saylı qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxın davam edən danışıqlar prosesi Ermənistanın destruktiv mövqeyinə görə nəticə verməmişdir. Bu qətnamələrin zəif cəhətləri isə həmin sənədlərin çağırış xarakterli olması, mövcud vəziyyəti pisləməklə kifayətlənməsi idi.
Ermənistanın qəbul etdiyi təcavüzkar və hücum xarakterli milli təhlükəsizlik strategiyası və hərbi doktrina, işğal edilmiş ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasətini genişləndirməsi, “yeni ərazilər uğrunda yeni müharibə” çağırışı, mülki şəxslərdən ibarət “könüllü dəstələri” yaratmaq qərarı, 2020-ci il iyulun 12-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində təxribat törətməsi, eyni zamanda, bütövlükdə, qoşunların təmas xəttində gərginliyi artırması, cəbhə xəttinə yaxın ərazilərdə qoşunlarını cəmləşdirməsi, böyük həcmdə silah-sursat toplaması Ermənistanın genişmiqyaslı hücuma hazırlaşdığını göstərirdi.
2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutdular. Törətdikləri növbəti hərbi təxribat nəticəsində mülki şəxslər və hərbçilər arasında ölən və yaralananlar olduğu, ölkəmizin milli təhlükəsizliyinə qarşı real və potensial hərbi təhdidlərin qarşısının alınması və zərərsizləşdirilməsi üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən əks-hücum əməliyyatlarına başlamışdır.
Azərbaycan Respublikasının Hərbi doktrinasına əsasən Ermənistanın Azərbaycan Respublikası ərazisinin bir hissəsini işğal altında saxlaması və problemin siyasi yolla tənzimlənməsi çərçivəsində işğal etdiyi əraziləri azad etməkdən imtina etməsi səbəbindən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq ərazi bütövlüyünü bərpa etmək məqsədilə hərbi güc daxil olmaqla bütün lazımi vasitələrdən istifadə etmək hüququnu Azərbaycan Respublikası özündə saxlayır. Azərbaycan Respublikası xalqın və ölkənin milli maraqlarını təmin etməyə qadir müstəqil, demokratik, hüquqi, dünyəvi, unitar dövlət olaraq öz inkişafı naminə milli təhlükəsizlik siyasətini müəyyən edir və həyata keçirir.
Torpaqlarımızı işğaldan azad edən müzəffər Ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Ermənistanın silahlı qüvvələri darmadağın edilərək, canlı qüvvə və texnika sarıdan böyük itkilər verərək geri çəkilməyə məcbur olmuşdur. Düşmən ordusu döyüş meydanındakı acınacaqlı məğlubiyyətlərinin əvəzini çıxmaq üçün Azərbaycanın münaqişə zonasından və cəbhə xəttindən uzaqda yerləşən şəhər və rayonlarındakı mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri hədəf seçmiş, müxtəlif növ silahlarla, o cümlədən artilleriya və ballistik raketlərlə atəşə tutaraq insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri törətmiş, mülki şəxsləri vəhşicəsinə qətlə yetirmiş, mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə irimiqyaslı zərər vurmuşlar.
Ancaq Azərbaycan əsgəri erməni sivil vətəndaşlarına heç bir qeyri-qanuni hərəkət göstərmədi, əksinə, bəzən onlara humanitar mövqeyini nümayiş etdirdi. İnancımız və vicdanımızla bu müharibədə dünyaya insanlıq dərsi keçdik. Kilsə oğruları olan ermənilərdən fərqli olaraq, nə dini abidələrə, nə də dini ocaqlara toxunduq. Nə əsir düşənlərə, nə yaşlıya, nə qadına, nə də köməksiz insanlara silah tuşladıq. Müharibə bölgəsində qalmış yaşlı erməniləri belə özlərinə təhvil verdik. Ermənilərdən fərqli olaraq biz köməksiz insanların iztirablarından zövq almadıq. Azərbaycan əsgəri təkcə torpaqlarını işğaldan azad etmədi, həm də minlərlə körpənin, qocanın, qadının qisasını aldı, pozulan hüquqlarımızı bərpa etdi. Biz Xocalı kimi soyqırımı yaşamağımıza baxmayaraq, qisas hissimizi yalnız döyüş meydanına saxladıq. Xocalıdakı körpələrin, Bərdəyə, Gəncəyə atılan raketlərin, orada vəhşicəsinə ölən körpələrin qisasını erməni ordusunu darmadağın edərək aldıq.
Müharibədən bir məqamı xatırlayaq. Ermənilər Şuşada körpə uşağı qoyub qaçmışdılar. O uşağı tapan Azərbaycan əsgəri ona mərmi yox, şirniyyat yedirdi. Düşmən körpəsi olsa belə onu bağrına basdı. Beləcə, dünya birliyi bir daha anladı ki, Azərbaycan xalqı sülhün, ədalətin və insanlığın əsgəridir. Müharibə zamanı biz bütün hərbi qanunlara da əməl etdik, döyüşün ən qızğın vaxtlarında humanitar atəşkəsin olmasını irəli sürdük ki, ermənilər itkilərini döyüş meydanlarından çıxarsınlar. Ancaq mənfur düşmən öz ölüsünə belə sahib çıxmadı, əksinə, işğal altında olan evlərimizi yandırdı, təbiəti məhv etdi, ərazilərdə minaların sayını artırdı. Bu da ermənilərin, hətta ekoloji hüquqları belə pozduğunu bir daha göstərdi.
30 ilə yaxın davam etmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair bir çox beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələrdə Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunun açıq şəkildə təsdiq edilməsinə baxmayaraq, beynəlxalq hüquq normalarının siyasi konyunktura və subyektiv maraqlar qarşısında acizliyinin şahidi olmuşuq. Azərbaycanın işğal olunmuş ərazilərindən erməni qoşunlarının dərhal çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrini Ermənistan tərəfi könüllü olaraq icra etməkdən boyun qaçırsa da, rəşadətli Azərbaycan Ordusu 44 gün davam edən Vətən müharibəsində bu qətnamələrin icrasını təmin edərək ərazi bütövlüyünü bərpa etdi. İşğal olunmuş torpaqların azad edilməsi həm də vətəndaşların Konstitusiya hüquqlarının bərpa edilməsini təmin etdi. Və otuz ildə pozulan hüquqlarımızı 44 gündə ədalətlə bərpa etdik. Apardığımız lokal xarakterli antiterror əməliyyatı nəticəsində isə ərazi bütövlüyümüz tam bərpa olundu. Azərbaycan Respublikasının Konstitusiyası bu gün bütöv Azərbaycan ərazisində ali hüquqi qüvvəyə malikdir!
Bəli, Ermənistan dövlətinin və ya ayrı-ayrı şəxslərin törətdiyi müharibə cinayətlərinin beynəlxalq hüquq çərçivəsində bir-bir hesabı soruşulacaq. Azərbaycanın ərazi bütövlüyü pozulduğu zaman Ermənistan dövlət əmlakına, şəxsi əmlaklara ciddi zərər vurmaqla yanaşı, Azərbaycanın tarixi-mədəni abidələrinin məhvində, qətllərdə, terrorlarda da cinayət məsuliyyəti daşıyır.
Bu gün dünyada baş verən ədalətsiz müharibələr, hərbi münaqişələr zamanı insanların hüquqları, ələlxüsus da, yaşamaq hüququ kütləvi surətdə pozulur. Yuxarıda sadalanan beynəlxalq sənədlər isə hərbi münaqişələr zamanı insanların hüquqlarını qoruya bilmir. Hərbi münaqişələr zamanı insanların hüquqlarını təmin etmək üçün daha mükəmməl beynəlxalq hüquqi sənədlərə, konvensiyalara ehtiyac var.
FAİQ SƏFƏROV
Naxçıvan Muxtar Respublikası
Prokurorluğununşöbə rəisi, baş ədliyyə müşaviri
Azərbaycan Respublikasının müharibə veteranı