20 Yanvar: Azadlıq uğrunda canından keçənlərin anım günü

20 Yanvar: Azadlıq uğrunda canından keçənlərin anım günü

Hər bir xalqın tarixində çox nadir hallarda faciə və qəhrəmanlıq məqamları üst-üstə düşür. Azərbaycan xalqı 20 yanvar gecəsini həm faciəli, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadı. O gecə həm xalqın yetişdirdiyi qəhrəmanlar, həm də qırğına başçılıq edənlərin kimliyi bəlli oldu.  Bu hadisədən 35 il keçsə də, xalqın sardığı yaralar hələ də qanayır.

1987-ci ildə Ulu Öndər Heydər Əliyevin vəzifədən ayrılması, 1988-ci ilin fevralında Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın tərkibinə verilməsi işğalın ilk addımları idi. Milli maraqlara zidd addımlar atan o zamankı hökumət, Azərbaycan rəhbərliyinin istefa tələbi və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxılması Kremlə Qanlı Yanvar qırğınını törətmək üçün fürsət verdi.

İstintaqla müəyyən edildi ki, 1990-cı il yanvarın ortalarında 66 min nəfərdən çox əsgər və zabit Bakı şəhərinə gətirilərək Qala və Nasosnu aerodromlarında, Respublika stadionunda, Salyan qışlasında (kazarmasında) yerləşdirilib. SSRİ Ali Sovetinin Rəyasət Heyəti 1990-cı il yanvarın 20-də saat 00:00-dan etibarən “Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında” fərman qəbul etdi. Yanvarın 19-da SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin “Alfa” qrupu tərəfindən təşkil edilən əməliyyat nəticəsində respublika televiziyasının enerji bloku partladıldı. Bununla da fövqəladə vəziyyətin elan olunmasının və qoşunun Bakıya girməsinin qarşısı alındı. “Bakı əməliyyatı”na rəhbərliyi birbaşa SSRİ müdafiə naziri Dimitri Yazov, SSRİ daxili işlər naziri Vadim Bakatin, SSRİ DTK sədrinin müavini Filip Babkov həyata keçirirdilər. Şəhərin küçələri həmin gün dinc əhalinin, təsadüfən küçəyə çıxan günahsız adamların, qocaların, qadınların, uşaqların qanına qərq olmuşdu. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışdılar. Kütləvi insan qırğını törədildikdən sonra səhər saat 5:30-da radio vasitəsilə Bakı şəhər komendantı fövqəladə vəziyyət tətbiq edildiyi barədə rəsmi məlumatı efirə verdi. Fövqəladə vəziyyət elan edildikdən sonra da, yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində daha 57 nəfər qətlə yetirilib. Həmçinin yanvarın 25-də Neftçalada 2 nəfər, 26-da Lənkəranda 6 nəfər qətlə yetirilib. Beləliklə, törədilmiş qırğınlar nəticəsində  Bakıda və respublikanın rayonlarında 150 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub. Onlardan 112 nəfəri SSRİ-nin müxtəlif şəhərlərinə aparılaraq həbsxanalarda saxlanılıb. Həmçinin 200 ev, 80 avtomobil, təcili yardım maşınları, trasler güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət və şəxsi əmlak məhv edilib. “Sabit Orucov” gəmisi “SOS!” siqnalı ilə dünyaya faciə barədə məlumat verərək bütün gəmiləri Bakı buxtasına yığmağı bacarmışdı. Sovet hərbi gəmilərindən açılan atəş nəticəsində “Neftqaz-18”, “Neftqaz-64”, “Aktau”, “Şirvan-2”, “Çeleken-1”, “Atlet-21” , “Vodoley-4” gəmiləri ciddi surətdə zədələndi. Xalq avtomat süngülərinin, tank lülələrinin ona tuşlanmasından qorxmayıb öz şəhidlərini Azadlıq meydanından son mənzilə – Şəhidlər xiyabanına yola saldı. Dünyanın heç bir ölkəsində belə izdihamlı dəfn mərasiminə təsadüf edilməyib. Azərbaycan xalqı 40 gün matəm saxladı. Yanvarın 21-də Ulu Öndər Heydər Əliyev ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək təşkil olunmuş izdihamlı yığıncaqda çıxış etdi. Bu ağır günlərdə xalqla həmrəy olduğunu bildirdi. Bu bəyanatdan sonra bütün dünya yanvarın 20-də Bakıda törədilmiş dəhşətli qırğından xəbər tutdu. Bakı qırğınları milli azadlıq hərəkatının daha da alovlanmasına və xalqın müstəqilliyə qovuşmasına gətirib çıxardı. Bu faciənin dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi məsələsi Ümummilli Lider Heydər Əliyevin sayəsində həllini tapdı.

1994-cü ilin fevral ayında Milli Məclisin xüsusi sessiyasında, 1990-cı il yanvarın 20-də Sovet Silahlı Qüvvələrinin Bakı şəhərinə və bir neçə rayonlarına yeridilməsi nəticəsində küçələrə çıxmış silahsız adamların qəddarcasına qətlə yetirilməsi Azərbaycan xalqına qarşı hərbi təcavüz və cinayət kimi qiymətləndirildi.  Mixail Qorbaçovun Azərbaycan xalqına qarşı ağır cinayət törətdiyi qeyd olundu. Hərbi təcavüzə görə məsuliyyət keçmiş rəhbərliyin (Əbdürrəhman Vəzirov, Ayaz Mütəllibov, Viktor Polyaniçko, Vaqif Hüseynov) üzərinə düşdüyü və onların Azərbaycan xalqına xəyanət etdikləri qeyd olundu. “20 Yanvar şəhidi” fəxri adının təsis edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti 1998-ci il l31 mart tarixdə Fərman imzaladı. 1990-cı il yanvarın 20-də keçmiş SSRİ silahlı qüvvələrinin Bakıya və respublikanın bir neçə rayonuna hərbi təcavüzü zamanı həlak olmuş 150 nəfərə “20 Yanvar şəhidi” fəxri adı verildi.

Azərbaycan Prezidentinin  2014-cü il 18 mart tarixli Sərəncamı ilə 20 Yanvar əlilləri və şəhidlərinin respublikanın ali və orta ixtisas təhsil müəssisələrində ödənişli təhsil alan övladları təhsil haqqından azad olundu. 20 Yanvar hadisələrində şəhid olan, itkin düşənlərin ailələrinə və əlil olan şəxslərə Prezident təqaüdü verilir, onların ailələri dövlət büdcəsi hesabına mənzillə, əlillər isə avtomobillə təmin edilir. Onların ailələrinə və əlil olan şəxslərə ildə birdəfəlik dövlət yardımı edilir.

  • 20 Yanvar faciəsi Azərbaycanın müstəqilliyə aparan yolun başlanğıc nöqtəsi oldu. Bir ildən sonra Azərbaycan yenidən dövlət müstəqilliyinə qovuşdu. Bu faciədən 35 il keçsə də, Şəhidlər xiyabanını ziyarətə gələn yüz minlərlə həmvətənimiz azadlığımız uğrunda şəhid olmuş soydaşlarımızın məzarı qarşısında baş əyərək onların xatirəsini ehtiramla yad edirlər.

Hər il yanvarın 20-də Bakı vaxtilə saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunaraq gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir.

2020-ci ildə Azərbaycanın ərazi bütövlüyü tam təmin edilərək bayrağımız 2020-ci ildə işğaldan azad olunmuş bütün əzəli torpaqlarımızda dalğalanmaqdadır. Bu gün 20 Yanvar, o cümlədən Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin ruhları şaddır. Həm də əbədi olaraq!

Gülxarə Əhmədova

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin deputatı

                                                                         

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM