Qürur və kədər hissinin yaşandığı müqəddəs məkan

Qürur və kədər hissinin yaşandığı müqəddəs məkan

Sükut... Naxçıvan Şəhidlər xiyabanı. İnsan istər-istəməz xiyabana daxil olarkən bu məqamın aliliyini hiss edir. Xiyabanda gəzişərkən hər addımda başqa bir duyğu, fərqli bir fikir oyanır. Bura təkcə xiyaban deyil, insanların öz mənəvi evlərini tapdığı məkandır. Qocalar burada hekayələrini gənc nəslə, gənc nəsil isə gördüklərini ağlına və qəlbinə yazır... Bu misilsiz faciəni unutmasın deyə!

Hər məzarın sakini, bəlkə də, bu izdihamı görüb hönkür-hönkür ağlayır... Qürurdan. Lakin bu kədərli göz yaşlarını kimsə görmür... Özlərindən başqa. Necə görə bilərik ki, daşdan düzəldilmiş, amma içində ürəyi olan bir heykəlin hıçqırıqlarını! Məzar daşlarındakı talelərin hamısı, təxminən, eyni ömrü yaşayıb... Yarım.

20 Yanvar gecəsi Naxçıvan da çoxlu şəhid verdi. İndi onların əziz xatirəsinə ucaldılmış Şəhidlər xiyabanı özündə dərin mənəvi yük daşıyır. Xiyaban hər bir ziyarətçiyə həm qürur, həm də kədər hissini yaşadır. Buradakı qəhrəmanların məzarları onları ziyarətə gələnlərin qərənfil dəstələri ilə gül bağçasına çevrilir. Xiyabanı ziyarət edərkən təkcə baxışlar deyil, ürək də, ruh da burada əbədi uyuyan müstəqilliyimizin təməl daşları qarşısında boyun əyərək deyir: Qəbriniz nurla dolsun!

Hər günü, hər anı onunla yaşadığımız, gülümsədiyimiz anları xatırlamaqla keçirirəm

20 Yanvar faciəsi ilə bağlı NUHÇIXAN-a müsahibəsində şəhid Səyyad Əhəd oğlu Əliyevin yoldaşı Lətifə Əliyeva bildirir ki, 20 Yanvar hadisələri, Azərbaycanın müstəqillik və azadlıq uğrunda mübarizə tarixində çox mühüm yer tutur. Bu hadisələrdə həyatını itirən qəhrəmanlardan biri də 2-ci Dünya müharibəsi zamanı döyüşlərdə iştirak edərək gözlərini itirən qəhrəman Əhəd Əliyevin oğlu Səyyad Əliyev olub. Bu faciə qarşısında ailəmiz böyük bir itki yaşayıb və bu itki bizim həyatımızda dərin izlər buraxıb. Lakin biz bu itkini qəhrəmanlıq kimi qəbul etdik. Çünki  Səyyad 13 erməni quldurunu qəhrəmanlıqla məhv edib. Özü də televiziya əməkdaşı olan Səyyad haqqında çoxlu sayda teleradio verilişləri hazırlanaraq efirə verilib.

Hər günü, hər anı onunla yaşadığımız, gülümsədiyimiz anları xatırlamaqla keçirirəm. Amma indi... İndi bu şəhər, bu dünya sanki mənimlə deyil. Həyat yoldaşım, o qəhrəman, o şəhid, artıq yanımda deyil. Səyyad, sən bu torpağın hər qarışı üçün qanını verdin, qəhrəmanlıq göstərdin, amma mənim qəlbimdə yalnız həsrət və əzab qaldı. Sənin qürurun, sənin fədakarlığın mənə həm güc verir, həm də ağrı. 20 Yanvar bir tarix deyil, o, hər zaman mənim üçün Səyyadın adı ilə,  yoldaşlığımızın sonu ilə bağlı bir xatirədir.

Şəhid Fərmayıl İsmayılovun qardaşı: “Qardaşım mənim üçün, sadəcə, bir şəhid deyil, bir idealdır”

Qardaşımın şəhid olduğu günü xatırlamaq mənim həmişə içimi parçalayan bir an olaraq qalacaq. O zaman mənim 7 yaşım var idi, dünyada hər şey o qədər sadə, o qədər rəngarəng görünürdü ki, uşaq gözüylə həyat, sadəcə, oyun, gülüş və ümidlərdən ibarət idi. Onun şəhid olduğu xəbərini aldım və heç nə anlamadım, ancaq bir şey var idi ki, ürəyimdə bir ağır yük hiss etməyə başladım. Sanki bir şeylər pozuldu, dünyam dəyişdi. O zamanlar, 7 yaşımda, nə şəhidlikdən, nə də Vətən uğrunda can verməkdən xəbərim vardı. Mən, sadəcə, qardaşımın mənimlə daha çox oynamağını, mənimlə daha çox vaxt keçirməsini istəyirdim. Amma o mənə tək bir dərs verdi: Vətən sevgisi, ailə sevgisi, böyük bir məsuliyyət hissi və qəhrəmanlıq. O, canını Vətənə, xalqına həsr edərək hər birimizin həyatında böyük bir iz qoydu. İndi mən böyüdüm və onun nələr hiss etdiyini, nələr yaşadığını başa düşməyə başladım. 41 yaşım var və mən bilirəm ki, qardaşım bir qəhrəmandır. Onun bu dünyadakı ən böyük məqsədi xalqına xidmət etmək, torpağını qorumaq idi. Bu gün də, qardaşımın xatirəsini yaşadırıq. Mənim üçün o, sadəcə, bir şəhid deyil, bir qəhrəman, bir idealdır. O mənə, mənim ətrafımdakı insanlara, bir ölkəyə və bir millətə nələr verə biləcəyini göstərdi. Onunla fəxr edirəm, amma eyni zamanda bu itki, həyatımdakı ən böyük ağrıdır. O mənim üçün hər zaman bir qəhrəman olaraq qalacaq.

Samirə Əliyeva: “Bizim vətənpərvərliyimiz gənclərimizə doğru yolu göstərəcək ən böyük mirasdır”

7 nömrəli məktəbin müəllimi Samirə Əliyeva bildirir ki, 20 Yanvar, xalqımızın azadlıq və müstəqillik uğrunda göstərdiyi şücaətin simvoludur. Şəhidlərimizin canları ilə qoruduqları bu torpaq bizim gələcəyimizdir. Onların fədakarlığı hər zaman qəlbimizdə yaşayacaq. Şəhidlərimizin xatirəsi, sadəcə anmalarla deyil, onların qoyduğu izlərlə yaşamalıdır. Bizim vətənpərvərliyimiz gənclərimizə doğru yolu göstərəcək ən böyük mirasdır. Bu günün uşaqları, gəncləri 20 Yanvarın əhəmiyyətini anlamalı, onların qəhrəmanlığına görə fəxr etməli və bunu yaşatmalıdırlar. Biz müəllimlər olaraq bu anlayışı hər zaman onlara aşılamalıyıq. Ona görə də bu gün mən və ailəm buradayıq. Şəhidlərimizin əziz xatirəsinə ən gözəl hədiyyə onların göstərdiyi qəhrəmanlığı unutmamaq və Vətənə olan sevgini daim yaşatmaqdır. 20 Yanvar, 7-dən 70-ə hər bir azərbaycanlının qəlbindədir. O gün, Vətən uğrunda canını fəda edən şəhidlərimizin qəhrəmanlığı heç vaxt unudulmayacaq. Hər yaşda insan bu tarixdəki sarsılmaz iradə və fədakarlığı hiss edir, bu mübarizənin ruhunu yaşayır. Şəhidlərimizin xatirəsi yalnız bir günlə məhdudlaşmır, o, hər birimizin qəlbində əbədi yaşayır. Hər birimiz bu torpaqda baş verənlərdən ilham alaraq Vətən sevgisini, azadlığı, vəhdəti təbliğ etməliyik. 20 Yanvar, hər bir azərbaycanlının fəxri, qüruru və birliyidir. Onların ruhu hər zaman bizimlədir.

Rəna Hüseynova: “Oğlumun timsalında bütün şəhidlərin xatirəsi bizim üçün unudulmazdır”

II Qarabağ müharibəsi şəhidi Raqib Hüseynovun anası qeyd edir ki, 20 Yanvar hadisələrindən 35 il keçir. Azadlığımız, suverenliyimiz və müstəqilliyimiz uğrunda şəhid olan oğullarımıza Allah rəhmət eləsin. Bizə bu günü yaşadan qəhrəman oğullarımız qarşısında baş əyirəm. Bu gün mənim qəlbimdə bir tərəfdən böyük bir fəxr, digər tərəfdən isə sonsuz bir kədər var. Amma bilirəm ki, oğlum, 20 Yanvar şəhidlərinin qəhrəmanlığını yaşatmaq üçün canını fəda etdi. O bizim üçün, Vətənimiz üçün mübarizə apardı və mənim üçün 20 Yanvar həm də onun qəhrəmanlıq yolunun başladığı gündür. O, 20 Yanvar şəhidlərinin izində getdi və bu izdən geri qalmadı. Onun şəhidliyi, bizim üçün ən böyük fəxrdir. Oğlumun timsalında bütün şəhidlərin xatirəsi bizim üçün unudulmazdır.  Mən onu heç zaman unutmuram, unutmamalıyam. Vətənim, torpağım, oğlum – hər biri mənim qəlbimdə həmişə bir yerdə olacaq. Onlar mənim qürurum, mənim gücüm olacaq.

Mehriban Musayeva: “Hər şəhidin tökülən bir damla  qanına  mənim  canım qurban”

Şəhid Firudun  Musayevin həyat yoldaşı qeyd edir ki, Firudunla bağlı xatirələrimdə heç zaman unuda bilmədiyim anlar var. O həm döyüşdə, həm də ailə içində qəhrəman idi. Firudun mənim həyatımda yalnız bir həyat yoldaşı deyil, həm dost, həm də ən böyük dəstəkçim idi. O, həmişə mənə inanır, mənə güvənirdi. Bu o qədər dəyərli bir şeydir ki, insan hər zaman hiss edir ki, yanındadır. O, 18 mayda  Sədərəkdə gedən güclü  döyüşlərdə qəhrəmancasına şəhid olub. Biz də  Vətən sağ olsun deyirik.

Bizim üçün nə qədər acı olsa da, torpaqlarımızı işğaldan azad görəndən sonra  qürur  duyuruq. Allah cəmi  şəhidlərimizin məkanın cənnət eləsin.  Allah qalib ordumuzu, dövlətimizi,  xalqımızı  qorusun. Hər  zaman şəhidlərimizin məqamları uca olsun.  Şəhidlərimiz  hər zaman yaşasın, çünki onlar canlarını   azad torpaqlarımız üçün qurban veriblər.

Afaq Abbasova: “Bu gün fəxr ilə deyirəm ki,  mən Bahadur Abbasovun qızıyam”

Şəhid Bahadur Abbasovun qızı deyir ki, mənim 3 yaşım var idi atam şəhid olanda. Allah heç kəsə atasızlığı qismət etməsin, amma bu gün fəxr ilə deyirəm ki,  mən Bahadur Abbasovun qızıyam!

Atam  mənim ən yaralı yerimdir.  Atamın Vətən uğrunda göstərdiyi qəhrəmanlığını, Vətənə bağlılığını, mərdliyini və fədakarlığını qəlbimdə hiss edərək onun xatirəsini yaşatmağa çalışıram. Eyni zamanda atam ilə keçirdiyim xoşbəxt anları, onun mənə verdiyi sevgi və təlimləri düşünərək həm də bir boşluq və həsrət içindəyəm. Onun qəhrəmanlığı,  döyüş meydanında göstərdiyi cəsarət və xalqına qarşı olan borcu, böyük fəxr mənbəyi olsa da, onun yoxluğu dərin bir ağrıya çevrildi. Hisslərimin qarışıq olduğu bu dövrdə atamın ruhunun nur içində yatması və onun göstərdiyi fədakarlığın gələcək nəsillərə nümunə olması mənim ən böyük arzumdur.

Fatma Məmmədova: “Mənim içimdəki qürur və həsrət bir-birini tənzimləyir”

Şəhid Abbas Məmmədovun anası deyir ki, ana üçün övlad acısı çox çətindir. Şəhidlərin hər biri bizim övladlarımızdır. Bir şəhid anası olaraq deyə bilərəm ki, bu hisslər çox qarışıqdır, mənim içimdəki qürur və həsrət bir-birini tənzimləyir. Hətta həyatın ən ağır anlarında belə oğlumun şəhidliklə bağlı yaşadığı ən yüksək ideallarını daima canlı saxlamağa çalışıram. Və hər zaman bu düşüncə ilə yaşayıram ki, oğlumun ruhu və Vətənə olan sevgisi əbədi olaraq yaşacaq.

Fariz Əhmədov
Səma Hüseynli
Pnar Yusifli
NUHÇIXAN

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM