“İgidlərim, Azərbaycan uğrunda, Vətən uğrunda, irəli!”

“İgidlərim, Azərbaycan uğrunda, Vətən uğrunda, irəli!”

Ölkəmizin ərazi bütövlüyünün qorunmasında canından keçib xalqın qəlbində əbədi yer tutan, adını Azərbaycan tarixinə yazan qəhrəman oğullarımızdan biri də Bəylər Ağayevdir.

1969-cu il fevral ayının 3-də Qubadlı rayonunun Qaraağaclı kəndində anadan olan Bəylər orta təhsilini kənd orta məktəbində başa vurub, əmək fəaliyyətinə sovxozda fəhlə işləməklə başlayır. İki il çalışdıqdan sonra ordu sıralarına çağrılan Bəylər Ağayev Almaniya Demokratik Respublikasında hərbi xidmət keçir. Əsgəri xidmətini yerinə yetirib Vətənə qayıdan qəhrəman sonra sovxozda işləməyə davam edir. Həmin müddətdə təhsilini davam etdirən Bəylər İnşaat Mühəndisləri İnstitutuna qəbul olur. İki il ali təhsil alan vətənin igid oğlu həmin dövrdə Qarabağ bölgəsindən aldığı üzücü xəbərlərlə razılaşmayıb, təhsilini yarımçıq qoyub, könüllü olaraq Milli Ordu sıralarına yazılır. Orduda ilk günlərdən hərbi biliyi və bacarığı ilə briqada komandirinin diqqətini cəlb edən Bəylər bölmə komandiri təyin olunur.

Laçın rayonu istiqamətində gedən döyüşlərə qatılan Bəylər Ağayev rayonun erməni quldurlarından təmizlənməsində fəal iştirak edir. O, Səfiyan, Yuxarı və Aşağı Fərəcan, Mazutlu, Türklər, Suarası kəndlərində düşmənin xeyli canlı qüvvəsinin və hərbi texnikasının darmadağın edilməsində rəşadət göstərir. Bu xidmətləri qarşısında vətənin igid oğlu dəfələrlə tabor, briqada komandirləri və Müdafiə Nazirliyi tərəfindən mükafatlandırılır. O, hərbi təcrübəsi və bacarığına görə bölmə komandiri təyin olunur.

Xanalılar kəndi, 1992-ci il avqustun 6-sı…

Düşmən hücumuna məruz qalan Xanalılar kəndinin azad edilməsi üçün şiddətli döyüş aparan Bəylər Ağayev rəhbərlik etdiyi bölmə ilə birlikdə düşmənə ağır zərbələr vurur. Lakin gözlənilmədən düşmən mühasirəsinə düşən qəhrəman üzünü döyüş yoldaşlarına tutaraq “İgidlərim, namərd düşmənin əlinə keçməmək üçün mühasirəni yarmalıyıq. Ola bilsin ki, bu, bizim son doyüşümüzdür. Biz bu döyüşdə ölümlə üz-üzəyik. Qoy olsun! Biz Vətən uğrunda ölümə gedirik. Amma qələbəyə gedirik. “İgidlərim, Azərbaycan uğrunda, Vətən uğrunda, irəli!”,- deyib düşmən üzərinə hücuma keçir. Qəhrəman döyüşçülər düşmən mühasirəsini yarıb, qrantamyot və qranatla düşmənin xeyli hərbi texnikasını və canlı qüvvəsini məhv edirlər. Həmin gün gecə yarısına qədər çəkən qanlı döyüşdə qəhrəman komandir və döyüşçüləri son damla qanlarınacan vuruşurlar. Döyüş, igid komandirin dediyi kimi son döyüş olur. Həmin gecə qəhrəmancasına həlak olan vətənin igid oğulları Qaraağaclı kəndində Şəhidlər xiyabanında dəfn olunurlar.

Son damla qanına kimi torpaqlarımızın qorunması üçün rəşadət göstərən Bəylər Ağayevin vətən uğrunda etdiyi xidmətləri Azərbaycan Respublikası Prezidenti tərəfindən yüksək qiymətləndirilərək “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb. Qəhrəmanın adı əbədiləşdirilərək Qubadlı rayon Qaracallı orta məktəbinə verilib.

“Vətən uğrunda, irəli!”,-deyən qəhrəman ruhun şad olsun! 2020-ci il 27 sentyabrda başlayan 44 günlük Vətən Müharibəsində düşmən üzərinə əks-hücum əmri ilə Müzəffər Ordumuzun qəhrəman zabit və əsgərləri Sənin “irəli” şüarınla döyüşə başlayıb, Qələbəyə addımladılar. Bu gün uğruna canını verdiyin vətən torpaqları artıq beş ildir ki, azaddır. Və həmin torpaqlarda dövlət bayrağımız dalğalanır.

Səriyyə Salahova

Naxçıvan televiziyasının əməkdaşı

 

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM