Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NTV-yə verilən məlumata görə Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi ilə “Naxçıvan Təlim Mərkəzi” PHŞ tərəfindən birgə icra olunan “Gənclərin Şəxsi İnkişaf Həftəsi” təlim proqramının sonuncu günündə könüllü gənclər Ali Məclisin əməkdaşı Aslan Səfərovun təqdimatında “Sosial şəbəkələr və şəxsi brend: Effektiv start” mövzusu ilə bağlı əhəmiyyətli bilgilər əldə ediblər.
Sentyabrın 12-də reallaşan təlim zamanı gənclərə əsasən, sosial şəbəkələr üzərindən şəxsi brendinq strategiyasının həyata keçirilməsi və sosial media marketinqin bu istiqamətdəki rolundan bəhs olunub, şəxsi brend anlayışı və hədəf istiqamətləri barədə fikirlər səsləndirilib. Qeyd olunub ki, uğurlu şəxsi brend sadəcə məşhur olmaq deyil, həm də faydalı əlaqələr qurmaq və karyera məqsədlərinə çatmaq üçün bir vasitədir. Sessiyada gəncləri maraqlandıran suallar təlimçi tərəfindən ətraflı şəkildə cavablandırılıb, müvafiq tövsiyələr verilib.
Sonda təşkilatçı qurum rəhbərlərinin iştirakı ilə gənclərlə görüş keçirilib. Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov gənclərin şəxsi inkişafı istiqamətində görülən işlər barədə danışıb, gənclərin peşə və karyera imkanlarının artırılması amilinin nazirlik üçün daim aktuallıq təşkil etdiyini diqqətə çatdırıb. Nazir müavini effektivliyin artırılması baxımından Naxçıvanda və Bakıda fəaliyyət göstərən təcrübəli təlimçilərin bu işə cəlb olunduğunu, nəticədə daha bacarıqlı, işgüzar gənclərin formalaşdırılmasına güclü təkan verildiyini deyib.
Təlimlərin gənclər üçün faydalı olacağına inamını ifadə edən “Naxçıvan Təlim Mərkəzi” PHŞ İdarə Heyətinin sədri Bəhruz Nəzərov mövzu seçimi zamanı aktuallıq və faydalılıq prinsipinin əsas götürüldüyünü, o cümlədən təlimçi qismində öz sahələrində uğurlu karyerası, böyük təcrübəsi olan şəxslərə üstünlük verildiyini diqqətə çatdırıb. O, Gənclər və idman Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində bundan sonra da müxtəlif sahələri əhatə edən təlimlərin keçirilə biləcəyini vurğulayıb, gənclərə fəal və aktiv iştiraka görə təşəkkür edib.
Çıxışların ardınca rəsmilər “Gənclərin Şəxsi İnkişaf Həftəsi” təlim proqramının iştirakçılarına sertifikat təqdim ediblər. Sonda xatirə şəkli çəkdirilib.
