satellite   Azerspace-1: 11135 H 30000

Qələmi silah, sözü həqiqət olan Salatın Əsgərova

Qələmi silah, sözü həqiqət olan Salatın Əsgərova

Salatın Əsgərova Azərbaycan jurnalistikasının taleyinə yazılmış ağrılı, amma bir o qədər də şərəfli bir addır.

O, 1961-ci ildə Bakı şəhərində dünyaya göz açmışdı. İxtisasca geofizik olsa da, içindəki söz yanğısı, həqiqətə bağlılıq onu jurnalistikaya gətirdi. Müxtəlif mətbu orqanlarda çalışsa da, Salatın Əsgərovanı tanıdan, onu tarixə yazan əsas missiya Qarabağ həqiqətlərini dünyaya çatdırmaq oldu.

“Molodyoj Azerbaydjana” qəzetinin xüsusi müxbiri kimi ən təhlükəli bölgələrə yollanır, müharibənin içindən reportajlar hazırlayırdı. Salatın cəbhəyə uzaqdan baxanlardan deyildi. O, hadisələrin mərkəzində olmağı seçmişdi. Çünki inanırdı: həqiqət yerində görülməli, yerində yazılmalı və yerindəcə dünyaya çatdırılmalıdır.

Salatın üçün yazmaq sadəcə fikri ifadə etmək deyildi. Yazmaq – insanlara çatmaq, onları düşündürmək, haqqı müdafiə etmək idi. Onun yazılarında təkcə güllə səsləri yox idi. Orada yurdundan didərgin düşmüş anaların göz yaşları, yetim qalan uşaqların susqun baxışları, torpaq uğrunda vuruşan əsgərlərin sarsılmaz iradəsi və cəbhədən xəbər gözləyən insanların bitməyən həyəcanı vardı.

Salatın Əsgərova müharibəni qəhrəmanlıq pərdəsi ilə örtmürdü. O, müharibəni olduğu kimi – ağrılı, amansız və ədalətsiz üzü ilə göstərirdi. Məhz bu dürüstlük onu başqalarından fərqləndirirdi.

Onun cəbhəyə getməsi ailəsini, yaxınlarını daim narahat edirdi. Elə 1991-ci il yanvarın 9-da Salatın son dəfə atasına söz verərək evdən çıxdı. Lakin Laçın–Şuşa yolu ilə hərəkət edərkən erməni silahlı birləşmələrinin pusqusuna düşdü. Elə həmin gün də tarixə adını yazdıraraq şəhidlik zirvəsinə ucaldı.

Bu faciə Azərbaycan mətbuat tarixində həm qara, həm də şərəfli bir səhifə kimi yadda qaldı. Salatın o gün təkcə jurnalist kimi deyil, sözün, həqiqətin və vicdanın müdafiəçisi kimi canından keçdi.

Salatın Əsgərova 6 noyabr 1992-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü.

Bu gün onun adını daşıyan kəndlər, büstlər, mükafatlar var. Amma Salatın Əsgərovanın ən böyük abidəsi yazdığı məqalələr, açdığı vicdan yolu və susmayan həqiqət səsidir.

Salatın sübut etdi ki, jurnalist olmaq təkcə yazmaq deyil. Bəzən həqiqət uğrunda ölməyi də bacarmaqdır.

O yaşamadı ki, biz yaşayaq.

O öldü ki, həqiqət yaşasın.

 

Nurtac İsmayılova

NUHÇIXAN

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM