Gecə saatlarında Rusiya ABŞ Prezidenti Donald Trampın elan etdiyi “enerji atəşkəsi”nə rəğmən ballistik raketlər və dronlardan istifadə edərək Ukraynanın enerji obyektlərinə yenidən kütləvi hücum edib.
NTV bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin “Telegram” kanalına istinadla xəbər verir.
Zelenskinin sözlərinə görə, Rusiya gecə ərzində Kiyev, Kiyev bölgəsi və Xarkovdakı enerji və kritik infrastruktur obyektlərinə qarşı 39 ballistik raket, 120-dən çox hücum dronu və sursatdan istifadə edib.
“Rusiyanın hədəflənmiş bu ballistik zərbəsi Amerika Prezidentinin atəşkəsi müəyyən etdiyi enerji sektoruna yönəlmişdi. Zərbə tamamilə qəsdən və miqyasına görə nümayişkaranə idi - Rusiya əvvəllər heç vaxt Amerikaya qarşı bu qədər nümayişkaranə hörmətsizlik göstərməyib”, - deyə Zelenski qeyd edib.
Prezident vurğulayıb ki, Rusiya Donald Trampın açıqlamalarını təsirli hesab etmir.
Zelenski bildirib ki, gecə hücumundan sonra ən azı 600 min ukraynalı işıqsız qalıb və daha çox elektrik kəsintiləri ola bilər.
Onun sözlərinə görə, 26 elektrik şəbəkəsində və dörd neft-qaz müəssisəsində qurğu və avadanlıqlara ciddi ziyan dəyib. Həmçinin ölən və yaralananlar var.
“Amerikadan və dünyada reallığa göz yummayan hər kəsdən buna reaksiya verməyi və sərt münasibət bildirməyi xahiş edirik. Rusiya gərginliyin azaldılması fürsətini əldən verib və açıq şəkildə dəlicəsinə məhvetmə müharibəsini davam etdirməyi seçib”, - deyə Zelenski vurğulayıb.
Dövlət başçısı Trampı Rusiyaya qarşı ən sərt sanksiyalar tətbiq etməyə çağırıb.
Prezident, həmçinin Ukraynaya əlavə “Patriot” raketləri tədarükünə dair ABŞ və Avropaya müraciət edib.
Xatırladaq ki, 14 oktyabr gecəsi və səhəri Rusiya Ukraynaya kütləvi ballistik raket zərbəsi endirib.
Əsas hədəf Kiyev olub, raketlər Jitomir, Bila Tserkva və Poltavaya doğru da uçub, Xarkov və Dneprdə partlayış səsləri eşidilib. Xüsusilə, Rusiyanın Kiyevə gecə hücumları nəticəsində üç nəfər həlak olub, 27 nəfər yaralanıb. Paytaxtda və ətraf bölgələrdə elektrik qurğuları hədəfə alınıb və bu, şəhərdə elektrik kəsintilərinə səbəb olub.
Qeyd etmək lazımdır ki, Rusiya ardıcıl üçüncü gündür Kiyevə raketlərlə hücum edir. Oktyabrın 13-ü axşamı zərbələrin əsas hədəfi 4 nömrəli İstilik Elektrik Stansiyası olub, Desnyanski rayonundakı çoxmərtəbəli yaşayış binasında isə bir nəfər ölüb, 21 nəfər yaralanıb.
