Təkcə bu ilin əvvəlindən sükan arxasında mobil telefondan istifadə ilə bağlı 11 mindən çox inzibati xəta faktı aşkarlanıb. Bu statistika sürücülərin bir qisminin hələ də diqqəti yayındıran bu təhlükəli vərdişdən tam imtina etmədiyini göstərir.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) NTV-yə verilən məlumata görə, mobil telefondan istifadə nəticəsində yaranan diqqətsizlik ağır yol-nəqliyyat hadisələrinə səbəb ola biləcək əsas risk amillərindən biridir. Bu təhlükənin qarşısının alınması nəzarət tədbirləri ilə yanaşı, hər bir sürücünün yol hərəkəti qaydalarına məsuliyyətlə yanaşmasından və sükan arxasında diqqətini yalnız yola yönəltməsindən asılıdır.
BDYPİ mobil telefondan istifadənin yaratdığı əsas təhlükələri bir daha xatırladıb. Bunlar aşağıdakılardır:
- Diqqətin yayınması: Telefona baxan sürücü yolda baş verənləri vaxtında qiymətləndirə bilmir, yol nişanlarını, nişanlanma xətlərini, piyadaları və digər hərəkət iştirakçılarını nəzərdən qaçıra bilir.
- Reaksiyanın gecikməsi: Telefonla məşğul olan sürücünün reaksiyası əhəmiyyətli dərəcədə ləngiyir ki, bu da qəfil yaranan təhlükə zamanı əyləc və ya manevr imkanlarını məhdudlaşdırır.
- Nəzarətin itməsi: Mobil telefona yönələn diqqət sürücünün hərəkət zolağından çıxmasına, təhlükəli manevrlər etməsinə və qarşıdakı məsafəni düzgün qiymətləndirə bilməməsinə səbəb olur.
“Unutmayaq ki, heç bir zəng, mesaj və ya bildiriş insan həyatından dəyərli deyil. Sükan arxasında məsuliyyətli davranış yalnız öz təhlükəsizliyimizi deyil, yolda olan hər bir insanın həyatını qorumaq deməkdir”, - deyə BDYPİ-dən bildirilib.
