satellite   Azerspace-1: 11135 H 30000

Dövlət Komitəsinin sədri: Xurafat və dini savadsızlığın qarşısının alınması vacibdir

Dövlət Komitəsinin sədri: Xurafat və dini savadsızlığın qarşısının alınması vacibdir

Biləsuvarda “Dinin siyasiləşdirilməsi: çağırışlar, risklər və din xadimlərinin məsuliyyəti” mövzusunda regional konfrans keçirilib.

NTV xəbər verir ki, tədbirdən öncə konfrans iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Biləsuvar şəhərində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Konfransda Dövlət Himni səsləndirilib, “Azərbaycan – sülh və harmoniya məkanı” adlı videoçarx nümayiş olunub.

Tədbirdə Dövlət Komitəsinin, Biləsuvar Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatı, ictimaiyyət nümayəndələri, ilahiyyatçılar, din xadimləri və dini icma sədrləri iştirak ediblər.

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov çıxışında bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə milli-mənəvi dəyərlərin qorunmasına, dini irsin yaşadılmasına və dövlət-din münasibətlərinin sağlam əsaslar üzərində inkişafına xüsusi diqqət göstərilir. Mövcud tolerantlıq, multikulturalizm mühiti müxtəlif dini konfessiyaların nümayəndələrinin qarşılıqlı hörmət və həmrəylik şəraitində yaşamasına imkan yaradır.

Sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət-din münasibətləri modeli Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilir. Bu siyasətin əsas nəticələrindən biri ölkəmizdə vicdan və dini etiqad azadlığının təmin olunması, konfessiyaların fəaliyyətinə şərait yaradılması, dini-mədəni irsin qorunması və ibadət yerlərinin bərpasına diqqət göstərilməsidir. Komitə sədri bildirib ki, Azərbaycanın dünyəvi dövlət modeli dini etiqad azadlığının və hüquq bərabərliyinin təmin olunmasına, ictimai sabitliyin qorunmasına xidmət edir. Eyni zamanda, dinin siyasi və ideoloji məqsədlər üçün istifadəsinin qarşısının alınması mühüm əhəmiyyət daşıyır.

Ramin Məmmədov müasir dövrdə dini sahədə mövcud olan əsas risklərə də diqqət çəkib. Bildirib ki, bu risklər sırasında dinin siyasi və ideoloji məqsədlər üçün istifadəsi, dini məlumatların təhrif olunaraq yayılması, xurafat və dini savadsızlığın genişlənməsi, eləcə də inanc və məzhəbi fərqliliklərin qarşıdurma vasitəsinə çevrilməsi xüsusi yer tutur. Bu çağırışların qarşısının alınmasında düzgün maarifləndirmənin aparılması, etibarlı məlumatların yayılması, tolerantlıq və qarşılıqlı hörmət mühitinin təşviqi zəruridir.

Diqqətə çatdırılıb ki, cəmiyyətdə həmrəyliyin qorunması və dini müxtəlifliyin qarşıdurma mənbəyinə çevrilməməsi üçün din xadimlərinin üzərinə böyük məsuliyyət düşür. Komitə sədri dini maarifləndirmənin gücləndirilməsinin, xurafat və dini savadsızlığın qarşısının alınmasının vacibliyini vurğulayıb. Qeyd edib ki, Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondu bu istiqamətdə bir çox layihələr həyata keçirir. Regional konfranslar isə dini sahədə qarşıda duran məsələlərin müzakirəsi, təcrübə mübadiləsi və praktiki təkliflərin formalaşdırılması baxımından əhəmiyyət daşıyır.

Milli Məclisinin deputatı Bəhruz Məhərrəmov çıxışı zamanı qeyd edib ki, din insanın mənəvi dünyası ilə sıx bağlı olan, cəmiyyət üçün həssas və mühüm sahələrdən biridir. Bu istiqamətdə həyata keçirilən düzgün siyasət cəmiyyətin mənəvi bütövlüyünün və dövlətin dayanıqlılığının möhkəmlənməsinə xidmət edir.

Tədbir işini “Dinin siyasiləşdirilməsinin ictimai və mənəvi fəsadları”, eləcə də “İdeoloji təhdidlərə qarşı mübarizədə din xadimlərinin rolu” mövzuları üzrə panel müzakirələrlə davam etdirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM