Cıdır düzü və onun əsl sahibləri

Cıdır düzü və onun əsl sahibləri

Düz bir il bundan əvvəl təlxək Paşinyanın sərxoş vəziyyətdə yallı getdiyi Cıdır düzünü bu günlərdə də yallı sədaları bürüdü. Amma qol açıb oynayanlar məhz oranın əsl sahibləri, yəni Azərbaycan əsgərləri oldu. Azərbaycan ordusu bununla bir daha sübut etdi ki, bu torpaqların əsl sahibləri bizlərik. Həmin kadrları sosial şəbəkələrdə yayımlanan bir gündən dəfələrlə izləmişəm, izləməkdən  də doymuram. Elə kadrlardan da məlum olur ki, Şuşa dağları Qara zurnanın cəngindən sanki dil açıb danışırdı... Dağlarımız hayqırmaq istəyirdi uca səslə: mənim igid övladlarım, xoş gəlmisiniz Vətənə! Yallı rəqsimiz sizlərə çox yaraşır. Bu Qələbə yallısının sədaları doğma torpağı da sevindirmiş, qədim musiqi alətinin səsi ucaldıqca dağ da, daş da riqqətə gəlmişdi. Uzun müddət nigaranlığa qərq olan xarıbülbül də qoşulmuşdu bu sevincə. Axı Xan Şuşinskinin, Bülbülün, Cabbar Qaryağdıoğlunun, Hacı Hüsünün, Məcid Behbudovun, İslam Abdullayevin və başqalarının sənətlərinin sehrinə şahidlik edib Şuşa dağları, elə Qara zurna çalınan kimi də başa düşmüşdülər artıq igidlərinin Cıdır düzündə yallı getdiklərini.

Yallı rəqsi ilə halay tutmaq Azərbaycan xalqına məxsus olub. Riyakar düşmən nə bilir, yallı nədir?

Bəli, bir insan tutduğu işin sonunun nə ilə nəticələnəcəyini bilmirsə, deməli  o insandan acizi yoxdur. Mənəviyyatsız düşmən etdiyi acizliyin sonunu gördü, özgə torpağında yallı getməyin nə olduğunu gec də olsa başa düşdü. Atalarımız yaxşı deyib: “Özgə atına minən tez düşər”. Riyakar düşmən də  özgə atından düşüb 30 ildən sonra gedəcəyi yeri bildi.

Diqqət etmisinizsə, həmin gün Şuşada Paşinyanın oynamağını müşayiət edən Azərbaycan xalqının qədim nəfəs, simli və zərb alətləri olan zurna, balaban, tar, kamança, dəf, nağara oldu. Həmin alətlərdə düzgün ifa etməyi belə bacarmırlar. Elə bu yerdə Bəxtiyar Vahabzadənin sözləri yada düşür. “Nəsənsə özün ol, sən özgə olursan yamsılayanda”. Deməli, torpaq da, şəhər də, məkan da, rəqs də, musiqi də, alət də məhz Azərbaycana məxsusdur...

Ölkə Prezidenti cənab İlham Əliyev xalqa müraciətində bu barədə danışarkən demişdir: ”Ermənistanın baş naziri gedib Şuşada, Cıdır düzündə rəqs edir, hesab edir ki, biz bununla barışacağıq?! Səhv edir! Heç vaxt biz bununla barışmayacağıq... Biz xeyirxah, sülhsevər xalqıq. Lakin biz öz ləyaqətimizi tapdalamağa, bizi təhqir etməyə imkan verməyəcəyik. Paşinyan Şuşada, Cıdır düzündə sərxoş halda  rəqs edəndə özünə bu gün baş verənlər barəsində hökm imzalamışdı. ”Dağlıq Qarabağ bizimdir, bizim torpağımızdır, biz oraya qayıtmalıyıq, qayıdırıq və qayıdacağıq!”  

Cıdır düzündə yallı gedən oranın əsl sahibləri oldu.

Əsgərlərimizin Cıdır düzündə etdiyi rəqsə baxdıqca güman edirdim ki, fevral ayının sonu olsaydı, bahar fəsli daha tez gələcəkdi. O, növrağını mart ayının ortalarına saxlamayacaqdı. Çünki duymuşdu artıq Vətən övladlarının isti hənirtisini. Duymuşdu artıq igidlərinin o torpaqda halay çəkdiyini. Əminəm ki, bu yaz bir başqa bahar olacaq. Gəlişi ilə ağaclarımızı, çiçəklərimizi daha da rəngarəng edəcək.

Bizim dağlarımız, başqa dağlara bənzəməz, o dağlar ki, sərxoş insanları tanımır. O dağlar ki,  Xan Şuşinskinin, Üzeyir Hacıbəylinin və daha kimlərin səsini tanıyır, həmin səslərlə qanadlanıb pərvazlanır. Bəli, biz özümüzə məxsus olan yerlərdə milli rəqsimizi oynayan bir millətik. Torpaqlarımız murdar ermənilərin rəqsini başa düşməz, o torpaqlar yalnız doğmalarının ayaq səslərinə səs verər. Şuşamızın sinəsindən süzülən Turşsu, İsa bulağı, Səkinə bulağı, İsti bulaq, Qırx bulaq, Çarıq bulaq- hər biri ayağa qalxmışdı yallı rəqsinin sədalarına... Axı igid oğullarımızın əl hərəkətlərini əzbər bilirdi doğma torpaq... O torpaqlar həsrət qalmışdı zəfər nəğməsinə. Qürur hissi ilə deyə bilirəm ki, artıq bu gün Şuşa dağları, daşları kədər örpəyini yerə atıb, xoş xəbərlər müjdəçisi olan göyərçinləri başına toplayıb, azadlığından bəhs edir onlara. Ali Baş Komandanımızın da dediyi kimi:

“Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz qayıtmışıq!

Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

Nuray Əsgərova

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM