Litvanın Müdafiə Nazirliyi, respublikanın EPSO-G dövlət enerji holdinqi və Almaniyanın “KNDS Deutschland” və “Rheinmetal Landsysteme” şirkətləri “Leopard 2 A8” tanklarının istehsalı və texniki xidməti üçün infrastrukturun inkişafı sahəsində sənaye əməkdaşlığı haqqında anlaşma memorandumu imzalayıblar.
NTV xəbər verir ki, bu barədə Litvanın Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. “Tankların mümkün qədər tez çatdırılmasının təmin olunması və müdafiə sənayesinin potensialının inkişafı üçün ölkədə “Leopard 2 A8” tanklarının yığılması barədə razılıq əldə edilib. Gələcəkdə zavodun Litvada yerləşən alman briqadasına xidmət göstərəcəyi planlaşdırılır”, - deyə məlumatda bildirilir.
Litvanın müdafiə naziri Robertas Kaunasın sözlərinə görə, bu müqavilə ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi sahəsində atılan mühüm addımdır. Tarixdə ilk dəfə olaraq Litvada NATO standartlarına cavab verən ən müasir döyüş texnikaları istehsal olunacaq və yaradılan infrastruktur onların uzunmüddətli texniki hazırlığını təmin edəcək.
Qeyd edək ki, Kaunas Azad İqtisadi Zonasında qurulacaq zavodda ilk tankların 2028-ci ilin əvvəlində konveyerdən çıxacağı gözlənilir.
