Tarixi tale: Naxçıvan, Qarabağ və İrəvan xanlıqları - FOTOLAR

Tarixi tale: Naxçıvan, Qarabağ və İrəvan xanlıqları<font color=red> - FOTOLAR</font> Tarixi tale: Naxçıvan, Qarabağ və İrəvan xanlıqları<font color=red> - FOTOLAR</font> Tarixi tale: Naxçıvan, Qarabağ və İrəvan xanlıqları<font color=red> - FOTOLAR</font>

Azərbaycanın zəngin dövlətçilik tarixinin çox mühüm və həlledici mərhələlərindən birini xanlıqlar dövrü təşkil edir. Bu dövrün başlıca səciyyəvi xüsusiyyətlərinə tarixi faktların işığında nəzər saldıqda onun Azərbaycan dövlətçiliyində hansı yerə malik olduğu tam aydın görünür. Məlum olduğu kimi, XVIII əsrin 40-cı illərində Azərbaycan ərazisində müstəqil dövlətlər qismində xanlıqlar yarandı. Şəki və Quba xanlıqları istisna olmaqla, digər xanlıqlar, əsasən 1747-ci ildə Nadir şah Əfşarın qətlindən sonra meydana gəldi. Yerləşdikləri coğrafi mövqeyə və mühüm strateji əhəmiyyətinə görə Naxçıvan, Qarabağ və İrəvan xanlıqları isə digər xanlıqlardan tamamilə fərqlənirdi. Strateji mövqeləri ilə də seçilən bu xanlıqlar bütün sahələrdə qarşılıqlı inkişaf edərək təşəkkül tapdılar. Məqalədə bir-birinə qonşu olan hər üç xanlıq barədə danışacağıq. Hər üç xanlığımız bir-biri ilə yanaşı addımlamış, dayaq olmuş, Azərbaycanda elmin, mədəniyyətin, sənətkarlıq və ticarətin inkişafına misilsiz töhfələr vermişlər.

1747-ci ildən Azərbaycan ərazisində yaranmış 18 feodal dövlətdən biri olan Naxçıvan  xanlığı milli  dövlətçilik  tariximizdə mühüm mərhələ təşkil  edərək bölgənin  inkişafında, müdafiə qabiliyyətinin gücləndirilməsində, sərhədlərin qorunub  saxlanılmasında və  inzibati idarəçiliyin  formalaşmasında  vacib tarixi missiyanı yerinə  yetirirdi.  İnzibati ərazi baxımından 2 dairədən  və 9  mahaldan ibarət olan Naxçıvan xanlığı Zəngəzur dağlarından  başlayaraq Araz çayı vadisinə qədər Qərbi Azərbaycanın  böyük  bir  hissəsi də  daxil  olmaqla 9429 kvadrat kilometrlik ərazini  əhatə edib. O dövrdə ərazisi, qoşunu, dövlət rəmzləri, bayrağı və gerbi olan  Naxçıvan xanlığında tam idarəçilik mexanizmləri formalaşaraq iqtisadiyyatın  əsas  sahələri inkişaf  edib.  Xanlıqda  Heydərqulu xan, Nəzərəli xan, Kərim xan, Ehsan xan kimi nüfuzlu dövlət və hərb xadimləri yetişib. 30 il  Naxçıvan xanlığına başçılıq edən Kalbalı xan isə müstəqilliyin möhkəmləndirilməsi üçün Qarabağ, İrəvan, Xoy, Maku, Qaradağ və Gəncə xanlıqları ilə yaxın dostluq münasibətləri yaradıb. Naxçıvan xanlığı eyni zamanda Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələ təşkil edib. Olduqca gərgin bir dövrdə yaranan bu dövlət qurumu Azərbaycanda inzibati idarəçiliyin formalaşmasına öz töhfəsini verib, xalqımıza məxsus tarixi ərazini, dili və milli mədəniyyəti qorumaqla Azərbaycan Atabəylər dövlətinin davamı  Araz –Türk Respublikasının isə sələfi kimi müqəddəs bir missiyanı yerinə yetirib.

Qarabağ xanlığının əsasını isə 1748-ci ildə Pənahəli bəy qoyaraq  özünü xan elan edir. Kür və Araz çayları arasındakı ərazini əhatə edən Qarabağ xanlığı  Şimaldan Şəki, Şamaxı, Gəncə, Qərbdən İrəvan və Naxçıvan, cənubdan isə Qaradağ və Təbriz xanlıqları ilə həmsərhəd olub.

Xanlığın əsası qoyulduqdan sonra müdafiə işini gücləndirmək məqsədilə Pənahəli xan 1748-ci ildə Kəbirli mahalında Bayat qalasını, 1751-ci ildə Tərnəkütdə Şahbulaq qalasını, 1756-cı ildə isə ən möhtəşəm müdafiə istehkamı olan Şuşa qalasını tikdirib. Şuşa qalası tarixin bütün dönəmlərində Qarabağ xanlığının iqtisadi, siyasi paytaxtına çevrilməklə müdafiə işinin möhkəmləndirilməsində mühüm rol oynayıb.

1805-ci ildə bağlanan Kürəkçay müqaviləsi ilə Qarabağ xanlığı Rusiyanın tərkibinə daxil olub. Xan hakimiyyətinin 17 il saxlanılması müəyyən strateji məqsəd olsa da, 1806-cı ildə İbrahim xanın qətli çar hökumətinin işğal rejiminin gücləndirilməsi ilə nəticələnib. Çar hökumətinin 1840-cı ilin 10 aprelində inzibati hərbi islahat keçirməsi ilə Qarabağ əyaləti Şuşa qəzasına çevrilərək Kaspi vilayətinə tabe edilib. 1846-cı il inzibati ərazi bölgüsü zamanı Şuşa qəzası yeni yaradılmış Şamaxı quberniyasına, 1867-ci ildə isə Yelizavetpol quberniyası yaradıldıqda onun tərkibinə verilib və ərazisi bölünərək burada daha üç qəza-Zəngəzur, Cavanşir və Cəbrayıl qəzaları təşkil olunub. Bununla da Şuşa qəzası vahid inzibati siyasi idarəsini itirib.

1747-ci ildə tarixi Azərbaycan torpaqları olan Çuxursəd bəylərbəyliyinin ərazisində yaradılan İrəvan xanlığı isə Ağrıdağ düzənliyini, Göyçə gölü hövzəsini və Araz çayından cənub-qərbə doğru uzanan ərazini əhatə edib. Mərkəzi eramızdan əvvəl 782-ci ildə tikilmiş İrəvan şəhəri olub. Xanlıqlar dövründə ermənilər hələ cənubi Qafqazda məskunlaşmamış və onların burada heç bir dövləti olmamışdır. Tarixin bütün dövrlərində isə azərbaycanlılar İrəvan əhalisinin etnik tərkibində əsas yer tutub.

Azərbaycanın şimal-qərbində yerləşən bu xanlıq Qırxbulaq, Zəngibasar, Gərnibasar, Vedibasar, Şərur, Sürməli, Dərəkənd, Saatlı, Talin, Seyidli-axsaxlı, Sərdərabad, Karpibasar, Abaran, Dərəçiçək, Göyçə kimi 15 mahalı əhatə edib. İrəvan xanlığını ayrı-ayrı vaxtlarda Mehdi xan, Həsənəli xan, Hüseynqulu xan və başqa hökmdarlar idarə ediblər. İrəvan şəhəri müxtəlif vaxtlarda Sasanilər xanədanının, ərəb xilafətinin, Naxçıvan şahlığı, Eldənizlər, Hülakülər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər dövlətinin tərkibinə daxil olub. 1826-1828-ci illərdə Rusiya-İran müharibəsi zamanı general Paskeviçin komandanlığı altında rus qoşunları şəhəri işğal edib və Türkmənçay müqaviləsi ilə İrəvan zorla Rusiyaya birləşdirilib. 1828-ci ilin mart  ayının 21-də isə erməni vilayəti yaradılıb və beləliklə Rusiya qərbi Azərbaycan ərazisində erməni dövlətinin əsasını qoyub. Həmin tarixdən etibarən qədim Oğuz türklərinin alınmaz qalası olan İrəvanın məqsədli şəkildə erməniləşdirilməsi planı həyata keçirilib. 1849-cu ilin iyunun 9-da İrəvan quberniyası yaradıldıqdan sonra quberniyanın mərkəzi olan İrəvan şəhəri yeni inzibati əhəmiyyət kəsb edib. Arxitektura baxımından şərqin, türk dünyasının mühüm mədəniyyət mərkəzlərindən biri olan İrəvan qalasında 60 bürc mövcud olub. İrəvandakı Sərdar sarayı, Sərdar məscidi, 17-ci əsrin nadir memarlıq abidəsi olan Göy məscid xalqımızın yaratdığı zəngin maddi-mədəniyyət nümunələrindəndir. Ümumilikdə İrəvan xanlığı ərazisində xalqımıza məxsus 310 məscid, çoxlu sayda karvansaraylar mövcud olub. Bu nadir nümunələr zamanla işğalçı ermənilər tərəfindən mədəni terrorun qurbanına çevrilib.

Çarizm Şimali Azərbaycan torpaqlarını işğal etdikcə bu torpaqlarda möhkəmlənmək üçün ərazidə əhalinin erməniləşdirilməsi siyasətini həyata keçirməyə başlayıb. 1828-ci il Türkmənçay müqaviləsindən sonra bu iş müntəzəm və məqsədyönlü xarakter alıb. Ermənilərin İrandan Şimali Azərbaycana köçürülməsi isə Türkmənçay müqaviləsinin 15-ci maddəsi ilə təsdiq olunub. 1829-cu il Ədirnə müqaviləsi ilə Osmanlı imperiyasından da ermənilərin yenicə işğal olunmuş Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirilməyə başlayıb. Köçürmənin əsas istiqamətləri Qarabağ, Naxçıvan və İrəvan əraziləri olub. Həmin vaxt Qriboyedov narahatlıq hissləri ilə Paskeviçə geniş bir məktub yazır. Məktubda deyilir: “Türkmənçay müqaviləsindən sonra ermənilərin Naxçıvan vilayətinə köçürülməsi  düşünülməmiş bir siyasətdir. Çünki rus hökumətinin belə bir köçə razılıq verməsi Naxçıvanda yerli və köklü əhalinin haqlı etirazına səbəb olur. Bu köçəcən Naxçıvanda əvvəllər çox az miqdarda-barmaqla sayılası qədər erməni yaşayıb. Türkmənçaydan sonra İrandan köçürülən ermənilərin sayı süni surətdə Naxçıvanda yaşayan köklü müsəlman əhalisinin  sayına çatdırılır”.

Qeyd etmək yerinə düşər ki, Qriboyedovun Paskeviçə göndərdiyi məktub kimi, İrəvan şəhərinin hakimi, Çuxursəd bəylərbəyi Rəvanqulu xanın 1519-cu ildə Şah İsmayıl Xətaiyə yazdığı məktub da tarixən ermənilərin Qafqaza hansı şəraitdə gəlib məskən salmalarını sübut edən rəsmi dövlət sənədi və tarixi fakt kimi müstəsna əhəmiyyətə malikdir. Ermənilərin tarixi Azərbaycan torpaqlarında məskunlaşdırılmalarını təsdiq edən mühüm sənədlərdən biri də onların İrandan Azərbaycana köçürülmələrinin 150 illiyi münasibəti ilə 1978-ci ildə Ağdərə rayonu ərazisində ucaltdıqları abidədir. Sonralar bu abidə erməni şovinistləri tərəfindən bilərəkdən dağıdılsa da, tarix və faktlar özünü hər zaman təsdiq etməkdədir. Onu da vurğulamaq lazımdır ki, bu köçürmə siyasətində çar Rusiyasının əsas məqsədi müstəmləkəçilik idarə sistemini daha da möhkəmləndirmək, əzəli Azərbaycan torpaqlarında Ermənistan dövləti yaratmaqla gələcək hərbi yürüşlərə, işğalçılıq planlarına zəmin hazırlamaq idi. Qarabağ, İrəvan, o cümlədən Naxçıvan torpaqlarında yerləşdirilən ermənilər sonrakı illərdə iddiaları ilə çoxsaylı qırğınlar törədəcək, azərbaycanlıları soyqırıma məruz qoyacaqdılar.

Azərbaycan torpaqlarında yerləşdirilən ermənilər 1905-ci ildən başlayaraq müxtəlif illərdə Azərbaycan xalqına qarşı kütləvi soyqırımlar törədirlər. Əsas məqsəd isə tarixi şəraitdən istifadə edərək Azərbaycan torpaqlarında “Böyük Ermənistan” dövləti yaratmaq idi. Xanlıqlar dövrü ilə müstəqilliyimizin ilk illəri arasında mövcud olan kədərli oxşarlıqlardan daha biri isə torpaqlarımızın itirilməsi ilə bağlıdır. Əgər Xanlıqlar dövründə Şimali Azərbaycanın çarizm tərəfindən işğalı və 1828-ci il Türkmənçay sazişinin müddəalarına əsasən ermənilərin Qarabağa, Naxçıvana və İrəvana köçürülməsi ilə yekunlaşmışdısa, ötən əsrin 90-cı illərinin əvvəlində üzləşdiyimiz vəziyyət Ermənistanın öz havadarlarının birbaşa dəstəyi sayəsində Dağlıq Qarabağı, həmçinin onun ətrafındakı 7 rayonu qəsb etməsi ilə nəticələndi. Ancaq günü-gündən güclənən, təlimlərdə öz döyüş qüdrətini artıran Azərbaycan ordusu və onun sıralarında xidmət edən Azərbaycan əsgəri 30 ildən sonra tarixi ədaləti bərpa etdi. 27 sentyabr 2020-ci il tarixdən başlanan əks-hücum əməliyyatı ilə itirilmiş torpaqlarımız düşmən tapdağından azad edildi. İndi üçrəngli ay-ulduzlu bayrağımız işğaldan azad olunmuş torpaqlarımızda, doğma Qarabağımızda, Şuşa qalasında  dalğalanır.

Qeyd etmək yerinə düşər ki, qələbənin əldə olunmasında Naxçıvanın da qəhrəman oğulları öz döyüşkənlikləri ilə Qarabağda tarix yazdılar. Xanlıqlar dövründə bir-birinə arxa duran Naxçıvan və Qarabağ igidləri XXI əsrdə bu tarixi birliyi yenilədilər. 44 gün ərzində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər düşməndən azad olundu. Düşmən texnikaları tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Darmadağın edilən düşmən təslimçi bəyanata imza atdı. Şanlı Azərbaycan ordusu Qarabağın incisi olan Şuşa şəhərini, ardınca isə 70-dən artıq kəndi və 8 strateji yüksəkliyi işğalçılardan təmizləməklə, Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi. Ağdam, Kəlbəcər, Laçın isə bir güllə belə atılmadan Azərbaycana verildi. Beləliklə, sentyabrın 27-dən başlanan müharibə möhtərəm Prezidentimizin qətiyyətli səyləri, qəhrəman əsgər və zabitlərimizin böyük hünəri sayəsində Azərbaycanın tam Qələbəsi ilə başa çatdı.

Bir sözlə, 30 il müddətində aparılan danışıqlar prosesində düşmən öz istəyini həyata keçirə bilmədi və bölgədə yeni erməni dövlətinin yaradılması planları tamamilə pozuldu.  Ermənistan məğlub dövlət kimi tarixdə özünə yer aldı. Azərbaycan isə tarixi ədaləti bərpa etdi. Artıq Azərbaycanın həyatında yeni xoşbəxt dövr başlayır. İmzalanan bəyanata əsasən yeni nəqliyyat kommunikasiyaları açılır, Naxçıvan yenidən Qarabağa, Azərbaycanın əsas ərazisinə birləşir. Son 30 ildə Naxçıvan da Qarabağın taleyini yaşamış, Azərbaycanın əsas ərazisindən ayrı düşərək blokadaya alınmışdı. Artıq blokada ağrıları da aradan qalxmaqdadır. Böyük və oxşar tarixi olan Qarabağ və Naxçıvan indi yenidən çiyin-çiyinədir.

Qədim Azərbaycan şəhəri İrəvanı da yenidən Qarabağ və Naxçıvanla qoşa görmək inamı ilə...

Vaqif Ağalarov

Naxçıvan televiziyasının  baş redaktoru

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM