Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü” münasibətilə təşkil olunan mükafatlandırma mərasimində muxtar respublikanın ictimai həyatında və yaradıcılıq sahəsində fərqlənənlər mükafatlandırılıb. Naxçıvan televiziyası 2020-ci ilin yekunlarına görə “İlin fəal xəbər saytı” nominasiyası üzrə təltif olunub.
Naxçıvan televiziyası İnformasiya Agentliyi yola saldığımız il ərzində muxtar respublikanın ictimai, iqtisadi, mədəni həyatında baş verən yeniliklərlə yanaşı, ölkədə və dünyada baş verən hadisələri də operativ və obyektiv şəkildə öz oxucusuna çatdırdı. Ordumuz cəbhədə tarix yazarkən aparılan informasiya müharibəsində ən çox oxunan, güvənilən, istinad edilən xəbər saytlarından biri də məhz Naxçıvan televiziyası oldu. Zəfərə addımlayan ordumuzun ayaq səsləri paylaşdığımız xəbərlərdə duyuldu. Xəbərlərin rəsmi mənbələrə istinad edilməsi, qərəzsizlik, xalqın və dövlətçiliyin mənafeyinin qorunması hər zaman əsas meyarımız oldu. Bu il həm də Naxçıvan televiziyası İnformasiya Agentliyi olaraq 27 ildir işğal altında olan torpaqlarımızın azad olunma xəbərini xalqımıza çatdırmağın qürurunu yaşadıq.
Qeyd edək ki, Naxçıvan televiziyası İnformasiya Agentliyi artıq 3 ildir ki, ”Ən fəal xəbər saytı” ünvanını qoruyub saxlayır. Bizi bu ada layiq görən və daim zirvədə saxlayan oxucularımıza təşəkkür edirik.
