Naxçıvanın tarixi təkcə muxtar respublikanın yaranmasından başlanmır. Bu Ulu Yurd Azərbaycanın ən qədim diyarlarından biridir, çox zəngin tarixə malik olan Azərbaycanın ayrılmaz bir hissəsidir, 5000 illik tarixi olan Azərbaycan torpağıdır. Bu tarix çox zəngin hadisələrlə doludur. Bütün bunlar Azərbaycan üçün Naxçıvanın nə qədər qiymətli, dəyərli olduğunu hər zaman göstərib, göstərir və gələcəkdə də göstərəcək. Naxçıvan qədim zamanlardan Azərbaycanın ən mötəbər bölgələrindən biri olub. Azərbaycana, o cümlədən Naxçıvana əsrlər boyu dəfələrlə yadellilərin basqını olub, müharibələr, döyüşlər zamanı insanlar qırılıb. Naxçıvan dəfələrlə tamamilə məhv olub külə dönüb, amma insanlar yenə də bu külün içindən alnıaçıq, üzüağ qalxıb Naxçıvanı yaşadıblar.
Naxçıvanın dövlətçilik tarixi çox qədimdir. Bu, Azərbaycanın dövlətçilik tarixidir. XII əsrdə Naxçıvan Azərbaycanın Atabəylər, Eldəgizlər dövlətinin, o əsrdə Azərbaycanın ən böyük, ən qüdrətli dövlətinin paytaxtı olub. Bu torpaqlarda Atabəylər dövləti 100 ildən artıq hökm sürüb və onun paytaxtı azərbaycançılığı qoruyub saxlayıb. Azərbaycanın zəngin tarixinin bu günə qədər gəlib çatan çox parlaq nümunələri var. Aparılan arxeoloji tədqiqatlar Azərbaycanın nə qədər zəngin mədəniyyətə malik olduğunu təsdiqləyir. Naxçıvan Azərbaycanda Şərq ilə Qərbin qovuşduğu yerdə həmişə karvan, ticarət yollarının ortasında olub. Bu, bir tərəfdən hər zaman Naxçıvanı inkişaf etdirib, burada həmişə böyük ticarət olub. İkinci tərəfdən də Naxçıvana müxtəlif istiqamətlərdən hücumlar edilib, müharibələr, döyüşlər olub. Naxçıvan Çingizxan ordusunun da basqınlarına məruz qalıb, döyüşüb, vuruşub, qəhrəmanlıq göstərib. Naxçıvan Teymurləngin qoşunlarının da basqınlarına məruz qalıb, vuruşub, döyüşüb. Naxçıvanın tarixi abidələri, o cümlədən bu günlərə qədər məğrur qalan Əlincə qalası və həmin qalada gedən döyüşlər Azərbaycan xalqının nə qədər cəsur, qüdrətli, vətənpərvər, vətənini sevən insanlar olduğunu dünyaya dəfələrlə nümayiş etdirib.
(12 aprel 1993-cü il)
“Bir sıra bədxah adamlar çalışırlar ki, Naxçıvanı Bakıdan ayrı salsınlar”.
“Naxçıvan əhalisini mən qoruyuram. Ən kritik halda mən bəyanat verirəm. Biz əməkdaşlıq, birlik yolundayıq”.
“Bura mənim ana torpağımdır. Mən burada doğulmuşam və burada da öləcəyəm”.
“MOSKOVSKİYE NOVOSTİ” QƏZETİNƏ MÜSAHİBƏSİ (2 may 1993-cü il) Heydər Əliyev - 70 "Allah Əliyevi xalqı xilas etmək üçün göndərib".
"MN" - "Yerli miqyaslı" siyasətlə məşğul olduğunuz Naxçıvana qayıtmağa Sizi nə məcbur etdi?
- Mən ona görə qayıtdım ki, ətrafımızda baş verən intəhasız özbaşınalığa dözə bilmirdim. 1990-cı il 20 Yanvar faciəsindən sonra, Bakıya qoşun yeridilən günün sabahı mən Moskvada mitinqdə və mətbuat konfransında çıxış edərək dedim ki, bu, Azərbaycan xalqına qarşı törədilən cinayətdir. Bu hadisələrdən sonra mən Moskvada qala bilməzdim. Mən öz xalqımla olmalı idim”.
30 oktyabr 1996-cı il
NAXÇIVAN MUXTAR RESPUBLİKASI İCTİMAİYYƏTİNİN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞDƏ NİTQİ
“Mən bu torpaqda doğulmuşam, burada təhsil almışam, buradan həyata addımlamışam, daim bu torpaqla bağlı olmuşam. Bütün dövrlərdə bu doğma torpağıma xidmət etmək üçün əlimdən gələni etmişəm. Ancaq 1990-cı ildə mən yenidən Naxçıvana gəldiyim zaman və üç il müddətində bir yerdə yaşadığımız, işlədiyimiz zaman bu torpağa olan minnətdarlığım qat-qat artdı. Şübhəsiz ki, o illər biz sizinlə birlikdə Naxçıvanın ağır dövrünü yaşadıq və Naxçıvanı böyük təhlükələrdən, bəlkə də böyük faciələrdən birlikdə xilas etdik. Bu, hamımızın birlikdə tarixi nailiyyətimizdir. Mən sizinlə bir idim, siz də mənimlə bir idiniz və bizim bu birliyimiz, dəyanətimiz, dözümlüyümüz, fədakarlığımız Naxçıvan Muxtar Respublikasının əhalisini o ağır dövrdən, demək olar ki, müvəffəqiyyətlə keçirdi. O dövr böyük sınaq dövrü oldu, naxçıvanlıların böyük bir sınaqdan keçməsi dövrü oldu, insanların öz torpağına, vətəninə sədaqətinin sınaqdan keçməsi oldu. Mənim üçün sınaq dövrü oldu və sizin üçün də sınaq dövrü oldu. Biz bu sınaqdan çox böyük şərəflə çıxdıq”.
Naxçıvanda çox böyük quruculuq işləri aparılır
Bəli, biz bu sınaqdan birlikdə şərəflə və qalib çxıdıq! Azərbaycan, eləcə də onun ayrılmaz parçası olan Naxçıvan böyük təbii sərvətlərə, iqtisadi və intellektual potensiala malikdir. Bu potensialdan səmərəli istifadə edib insanların güzəranını yaxşılaşdırmaq üçün onu sadəcə hərəkətə gətirmək lazım idi. Bu müqəddəs vəzifəni öncə ulu öndər Heydər Əliyev, daha sonra Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev ləyaqətlə yerinə yetirir.
Dahi adamlar qarşılarına çıxan istedadlı insanlar üçün hər zaman sevinc və fərəh hissi keçirirlər. Dahi şəxsiyyət Heydər Əliyevin qarşısına çıxan belə istedadlı şəxslərdən biri də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovdur. Vasif Talıbov oz xalqına, vətəninə yorulmadan xidmət edən, xalqının sevinci, kədəri ilə yaşayan bir şəxsiyyətdir.
Bu qədim diyarda insanlar abadlığın, səliqə-səhmanın ləzzətini hiss edirlər. Günü-gündən inkişaf edən Naxçıvan Muxtar Respublikası bütün sahələrdə böyük nailiyyətlər əldə edib. Bu inkişaf bu gün biz gəncləri gələcəyə ümidləndirir və bizə böyük qürur hissi verir.
Ölkə başçısı cənab İlham Əliyevin muxtar respublikaya səfəri zamanı sürətlə gedən inkişafı qiymətləndirərək deyib: “Naxçıvanda çox böyük quruculuq işləri aparılır. Burada gedən quruculuq, abadlıq işləri, yeniləşmə, infrastruktur layihələri-bütün bunlar məni sevindirir”.
Bəli, bütün bunlar biz naxçıvanlıları da çox sevindirir və qürurlandırır. Hər dəfə doğma yurda ayaq basanda hansısa bir yeniliklə qarşılaşmamaq mümkün deyil. Bu qədim diyarın hansı guşəsinə getsəniz, yüksək zövqlə həyata keçirilən abadlıq-quruculuq işlərinin şahidi olacaqsınız.
QƏDİM YURDUN ŞUŞA FATEHLƏRİ
Yüzilliklər ərzində ağrılı-acılı günlərdən hər zaman alnıaçıq çıxan bu ulu diyarın oğullarının Azərbaycanın 30 illik erməni əsarətində qalan, hər zaman adı çəkiləndə sinəmizin göynədiyi Qarabağın azadlığa qovuşmasında, mədəniyyət beşiyimiz Şuşanın azadlığa qovuşmasında imzası var. Vətən torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək qəhrəmanlıq tariximizin şanlı səhifələrini yazan şəhidlərimizin xatirəsi ürəklərdə əbədi yaşayacaq. Onların döyüş yolu, göstərdikləri şücaət və vətənpərvərlik hər zaman gənc nəsil üçün nümunə olacaq. Ümummilli liderimiz Heydər Əliyevin də dediyi kimi: “Vətənin, ölkəmizin müdafiəsi uğrunda şəhid olmuş insanların adı daim qəlbimizdədir, onların xatirəsi bizim üçün əzizdir, onlar bizim üçün unudulmazdır”.
"Mən istəyirəm ki, gənclərimiz vətənpərvər, peşəkar, bilikli, savadlı olsunlar, Vətən sevgisi ilə böyüsünlər. Bunu etmək üçün bütün tədbirlər görülür", - deyən ölkə rəhbərimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyev bütün varlığı ilə hər zaman ölkə vətəndaşlarının, Azərbaycan gəncliyinin, qeyrətli vətən oğullarının yanında olub. Vətən - doğma diyar, ana yurd, ata-babalarımızın əmanəti, tariximiz, ənənəmiz, azadlığımızdır. Vətən müqəddəsdir! Ata-babalarımız bu torpaqlarda yaşayıb-yaradıb, onu becərib, qoruyub, onun uğrunda vuruşublar. Onlar bu torpaqlar uğrunda canlarından keçib, şəhidlik zirvəsinə yüksəliblər.
Ali Məclisin Sədri deyib: “2020-ci ilin 27 sentyabr - 8 noyabr tarixlərində Azərbaycan işğal altındakı torpaqlarımızı azad etmək məqsədilə Vətən müharibəsinə başlayıb və tarixi Qələbə qazanıb. Şanlı Qələbəmiz ulu öndər Heydər Əliyevin yolunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsində mümkün olub. Belə bir fikir vardır ki, döyüş meydanında qələbənin qazanılması üçün hərbi və iqtisadi güclə bərabər, Vətən sevgisi və milli birlik də vacibdir. Vətən müharibəsi Azərbaycanda lider-xalq-dövlət birliyinin daha bir ifadəsi oldu”.
Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Ən böyük potensial bizim insanların Vətənə, torpağa bağlılığı, Vətəni, torpağı sevməsi və onu qorumaq hissidir”.
İkinci Qarabağ müharibəsində Azərbaycan dövlətinin ən böyük gücü də iqtisadi və hərbi qüdrəti ilə yanaşı, həm də malik olduğu vətənpərvər insanları oldu. İgid oğullarımız əsl vətənpərvərlik nümunəsi göstərərək xalqımıza böyük Zəfər qazandırdılar. Bütövlükdə Vətən müharibəsi Azərbaycan tarixinin Zəfər salnaməsinə çevrildi. Bu salnamə gələcək nəsillər üçün vətənpərvərlik, milli birlik və həmrəylik nümunəsidir.
Azərbaycanda və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasında şəhid adı uca tutulur, şəhid ailələrinə və sağlamlığını itirən müharibə iştirakçılarına qayğı göstərilir, onlara mənzillər və avtomobillər təqdim edilir. “8 Noyabr - Zəfər Günü ərəfəsində Naxçıvanda şəhid ailələrinə və qazilərə yeni mənzillərin və avtomobillərin təqdim olunması da bu tədbirlərin davamıdır”,- deyən Ali Məclisin Sədri çıxışını ölkə Prezidentinin fikirləri ilə tamamlayıb: “Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi... İndi isə bizim üçün yeni dövr başlayır – quruculuq dövrü... Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək”.
ZƏFƏRİ BİZƏ YAŞADANLARA DƏRİN EHTİRAM
Şəhid ailələri və sağlamlıqlarını itirən qazilərimiz hər zaman diqqət və qayğı ilə əhatə olunublar. Prezident İlham Əliyev 2021-ci il sentyabrın 23-də imzaladığı “Naxçıvan Muxtar Respublikası ərazisində yaşayan Vətən müharibəsi ilə əlaqədar şəhid ailəsi statusu alan, habelə müharibə ilə əlaqədar əlilliyi müəyyən edilən şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması haqqında” Sərəncamı ilə 1 milyon manat vəsait ayrılıb. Həmçinin 2020-ci il dekabrın 14-də muxtar respublikada Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu yaradılıb. 2021-ci ildə ölkə Prezidentinin müvafiq Sərəncamı ilə ayrılan və dəstək fondunun vəsaitləri hesabına muxtar respublikada 28 şəhid ailəsi və qazi mənzillə, 28 Vətən müharibəsi iştirakçısı avtomobillə təmin olunub, müvafiq kateqoriyadan olan 23 şəxsin müalicə və müayinəsinə köməklik göstərilib, şəhid ailələri və qazilərdən 17-nin kredit borcu ödənilib, 25-nin isə mənzilləri təmir olunub. Şəhid ailələrinə verilən 2 və 3 otaqlı mənzillər Sədərək rayonunun Heydərabad, Kəngərli rayonunun Qıvraq qəsəbələrində, Şərur, Babək və Naxçıvan şəhərlərindəki yaşayış binalarında yerləşir. Tam təmir olunan mənzillərə mebel dəstləri qoyulub, lazımi kommunal şərait yaradılıb.
QURUCULUQ DÖVRÜ: GƏLƏCƏYƏ APARAN YOLLARIMIZ BİRLƏŞİR
İşğalda qaldığı 30 il ərzində düşmən torpaqlarımızda vəhşilik, talançılıq, vandalizm törədib. Bu gün isə Azərbaycan dünyaya sürətlə həyata keçirilən quruculuq nümunəsi göstərir. Bölgədə yeni geosiyasi vəziyyət yaranıb və onun da müəllifi Azərbaycandır. Azərbaycan üçün postmüharibə dövrünün ən aktual mövzusu həm də kommunikasiyaların açılması, nəqliyyat dəhlizlərinin bərpasıdır. Xüsusən də Zəngəzur dəhlizinin aşılması ilə bağlı məsələ regionda yaranan yeni reallıqlarla bağlıdır. Bu reallığı Azərbaycan dövləti və onun müzəffər Ordusu yaradıb.
Qurtuluş günündə Prezident İlham Əliyev və Rəcəp Tayyib Ərdoğanın Şuşa bəyannaməsini imzalaması böyük əhəmiyyət kəsb edir. Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlinin Türkiyənin Cümhuriyyət bayramı ərəfəsində qoyulması bir daha təsdiqləyir ki, gələcəyə aparan yollarımız da birləşir!
Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı siyasəti Azərbaycan tarixinin çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi soydaşlarımızı öz tarixi torpaqlarından qovmaqla əzəli Azərbaycan ərazilərində ermənilərin uydurduqları “Böyük Ermənistan” dövləti yaratmaq idi. Lakin ermənilər üçün bu xəyal olaraq qaldı. O ki qaldı Zəngəzur məsələsinə...16-cı əsrdə Osmanlı dövlətinin tərtib etdiyi “İrəvan vilayətinin müfəssəl dəftəri”ndə Zəngəzurun 94 kəndindən yalnız 4-ündə, 1727-ci ilin “Naxçıvan sancağının müfəssəl dəftəri”ndə isə 18 kənddə qeyri-müsəlmanların yaşadığı qeyd olunur. Zəngəzurun etnik tərkibində əsaslı dəyişiklik XIX əsrin əvvəllərindən başlayıb. Gülüstan və Türkmənçay müqavilələrindən sonra ermənilər kütləvi şəkildə Zəngəzura köçürülüb. Təkcə Türkmənçay müqaviləsinə əsasən, İrandan köçürülən 8249 erməni ailəsindən 1300-ü Qarabağda və Zəngəzurda yerləşdirilib, nəticədə bölgənin demoqrafik vəziyyəti ciddi dəyişikliyə məruz qalıb.
Erməni müəllifi Stepan Zavaryan "Qarabağda iqtisadi vəziyyət və 1906-1907-ci illər aclığı" əsərində yazır ki, ermənilər həmin illərdə təkcə Zəngəzur qəzasında 43 müsəlman kəndini dağıdıblar. Müəllif həmyerlilərinin törətdiyi bu qırğınları barbarlıq kimi xarakterizə edib. Erməni quldur dəstələri təkcə 1917-ci ildə Zəngəzur qəzasında 109 kəndi dağıdıb, əhalini doğma yurd-yuvasından didərgin salıb. 1918-ci il yanvarın 10-dan 13-dək Zəngəzurun Mülk, Pulkənd və Qarakilsə kəndlərində 200-dən çox azərbaycanlı öldürülüb. Ümumilikdə isə, həmin dövrdə erməni quldurları Urud, Darabas, Ağadu, Vağudi, Arıqlı, Şukər, Məlikli, Şəki, Qızılcıq, İrmis, Pəhlili, Kürdlər, Xotanan, Sisyan, Zabazadur, Çullu, Bağırbəyli, Müsəlmanlar, Qatar və digər kəndləri dağıdaraq 500 azərbaycanlını qətlə yetiriblər.
1918-ci il iyunun 4-də Türkiyə ilə Ermənistan arasında Batum müqaviləsinə əsasən, Ermənistanın ərazisi təqribən 10 min kvadratkilometrə bərabər idi. Həmin vaxt Azərbaycanın ərazisi Ermənistan və Gürcüstan arasında mübahisəli ərazilər də daxil olmaqla, təqribən 114 min kvadratkilometr təşkil edirdi. Azərbaycanın tərkib hissəsi olan Zəngəzurun ərazisi mübahisəli ərazilərə daxil deyildi. Lakin Ermənistan əldə edilən razılaşmalara məhəl qoymasa da, yeni əsrdə Qarabağla yanaşı, Zəngəzurda da tarixi ədalət geri qayıdır. Azərbaycan və Türkiyə arasında Qars-İğdır-Naxçıvan dəmiryolu layihəsinin icrası bu region üçün çox önəmlidir. Qars-İğdır-Aralık-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu xətti layihəsinin həyata keçirilməsi Naxçıvan Muxtar Respublikasının ixrac imkanlarını artıracaq və Naxçıvanı bölgənin mühüm tranzit mərkəzinə çevirəcək. Bu layihə Naxçıvanı Çin, Avropa ölkələri, eyni zamanda Fars körfəzi ölkələri ilə birləşdirəcək. Bu, həm də Dəmir İpək Yolunun bərpası deməkdir.
Bəli, biz Qarabağımızı, Şuşamızı qaytardıq və ora qayıtdıq. Torpağın canı, ruhu kimi. Biz torpaqlarımıza həyatı qaytarırıq. Bu, şəhidlərimizin ruhuna ən böyük minnətdarlıq nişanəsidir.
Röya Bənənyarlı
Azərbaycan Televiziyasının əməkdaşı
"İki sahil" qəzeti