Koreya yarımadasında və ona bitişik regionda qüvvələr paritetinin pozulması müharibəyə gətirib çıxaracaq, ona görə də Şimali Koreya həmişə öz nüvə arsenalını gücləndirmək xəttinə sadiq qalacaq.
NUHÇIXAN xəbər verir ki, bunu Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin şöbə müdirinin müavini, ölkə lideri Kim Çen Inın bacısı Kim Yo Conq deyib.
"Bu gün Koreya yarımadasında və regionda düşmənlərlə bizim aramızda güc paritetinin pozulması - bu, dərhal müharibə deməkdir. Bu, inkar edilə bilməyən obyektiv reallıqdır", - Koreya Mərkəzi Xəbər Agentliyi onun sözlərini sitat gətirib.
O xatırladıb ki, ABŞ, Yaponiya və Koreya Respublikası noyabrın 3-də döyüş təyyarələri və B-1B strateji bombardmançı təyyarənin iştirakı ilə təlimlər keçirib və bu təlim zamanı onlar “dərhal və dəqiq zərbə endirməyi” məşq ediblər. "Bu, ölkəmizin düşmənlərinin təhlükəli, aqressiv təbiətinin daha bir aydın, təsirli izahıdır", - deyə Kim Yo Conq əlavə edib.