Ukraynanın NATO-ya üzv olmaq istəməsinə bir söz deyə bilmərik, ancaq çox realist olmalıyıq.
Naxçıvan televiziyası "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Bloomberg”ə müsahibəsində bildirib.
Ukraynanın NATO-ya daxil olması ilə bağlı ABŞ Prezidenti Donald Trampın yanaşmasını dəyişib-dəyişdirməyəcəyi ilə bağlı suala Hakan Fidan belə cavab verib: "Əvvəlki administrasiyanın da Ukraynanın NATO-ya üzv olmasının tərəfdarı olub-olmamasından əmin deyiləm. Ona görə də bu məsələdə yeni siyasətin olduğunu düşünmürəm”.
Onun sözlərinə görə, Ukraynanın NATO-ya mümkün üzvlüklə bağlı avropalı tərəfdaşları və ukraynalı dostları ilə müzakirələrini də başa düşmək lazımdır: “Ukrayna bunu təkcə NATO-ya üzv olmaq üçün deyil, həm də öz ölkəsinin təhlükəsizliyini təmin etmək üçün tələb edir”.
Nazir bildirib ki, ölkəsinin bu məsələ ilə bağlı rəsmi mövqeyi belədir: “Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın açıqladığı kimi, Ukraynanın NATO-ya üzv olmaq istəməsinə bir söz deyə bilmərik, ancaq çox realist olmağa məcburuq”.
