Berlində HAMAS terror təşkilatına üzv olmaqda və dövlətə təhlükə yarada biləcək zorakılıq aktları planlaşdırmaqda ittiham olunan üç nəfər saxlanılıb.
NTV “Spiegel” qəzetinə istinadla xəbər verir ki, Federal Baş Prokurorluğun məlumatında şübhəlilərin HAMAS-ın tapşırığı ilə Almaniyada silah-sursat topladıqları, yəhudi və İsrail obyektlərinə hücumlar plandaşdırmaq niyyətində olduqları bildirilib.
Saxlanılanlar 36 yaşlı Livan əsilli alman vətəndaşı, 43 yaşlı Livan vətəndaşı və 44 yaşlı Suriyadan olan alman vətəndaşıdır. Əməliyyat zamanı “Glock” markalı tapança, AK-47 tipli avtomat və bir neçə yüz patron aşkarlanıb.
Eyni zamanda, Leyptsiq və Şimali Reyn-Vestfaliya əyalətinin Oberhauzen şəhərində axtarış tədbirləri həyata keçirilib.
Federal Baş Prokurorluq şübhəlilər barəsində xarici terror təşkilatına üzv olmaq, dövlətə təhlükə yarada biləcək zorakılıq aktları hazırlamaq ittihamını irəli sürüb.
