satellite   Azerspace-1: 11135 H 30000

BMT: Rəqəmsal texnologiyalar və demoqrafik dəyişikliklər sosial-iqtisadi bərabərsizlikləri dərinləşdirə bilər

BMT: Rəqəmsal texnologiyalar və demoqrafik dəyişikliklər sosial-iqtisadi bərabərsizlikləri dərinləşdirə bilər

BMT-nin dərc etdiyi yeni hesabatda qeyd olunur ki, süni intellekt və rəqəmsal texnologiyalardan tutmuş bərpaolunan enerjiyə və demoqrafik dəyişikliklərə qədər sürətli transformasiyalar dünya iqtisadiyyatlarını yenidən formalaşdırır, yeni imkanlar yaradır, eyni zamanda sosial-iqtisadi bərabərsizlikləri dərinləşdirmək təhlükəsi doğurur. Bu dəyişikliklərdən faydalanmaq üçün tez-tez ixtisaslaşmış bacarıqlar və ən son texnologiyalara çıxış tələb olunur ki, bu da əlverişsiz şəraitdə yaşayan icmaları geridə qalmaq riski ilə üz-üzə qoyur.

NTV BMT-nin məlumatına istinadla xəbər verir ki, hesabata görə, qadınlar, gənclər, yaşlılar, əlilliyi olan şəxslər, miqrantlar, yerli xalqla, aşağı gəlirli icmalar xüsusilə həssasdırlar. Bu kontekstdə hökumətlərə həmin transformasiyaların hər kəsə faydalı olmasını təmin etmək üçün tövsiyələr verilir.

BMT-nin İqtisadi və Sosial İşlər Departamentinin (DESA) hesabatında vurğulanır ki, sosial inklüzivlik mənəvi zərurətdir, eyni zamanda iqtisadi zərurətdir. Marjinal qruplara imkanların genişləndirilməsi məhsuldar işçi qüvvəsini genişləndirir, insan kapitalını gücləndirir, innovasiyanı və sahibkarlığı inkişaf etdirir, əmək bölgüsünü yaxşılaşdırır.

Baş katib Antonio Quterreş hesabatın təqdimatı üçün video mesajında bildirib: “İnklüziv cəmiyyətlər daha məhsuldar, dayanıqlı və firavandır”.

Hesabatda vurğulanır ki, əsas sistemlərdən kənarda qalanlar sonradan yetişmək üçün daha sərt maneələrlə üzləşəcək və bu səbəbdən sosial inteqrasiya istiqamətində təcili tədbirlər də görülməlidir.

BMT qeyd edir ki, süni intellekt əmək bazarlarını dəyişdirdikcə, hökumətlər yalnız yeni iş yerlərinin yaradılmasına diqqət yetirmək əvəzinə, işləri dəyişdirilə bilən insanlar üçün davamlı təlim və yenidən ixtisasartırmaya investisiya qoymalıdır. Eynilə, bərpaolunan enerjiyə keçid prosesi də yenidən hazırlıq, alternativ məşğulluq imkanları və sosial yardım vasitəsilə fosil yanacaqlardan asılı olan işçilərə və icmalara dəstəyi əhatə etməlidir. Rəqəmsal uçurumu aradan qaldırmaq üçün hökumətlər əlverişsiz vəziyyətdə olan icmalarda internetə, rəqəmsal infrastruktura və texnologiya təliminə çıxışı genişləndirməlidir.

Son əsas tövsiyələrdən biri də iqtisadi artımı ölçmək üçün ÜDM-ə etibar etməyi dayandırmaq, habelə yoxsulluğun azaldılması, təhsil və səhiyyə xidmətlərinə çıxış, məşğulluq, ətraf mühitin qorunması yolu ilə irəliləyişi qiymətləndirməkdir. BMT iddia edir ki, əhalinin yalnız kiçik bir hissəsinə fayda verən iqtisadi artım inklüziv hesab edilə bilməz.

BMT-nin Baş katibi xəbərdarlıq edib ki, dünyanın ən yoxsul ölkələrinin təxminən yarısı ya borc böhranı içindədir, ya da yüksək risk altındadır, habelə gəlirə nisbətən faiz ödənişləri yüksək səviyyədədir. O, liderləri keçənilki Doha Sosial İnkişaf Siyasi Bəyannaməsi və Sevilya İnkişafın maliyyələşdirilməsi ilə bağlı öhdəlikləri yerinə yetirməyə çağırıb. A. Quterreş, həmçinin inkişaf etməkdə olan ölkələri daha yaxşı təmsil etmək və onlara xidmət göstərmək üçün beynəlxalq maliyyə qurumlarında islahatların aparılmasını tələb edib. “Transformasiyalar labüddür. Bərabərsizlik və təcrid qaçılmaz deyil. Gəlin birlikdə çalışaq ki, dünyamızı yenidən formalaşdıran dərin transformasiyalar ədalət, ləyaqət və hamı üçün imkanlara əsaslanan cəmiyyətlərin qurulmasına kömək etsin”, -deyə BMT-nin Baş katibi bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM